"Fransa bu proseslərlə heç nəyə nail ola bilməyəcək” - POLİTOLOQ ŞƏRH ETDİ

20 Noyabr 2023 15:29 (UTC+04:00)

“Cənubi Qafqazda sülh münasibətlərinin tənzimlənməsi və əldə olunmuş sülhün davamlılığının təmin olunması istiqamətində Azərbaycan mühüm işlər həyata keçirir, iradə göstərir. Çox təəssüf ki, qarşı tərəf Ermənistan bir sıra imkanlardan xüsusilə də havadarlarının beynəlxalq hüquqa zidd dəstəyi nəticəsində üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmağa çalışır. Burada mənfi mənada başlıca rolu da təbii ki, Fransa həyata keçirir. Sərgilədiyi anti-Azərbaycan mövqeyi və ermənipərəst yanaşma Fransanın bölgəyə daxil olmaq planları ilə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Politoloq bildirib ki, 10 noyabr bəyanatı ilə Rusiya, Türkiyə və Azərbaycanın ortaya qoyduğu qətiyyətli mövqe ilə ATƏT Minsk qrupu timsalında Fransa və ABŞ proseslərin tənzimlənməsindən kənarda qalmış oldu: “Ötən üç il müddət ərzində müxtəlif plaftormalar çərçivəsində ABŞ və Fransanın Cənubi Qafqazda münasibətlərin tənzimlənməsində iştirakına cəhdlər edilsə də həm ciddi nəticələr əldə olunmadı, həm də Fransanın proseslərdə iştirakına Azərbaycan imkan vermədi.

Xüsusilə də Avropa siyasi birliyi ilə keçirilən toplantılardan Azərbaycanın imtina etməsi Fransanın bundan sonra heç bir halda Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində tərəf kimi çıxış etməsinə imkan verməyəcək. Bunu Fransa da artıq çox gözəl dərk edir.

Fransanın Ermənistanı silahlandırmağa çalışması və Ermənistan ordusunun yenidən təşkil edilməsi prosesinə start verilməsi ilə bağlı bəyanat daha çox təzyiq xarakterlidir. Çünki Fransa anlayır ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusu tərəfindən darmadağın edilən Ermənistan ordusunun texnikasını tam təmin etmək nə Ermənistan dövlət büdcəsinin gücündə, nə də Ermənistan hərbi sənaye kompleksinin imkanları daxilindədir. Fransanın Ermənistana dəstəyi isə Ermənistan cəmiyyətində revanşist düşüncələrin oyanmasına səbəb olur.

Hazırki şərtlər daxilində Ermənistan ordusunun Azərbaycana müqavimət və hücum göstərə biləcək səviyyədə olması mümkün deyil, reallığa uymur. Belə olan halda erməni cəmiyyətində yenidən formalaşdırılan revanşist düşüncələr Ermənistan üçün növbəti bəlanın xəbərdarlığıdır. Fransa isə sadəcə öz istəklərini reallaşdırmaq üçün çalışır. Lakin Fransa da bu proseslərlə heç nəyə nail ola bilməyəcək”.