"Faciədə həlak olanlarla meyitlərin sayı düz gəlmir" - MÜSAHİBƏ-DETALLAR

20 Noyabr 2023 15:05 (UTC+04:00)

Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevin SİA-ya müsahibəsini təqdim edirik:

- Qarakənd faciəsinin törədilməsi ilə bağlı hansı versiyalar var? Bu terror aktı kim tərəfindən törədilmişdi?

- Azərbaycan xalqının ən faciəli günlərindən biri 20 noyabr 1991-ci ildə Qarakənd üzərində dəyərli azərbaycanlıların olduğu helikopterin vurulmasıdır. Bu hadisə Azərbaycan tarixində yüksək vəzifə tutan şəxslərə qarşı törədilən ilk böyük terror hadisəsi idi. Məsələ ilə bağlı bir neçə versiya və müammalar var. Birinci versiya helikopteri Montenin dəstəsinin vurmasıdır. 1991-ci ilin avqustun sonunda erməni terrorçu Monte Melkonyan Amerikadan Dağlıq Qarabağa gəlir. Bu barədə Markar Melkonyanın "Mənim qardaşımın yolu" kitabında da yazılır. Dağlıq Qarabağa gələn AVO-(Melkonyanın ləqəbi) özü ilə bərabər burada sistem quraşdırıb təzədən İrəvana geri qayıdır. Onun tapşırığı ilə Azərbaycan tərəfinin hərəkət marşrutları barədə operativ məlumat toplanılır və onun dəstəsinə təqdim edilir. Xankəndində yerləşən bütün erməni dövlət qurumları və məmurları AVO ilə daima təmasda idilər. AVO o zaman Moskvada hazırlanan və Levon Ter-Petrosyanla razılaşdırılmış sülh planından xəbərdar idi. Onun Qarabağa gəlməkdə əsas məqsədi hazırlanan və ilin sonuna qədər imzalanacaq sülh planını pozmaq idi. Bunun üçün də bir böyük həcmli plan hazırlanmalı idi ki, Azərbaycanla Ermənistanın əlaqəsi kəsilsin. Ona köməyi isə “Şuşanik” snayper qrupuna tapşırılmış idi. Monte özü ilə gətirdiyi Amerika istehsalı olan və fundamentalist qruplar, eləcə də terrorçular arasında geniş yayılmış, həmişə təhlükə doğuran biləcək “Barret M81-A1” və “Barret M82-A1” silahını Ağdam rayonunu hədəfə alan istiqamətdə quraşdırır. 50 kalibrli, tərkibində nüvə olan bu snayperli silahla 2 km məsafədə uçan təyyarələri, helikopterlərı, həmçinin zirehli maşınları sıradan çıxarmaq mümkündür. ABŞ Konqresində adı hallanan və kütləvi qırğın silahları cərgəsində gedən bu silah ASALA-nın Yaxın Şərqdə istifadə etdiyi “sevimli” silahı idi. İstintaq zamanı məlum olub ki, hadisə yerinə hərbiçilər gələnədək tamamilə talan edilib. Azərbaycan televiziyasının müxbirlərinin cihazları, 12 tapança, qiymətli əşyalar və hətta helikopterin müəyyən bahalı cihazları yoxa çıxır. Qəza yerinə Azərbayacanın hökumət adamları saat 17-00-da çatırlar. O zaman TV-də çıxış edən şahidlərdən bəziləri hadisə yerindən ağ rəngdə Niva markalı avtomobilin getməsini görürlər. Məlum olur ki, erməni generalı Qurgen Dalibaltayana məxsus ağ Nivada “Şuşanik” snayper qrupu olub. “Şuşanik” Livandan gətirilən içərisində erməni və zəncilər olan xüsusi snayperçi qadınlar dəstəsi idi.

