Erməni cəmiyyətinə ünvanlanan RİTORİK SUALLAR - TƏHLİL

20 Noyabr 2023 17:16 (UTC+04:00)

Silah əldə etdikləri barədə haylar qədər hər dəfə hay-küy qoparan toplum, Ermənistan qədər bunu nümayişkəranə şəkildə edən ölkə yoxdur. Sonuncu dəfə Fransadan aldığı 20 ədəd zirehli transportyor barədə aləmə car çəkən Ermənistan və həmin ölkənin mətbuatıdır. Bu şəkildə hay-küy salmaq, silah alındığı barədə məlumatı yaymaq işğalçı ölkənin nəyinə lazımdır, deyə bir sual hər kəsi düşündürür. Hərbi texnikanın, silah-sursatın alınması ilə oyünmək fikrindədirlər, yoxsa bununla təskinlik tapırlar? Hər halda, bu ritorik suallar mahiyyəti açıb ortaya qoymaq üçün olduqca vacibdir.

Əldə etdikləri zirehli transportyorları ermənilər elə təqdim edirlər ki, elə bil Fransanın silah arsenalı yığıb-yığışdırılıb Ermənistana gətirilib. Halbuki cəmi 20 ədəd zirehli transportyorlar əldə ediblər. Hələ o da bilinmir ki, gətirilən zirehli transportyorlar döyüşə yararlıdır, yoxsa yox. Yaxud gətirilən hərbi texnikanın nə dərəcədə imkanlara malik olduğu da sual doğuran məqamdır. Şübhə etmirik ki, eyni indiki kimi pulsuz şəkildə Rusiyadan aldıqları silahların döyüş meydanında yararsız olduğunu bir zaman bəyan edən ermənilər eyhamı çox yaxşı başa düşərlər. Çox güman ki, həmin zirehli maşınlar elə şəxsən Nikol Paşinyan əleyhinə təşkil oluna bilən etiraz aksiyalarını yatırmaq üçün ermənilərin özlərinə qarşı istifadə edilməyə yararlı ola bilər. Hətta onların məhz elə etiraza aksiyalarını dağıtmaq, etirazçıları qovmaq üçün gətirilməsi daha inandırıcı versiyadır. Əvvəla ona görə ki, 20 ədəd zirehli transportyor döyüş, müharibə üçün indiki dövrdə çox az sayda hərbi texnika deməkdir və sonuncu anti-terror tədbirləri zamanı Ermənistan tərəfinin cəmi bircə sutkadan da az müddət ərzində itirdiyi, erməni əsgərlərin qoyub qaçdığı hərbi texnikanın sayı ilə müqaisədə çox gülünc saydadır. Digər tərəfdən də, Paşinyan başa düşür ki, Rusiyanın son dərəcə qıcıqlanması fonunda İrəvanda etiraz dalğasının qalxması an məsələsidir və erməni baş nazir fransızların göndərdikləri texnikanın istifadəsini elə həmin etirazların yatırılması üçün çox güman ki, nəzərdə tutur. Halbuki, ermənilər zirehli transportyorların göndərildiyinə görə bərk sevincək olublar və həvəslə bu barədə aləmə car çəkirlər.

Hindistandan hərbi yardım aldıqları barədə hay-küy salan haylar buna görə də əbəs yerə sevincək olublar. Silah-sursat alındığı barədə pafosla car cəkənlər özləri hamıdan yaxşı bilirlər ki, Hindistandan alınan cəmisi 150 min qumbaradır. Axı bu barədə özləri məlumat yayıblar və bilməmələri mümkün də deyil. Bilirlər ki, bu zamana qədər Rusiyadan aldıqları qumbaraları, ruslardan əlləri üzüldükdən sonra indi də Hindistandan alıblar və yeni nə isə artırmayıblar. Elə isə kimə nə göstərmək istəyirlər və bununla loğalanmaqmı fikrindədirlər? Yəni, həqiqətən də düşünürlər ki, 150 min ədəd qumbara onları “arzularına çatdıracaq” və bununla da iş bitəcək? Yəqin ki, 44 günlük müharibə zamanı Azərbaycanın döyüş qabiliyyətini və hərbi-texniki imkanlarını görənlər çətin ki, belə düşünə bilələr. Ordumuzun hər baxımdan müqaisəyə gəlməyəcək dərəcədə üstünlüyü fonunda qumbara almaqlarına görə sevincək olmaq çox, özü də həddindən artıq gülünc məqam deyilmi?

