Rusiyada “dezertir”lərə qarşı cəzalar sərtləşdirilir...

20 Noyabr 2023 19:15 (UTC+04:00)

...İrkutsk Qarnizonu Hərbi Məhkəməsi bazar ertəsi kapitan Timofey Kopeikini hərbi xidmətdən yayınmaqda təqsirli bilib. O, ciddi rejimli koloniyada 5,5 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə 2-ci Şərq Hərbi Məhkəməsi məlumat yayıb.

Məhkəmənin məlumatına görə, 18 yanvar 2023-cü ildə Kopeikin vəzifə yerinə gəlməyib və təxminən altı ay İrkutskda hərbi hissənin komandanlığından və hökumət orqanlarından gizlənib. 2023-cü il iyulun 14-də Kopeikin İstintaq Komitəsinin hərbi istintaq idarəsinin müstəntiqi tərəfindən saxlanılıb.

SİA-nın əldə etdiyi məlumata görə, məhkəmə Kopeikini kapitan hərbi rütbəsindən də məhrum edib.

Yeri gəlmişkən, son zamanlar Rusiya məhkəmələri mütəmadi olaraq hərbi hissəni tərk etmiş hərbi qulluqçulara hökm çıxarır.

Rusiyalı hərbi hüquqşünas Maksim Qrebenyuk hesab edir ki, “samovolka” üçün şərti cəzalar hərbçiləri Ukraynadakı döyüş bölgəsinə göndərə bilmək üçün verilib.

Xatırladaq ki, 2022-ci ilin sentyabrında Ukraynaya qarşı müharibəyə səfərbərliyin başlaması ilə Rusiya hakimiyyəti əmrlərə tabe olmama, komandiri döymə, bölməni tərk etmə, hərbi xidmətdən yayınma, xidmət qaydalarını pozma və hərbi əmlakın itirilməsinə görə cinayət cəzalarını sərtləşdirib.

Belə ki, indi əksər maddələrdə 10-15 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Ağasəf Babayev