Yens Stoltenberq Bosniya və Herseqovinada görüşlər keçirib

20 Noyabr 2023 18:17 (UTC+04:00)

NATO-nun baş katibi Yens Stoltenberq Bosniya və Herseqovinadakı separatçı ritorika və xarici faktorlardan narahat olduqlarını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, Yens Stoltenberq Qərbi Balkan turunun ilk dayanacağı olan Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Nazirlər Şurasının sədri Borjana Kristo ilə görüşüb.
Görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında çıxış edən Yens Stoltenberq NATO-nun Bosniya və Herseqovinanın üzvlük prosesini dəstəklədiyini və dəstəkləməyə davam edəcəyini ifadə edərək "Bosniya və Herseqovina və bölgədəki təhlükəsizlik vəziyyətini müzakirə etdik. NATO Bosniya və Herseqovinanın suverenliyi və ərazi bütöblüyünü dəstəkləyir''.
Yens Stoltenberq deyib: "Biz Bosniya və Herseqovinadakı separatçı ritorika və xarici faktorlardan narahatıq. Xüsusilə Rusiyanın. Bu vəziyyət sabitliyi və islahatları təhlükə altına qoyur. Bütün liderlər birlik və inkişaf üçün çalışmalıdır. NATO illərdir Bosniya və Herseqovinada sabitlik üçün çalışır''.
NATO-nun Avropa İttifaqının Bosniya və Herseqovinadakı sülhməramlı missiyasına (EUFOR Althea) dəstəyini davam etdirdiyini ifadə edən Yens Stoltenberq deyib: "Hər bir ölkə heç bir kənar müdaxilə olmadan öz təhlükəsizlik tənzimləmələrinə qərar verməlidir. Bosniya və Herseqovinanı Avropa İttifaqına tam hüquqlu üzvlük prosesində əldə etdiyi irəliləyişə görə təbrik edirəm''.
Kristo da öz növbəsində NATO-ya üzvlük məsələsində Bosniya və Herseqovinanın bütün lazımi öhdəlikləri yerinə yetirməyə davam edəcəyini vurğulayaraq deyib:"NATO ilə əməkdaşlıq bizə təhlükəsizliyimizi qorumaq və müdafiə qabiliyyətimizi gücləndirmək üçün son dərəcə əhəmiyyətli imkanlar təqdim edir".

Bosniya və Herseqovinanın üzvlük fəaliyyət planı (MAP) çərçivəsində iştirakçı ölkə olduğunu bildirən Kristo NATO-nun Bosniya və Herseqovinanın müdafiə qabiliyyətini artıracaq yardım paketini təsdiqləməsi münasibətilə Yens Stoltenberqə təşəkkür edib.
Yens Stoltenberqin Qərbi Balkan turu çərçivəsində Kosovoya da səfər edəcəyi bildirilib.

Qeyd edək ki, Yens Stoltenberq sabah Serbiyada danışıqlar aparacaq daha sonra isə Şimali Makedoniyaya gedərək paytaxt Skopyedə NATO-ya üzv ölkələrin regiondakı liderləri ilə görüşəcək.