Araqatsotn vilayətinə bir neçə il bundan əvvəl etdiyi səfər zamanı Nikol Paşinyanın Rusiyadan alınan Su-30SM təyyarəsində bir selfi çəkdirdiyini yaxşı xatırlayırıq. Hətta onun fotoşəkildə necə həyasızcasına qımışdığı, yəni güldüyü də yaddan çıxan deyil. O da yaddan çıxan deyil ki, 2020-ci ilin 3 iyul tarixində erməni baş nazir paylaşdığı videoda bildirmişdi ki, Su-30SM-lər döyüş atışı ilə ilk təlim uçuşlarını həyata keçirib, “hücum əməliyyatı” üçün raketləri sınaqdan keçirib. Bununla belə onun, həmin o Su-30SM təyyarələrini raketsiz aldığı barədə dediklərini də xatırlayırıq. Bir sözlə, bir-birini təkzib edən açıqlamarı ilə Nikol diqqəti yaxşıca cəlb etmişdi. Onun ziddiyyətli fikirləri barədə müxtəlif şərhlər verən erməni siyasi-ictimai dairələrinə də Nikol ağlına gələn yalanı danışmaqla vəziyyətdən çıxmağa çalışırdı. Amma buna baxmayaraq, yəni Vovayeviçin yalanlarına məhəl qoymadan, erməni cəmiyyəti hələ o zaman açıq şəkildə bildirirdi ki, raketsiz təyyarələri Paşinyan yalnız öz şəklini çəkmək üçün alıbmış və bunun üçün də Ermənistan büdcəsindən 130 milyon dollar vəsait xərclənib. Daha dəqiq desək, erməni cəmiyyəti Nikol Paşinyanın dövlət büdcəsindən 130 milyon dolları təkcə bir selfi çəkmək üçün xərclədiyini bildirirdi. Bir sözlə, erməni cəmiyyəti özü daha yaxşı bilir ki, erməni baş nazirin etdikləri, Su-30SM təyyarəsində çəkdirdiyi şəkil bir reklam, bir göstərmə idi. Eyni ilə indi erməni cəmiyyətinin, hayların hay salaraq, Fransadan göndərilən zirehli transportyorlar barədə yaymaları da sadəcə göstərmədir. Yəni, göstərmə üçün edilən yayımlar, çəkilən video, foto görüntülər ermənilərə məxsus dəyişməz ənənədir və bu ənənəyə erməni cəmiyyətində baş nazirdən tutmuş sıravi erməniyə qədər hər kəsin “sadiq” qaldığı göz önündədir. Göz önündə olan odur ki, Su-30SM təyyarələri 44 günlük müharibə zamanı heç havaya da qalxmadı. Çünki raketsiz həmin bu təyyarələr yalnız metal bir konstruksiyadan başqa bir şey sayıla bilməzdi. Amma sözügedən təyyarələri əldə etdikdən sonra Hovhannisyan və Paşinyan təbliğatı erməni ordusunun “görünməmiş” dərəcədə güclənməsi barədə səs yaymağa, hay-küy salmağa başlamışdı. Qarabağ müharibəsinin 44 günü boyunca bir dəfə də olsa istifadə edilməyən, ümumiyyətlə, istifadə edilə bilməyəcək təyyarədə çəkilən şəkil və bu barədə paylaşımlar sadəcə Nikol Paşinyan üçün bir PR, bir reklam kimi lazım idi. Bütün bunların fonunda Hindistandan alınan qumbaralar, Fransanın göndərdiyi zirehli transportyorlar barədə məlumat yayılması reklamdan, göstərmədən başqa bir şey sayıla bilərmi?

Çox güman ki, Fransadan göndərilən zirehli texnika da lazımi silah-sursatla təmin edilmədən göndərilib və onlar da elə zirehli maşın olaraq əliyalın kütlənin, etirazçıların qovulmasından başqa bir şeyə yaramır. Elə şəkillərdən də görünür ki, həmin o zirehli texnikanın üzərində bir dənə də olsun atıcı, odlu silah yoxdur və həmin maşınlar da elə raketsiz təyyarələr kimi döyüş zamanı heç nəyə yaramır. O zaman həmin maşınların alınması barədə məlumatı yaymaqda məqsəd göstərmədən, reklamdan başqa nə ola bilər? Bəlkə də Hindistandan gələn qumbaralar da partlayıcısız göndərilib. Yəni işğalçı ölkənin iqtisadi, maddi durumu bunu deməyə əsas verir ki, həmin ölkəyə göndərilən hərbi sursat ancaq yararsız sayılanlar ola bilər. Çünki həmin ölkənin silah almaq üçün vəsaiti, imkanı yoxdur və ödəniş olmadan verilən silahların da nə qədər yararlı olacağı ritorik sualdır və hər kəs də cavabını yaxşı bilir.

