Pirallahı rayonunda YAP-ın 31 illiyi ilə bağlı dəyirmi masa keçirilib - TƏDBİR-FOTOLAR

20 Noyabr 2023 15:56 (UTC+04:00)

20 Noyabr 2023-cü il tarixdə Pirallahı rayon YAP Pirallahı rayon təşkilatı və İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 31 illiyinə həsr olunmuş “Heydər Əliyevin dövlətçilik fəlsəfəsində Yeni Azərbaycan Partiyasının yeri və rolu” başlıqlı dəyirmi masa keçirilib. SİA xəbər verir ki, RİH başçısı Vasif İmanovun, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasovun, SƏS Media Qrupunun təsisçisi və rəhbəri Bəhruz Quliyevin, RİH başçısı Aparatının məsul əməkdaşlarının və rayon ərazisində fəaliyyət göstərən səhiyyə, ümumtəhsil, mədəniyyət müəssisələrinin, Qeyri-Hökümət Təşkilatlarının nümayəndələrinin və fəal gənclərin iştirak etdiyi tədbir Ümummilli lider Heydər Əliyevin büstü qarşısına gülqoyma mərasimi ilə öz işinə başlayıb. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Dəyirmi masa YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov tərəfindən açıq elan edildi. Sədr Azərbaycan dövlətçiliyinin inkişafında Yeni Azərbaycan Partiyasının xidmətlərindən bəhs edərək vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev Öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirib və xalqımızın taleyində silinməz izlər qoyub. Bu silinməz izlərdən biri də Yeni Azərbaycan Partiyasıdır. Azərbaycan Prezidenti İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası bizim qarşımızda xalqımıza, dövlətimizə sədaqətlə xidmət etmək, ictimai-siyasi həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında yaxından iştirak etmək kimi önəmli vəzifələr qoyur. Natiq vurğulayıb ki, Yeni Azərbaycan Partiyası öz potensialı, real addımları və bacarıqlı kadrları ilə xalqa xidmət edir. Bu baxımdan YAP Pirallahı rayon təşkilatıda qarşıda duran məsul vəzifələrin həlli istiqamətində öz işini yeniləşən Azərbaycanın müasir tələbləri kontekstində qurmalı, ölkədəki islahatlar prosesinə hərtərəfli dəstək verməklə yanaşı, daxili pozitiv transformasiyalara da hər an hazır olmalıdır. 44 günlük Vətən müharibəsi bir daha təsdiq etdi ki, öz ideoloji prinsiplərini cəmiyyətimizin birliyi, bütövlüyü və həmrəyliyi üzərində quran Yeni Azərbaycan Partiyası Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında bu mühüm tarixi missiyanın öhdəsindən uğurla gəlmişdir.

Daha sonra çıxış edən SƏS Media Qrupunun təsisçisi və rəhbəri Bəhruz Quliyev vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının yaranması ilə respublikamızın ictimai-siyasi həyatında yeni tarixin əsası qoyulub. Ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan partiya keçdiyi 31 il ərzində özünü bütün mənalarda təsdiq edərək, tarixin yeni çalarlarını özündə birləşdirməyi bacardı.

B.Quliyev qeyd edib ki, Ümummilli liderimizin layiqli siyasi varisi, möhtərəm Prezidentimiz cənab İlham Əliyev YAP-a rəhbərliyi dövründə əzmkarlıq və yaradıcılıq nümayiş etdirilərək partiyanın siyasi gücü əhəmiyyətli dərəcədə artırılıb və ölkənin siyasi mühitinin hakim təşkilatına çevrilib.

Növbəti olaraq Partiyanın qocaman üzvlərindən Duman Zeynalov və gənc fəallardan Nərmin Əliyeva çıxış etdilər. D.Zeynalov bildirdi ki, Ümummilli lider Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqına sevgi, dövlətinə sədaqətlə xidmət edib, ölkəsinin bütün ağır vaxtlarında xalqı ilə çiyin-çiyinə olmuşdur. Bu gün xoşbəxtik ki, Ulu öndərin arzuladığı Azərbaycanda yaşayıb, yaradırıq, çalışırıq. Xoşbəxtik ki, onun ideyaları bu gün də yaşayır. N.Əliyeva isə çıxışında partiyanın gənclərin həyatındakı roluna diqqət çəkdi. Qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının hər bir gənc fəal üzvü yolunun buradan keçməsindən böyük qürur hissi duyur və üzərində böyük bir məsuliyyətin olduğunu dərk edir.

Yekun olaraq çıxış edən RİH başçısı Vasif İmanov Yeni Azərbaycan Partiyasının aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi 31 ildə bütün qüvvə və bacarığını xalqa xidmətə yönəldərək əhəmiyyətli uğurlara imza atdığını qeyd etdi. Vurğulandı ki, Partiyanın banisi Ümummilli Lider Heydər Əliyevin müstəqil, demokratik, hüquqi dövlət quruculuğu yolunda gərgin fəaliyyəti Azərbaycanın bu gününü və gələcək taleyini müəyyən edib. O da qeyd edildi ki, bu gün Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş, güclü sənaye və iqtisadi resurslara malik, dünya enerji bazarında söz sahibinə çevrilmiş, beynəlxalq siyasi arenada öz imzası olan, dünya ölkələrinin hesablaşmalı olduğu bir ölkəyə çevrilib. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb, ölkəmizin beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirib. Nitqinin yekununda RİH başçısı Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın zəngin fəaliyyətini xatırladaraq onun partiyanın güclənməsində, inkişafında xüsusilə, gənclərin və qadınların partiyaya üz tutmasında böyük rolu olduğunu qeyd etdi. Mehriban Əliyevanın gördüyü işlər vətəndaşlara dövlət diqqəti və qayğısının gücləndirilməsi, idarəetmədə çevikliyin və funksionallığın artırılması, cəmiyyətin bütün təbəqələrini əhatə edən uğurlu sosial siyasətin davam etdirilməsi baxımından əlamətdardır.

Sonda partiyanın ictimai-siyasi həyatında fəal iştirakına görə SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Fəxri Fərmanı ilə təltif edilib və Yeni Azərbaycan Partiyasının yeni qəbul edilmiş himni iştirakçıların diqqətinə çatdırılıb.