Qadın etirazlarının qarşısı nəyin bahasına olursa olsun alınmalıdır...

21 Noyabr 2023 00:01 (UTC+04:00)

...Bir zamanlar kişinin üstün olduğuna inanırdım. Sonra evləndim və həyat yoldaşım bu inancımı məhv elədi.

Bəli, düz tapdınız, amerikalı komik aktyor Cak Lemmona aiddir bu sözlər.

Hə, nədən danışacaqdıq?

Deməli, ötən gündən başlayaraq, Rusiya vilayətlərinin vitse-qubernatorlarına səfərbər olunanların arvadlarının və digər qohumlarının əhval-ruhiyyəsini diqqətlə izləmək tapşırılıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə həftəsonu Moskva yaxınlığındakı Senej İdarəetmə Seminarında baş tutan daxili siyasət seminarında danışılıb.

...Qeyd edək ki, seminar əsasən qarşıdan gələn 2024-cü il seçki kampaniyasına həsr olunub. Deməli seminarda əsas tapşırıq qubernatorlara nəyin bahasına olursa olsun xarici etirazı dayandırmaq tapşırığı verilib.

“İnandırın, söz verin, ödəyin. Nə qədər ki, küçəyə çıxmasın, istənilən miqdarda, hətta 50 nəfər olsun”, - mənbə bildirib.

Seminarın təşkilatçıları qeyd ediblər ki, hərbçilərin yaxınlarının mümkün etirazları “Rusiyada prezident seçkiləri öncəsi istifadə edilə biləcək risk faktorudur”.

Xatırladaq ki, son vaxtlar bir sıra regionlarda rusiyalı çağırışçıların arvadlarına Ukrayna müharibəsi zamanı ərlərinin tərxis olunmasını, rotasiyasının təmin edilməsini, məzuniyyətin verilməsini və ya təchizatının yaxşılaşdırılmasını tələb etmək niyyətində olduqları aksiyaların keçirilməsinə icazə verilməyib.

Yeri gəlmişkən, SİA ötən gün bu barədə yazmışdı və beləliklə...

...Novosibirskdə yerli mədəniyyət mərkəzində qapalı iclas keçirilib. İclasda rəsmilər icazəsiz ictimai tədbirlərə görə qadınları təqib edəcəkləri ilə hədələyir.

...Krasnoyarskda səfərbər olanların arvadları Ukrayna müharibəsində hərbçilərin rotasiyası üçün mitinq təşkil etmək cəhdinə görə hədələnib. Onları Ukrayna Silahlı Qüvvələrində işləməkdə ittiham etməyə başlayıblar.

...Sankt-Peterburq hakimiyyəti səfərbər olunanların yaxınlarına Saray meydanında mitinq keçirməyə icazə verməyib.

...Moskva meriyası, həmçinin səfərbər olanların yaxınlarının evə qayıtması üçün mitinq keçirməsinə icazə verməkdən imtina edib və bunu “koronavirus məhdudiyyətləri” ilə izah edib.

Ağasəf Babayev