PR, reklam və göstərmə ilə Ermənistan tərəfi əzələ nümayiş etdirmək niyyətindədirmi? Maraqlıdır, 20 ədəd zirehli texnika, eləcə də 150 min qumbara almaqla iş bitmiş hesab olunur, yoxsa bunu ermənilər əzələ hesab edirlər? Məgər Ermənistan tərəfi həmin ölkədə çağırışçı əsgərlərin sayından xəbərsizdir? Bəlkə, onların sayının hər il kəskin şəkildə azaldığı barədə də məlumatsızdır? Axı bu məlumatları da özləri yayıblar. Daha dəqiq desək, Milli Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Hayk Sarkisyan bu barədə məlumat yayıb. Deməli, məlumatsız ola bilməzlər. Yayılan informasiyadan sonra məlumatsız ola bilməzlər ki, 2010-cu ildə Ermənistan Respublikasında 44 min çağırışlı əsgər olduğu halda, 2019-cu ildə, yəni 9 il sonra bu rəqəm 24 min nəfərə qədər aşağı düşüb. Bir sözlə, 9 ildə düz 44 faiz azlma olub, hansıki bu heç də kiçik rəqəm deyil. Bu faktın fonunda silahlanma barədə hay-küy qoparan və hətta hansı silahdan nə qədər sayda əldə etdiyi barədə aləmə səs salan ancaq Ermənistandan başqa hansısa bir ölkə ola bilərmi?

Paşinyan hakimiyyətinin silah əldə edildiyi barədə hay-küy qoparması bir tərəfdən də daxili auditoriyaya hesablanan addımlardır. Bu addımlar birbaşa təbliğat xarakteri daşıyır. Bir sözlə, erməni baş nazir bununla Ermənistan ictimaiyyətinə göstərmək istəyir ki, silah almaq imkanı, müqavimət göstərmək şansı var. Yəni, məğlubiyyət acısından sonra qınanılan biri kimi özünü doğrultmaq üçün rəqiblərinə nə isə göstərmək fikrindədir. Digər tərəfdən də bunu elə hər kəsə göstərir. Yenə də ritorik bir sual ortaya çıxır. Görəsən, silah əldə edilməsinin, özü də bir neçə ədəd silah ələ keçirməyin nəyi isə dəyişəcəyinə erməni cəmiyyəti, yaxud Nikol özü inanırmı? İnanılası olmayan bir şeyə çətin ki, kimi isə də inandırmaq mümkün olsun. Belə çıxır ki, erməni cəmiyyəti yenə də sadəcə suyu bulandırmaqdan başqa heç nəyə nail olan deyil. Silah-sursat alışı barədə xəbərlərin, məlumatların yayılması ilə regionda yaranan yeni reallığa cüzi də olsa təsir etmək, vəziyyəti istədikləri istiqamətdə dəyişməyin mümkün olmadığını bilə-bilə bunu etməkdənsə, daha doğru olanını, qonşu dövlətlərlə sülh şəraitində yaşamağı seçmək məntiqi deyildimi? Onsuz da silah əldə etməklə heç nəyə nail ola bilməyəcəklərini, ölkəmizi öz haqq yolundan döndərə bilməyəcəklərini anladıqları halda, Azərbaycanla sülh bağlamaq doğru addım sayılmırmı? Cəmi 20 ədəd zirehli transportyor, 150 min qumbara ilə Azərbaycanın hərbi potensialı ilə müqaisə belə oluna bilinməyəcək vəziyyətlərinin fərqində ola-ola ölkəmizlə münaqişə etməyin yenə də məğlubiyyətlərinə səbəb olacağını yoxsa bilmirlər? Bəs bunu bilə-bilə silah əldə etdiklərini göstərmək naminə beş-on ədəd hərbi texnika almaq üçün xarici dövlətlərə yalvarmaqdansa Azərbaycanla sülh sazişi bağlayıb normal qonşuluq şəratində yaşamağı seçmək daha məntiqli, daha doğru sayılmırmı? Bu suallar təkcə bizim tərəfimizdən deyil, bütövlükdə sülh tərəfdarı olan dünya ictimaiyyəti tərəfindən ünvanlanılmalı suallardır. Zənnimizcə erməni cəmiyyətinə ünvanlanan ritorik suallar barədə düşünülsə, daha sağlam düşüncə ilə addım atılar, daha doğru və düzgün qərarlar qəbul edilər və bir an belə gecikmədən sülh barədə razılığa gəlinər.