İkinci versiya isə helikopter içərisində güclü atışma olmasıdır. İçəridə atışma olanda helikopter məcburi eniş edib və burda açıq döyüş olub, bunun sübutu cəsədlərin müxtəlif yerlərdən tapılması olub. Bu versiya 1991-ci ildə Respublika Prokurorluğunun istintaq idarəsinin rəisi Adil Ağayevin açıqlamasından sonra yarandı. O deyib: “Kimsə helikopterə avtomat silahdan atəş açmışdı və helikopter zədələnmişdi. Atəş zamanı helikopteri idarə edən pilot iki güllə yarası almışdı. Pilot aldığı güllə yarası nəticəsində helikopteri idarə edə bilməmiş, yerə düşərək partlamışdı”.

- Faciədə həlak olanların cəsədləri harada tapılmışdı?

- Maraqlı budur ki, təyyarədə olanların yarısının cəsədi tapılmayıb. Ermənilər və bu işdə əli olanlar İsmət Qayıbovun da qolunu kəsiblər. Onun cəsədi tapılanda qolunda saat və cibində Ömər Xəyyamdan bir şeir hissəsi olan kağız tapılmış idi.

Şahidlərin dediyinə görə İsmət Qayıbovun və Məhəmməd Əsədovun əynində kürk, kürkün altında isə silah var idi. Hadisə baş verəndən sonra həmin silahlar da tapılmadı, bu onu göstərir ki, helikopter düşəndən sonra çoxu yaralı və sağ olub, yerdə ermənilər onları yandırıb, sonra da sənədlərini götürüblər. Siyahı dərc olunanda cəsədlərlə siyahıdakı adlar düz gəlmədi. Meyitlərin sayı az idi.

Daha müəmmalı sual Tofiq İsmayılovun cəsədi ilə bağlı olub, onun başından güllə vurulmuş idi. Jurnalist Salman Alıoğlunun sözlərinə görə, Mərzilini keçəndə hərbiçilər jurnalistləri saxladılar və o əraziyə bir sutka heç kəsi buraxmadılar. Alıoğluya görə, jurnalistlər əraziyə gedəndə ruslar və ermənilər ərazidə ciddi təmizləmə işi aparmışdılar.Onun fikrincə, vertolyot yerə düşmüş və onlar vertolyotu yerdə yandırmışdılar:

Vertolyotdan təxminən 500-600 metr məsafədə nazir müavini Qurban Namazəliyevin cəsədi vardı. 700-800 metrlikdə Osman Mirzəyevin cəsədi vardı.

- Hadisənin qəza olma iddiaları barədə nə deyə bilərsiniz?

- İlkin rəsmi məlumatlarda vertolyotun dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, sonradan onun vurulması faktı təsdiqlənir. Faktla bağlı 21 noyabr 1991-ci ildə Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılır və istintaqın davam etdirilməsi üçün Respublika Prokurorluğuna verilir. Lakin sonradan cinayət işi üzrə istintaq dayandırılır. Səbəb kimi hadisənin baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunması göstərilir. Bundan başqa, Xankəndidəki rus qarnizonun hərbi prokuroru anası erməni olan İ.Lazukitin faciə ilə əlaqədar cinayət işi açır, amma cinayətin təsdiqlənməsi üçün əsas sübut olan vertolyotun qara qutusunu da ələ keçirərək ona toxunmağı qadağan edir, bizim mütəxəssislərimiz qara qutuya yaxın buraxılmır. Bəhanə isə guya qara qutunun “partlayışdan” sıradan çıxıb əriməsi olur. 1991-ci il noyabrın 24-də İrəvan televiziyasının xəbərlər proqramına müsahibə verən prokuror İ.Lazutikin iddia edir ki, həlak olan azərbaycanlılara ilkin yardımı guya "..ermənilər göstərib..." Polkovnik bu terror aktını adi bir qəza kimi soyuqqanlıqla şərh edirdi. Helikopterin "qara qutusu"nu da əlinə keçirən polkovnik oldu. Ona toxunmaq qadağan edildi bele bir məlumatda yaydıki "qara qutu" "istidən" və "yanğından", "partlayışdan" (onun sozləridi)... sıradan çıxıb, əriyib. Azərbaycanlı mütəxəssislər yaxına buraxılmadı. Halbuki "qara qutu" Gəncədəki helikopter təmiri zavodunda aşkarlana bilərdi. Lakin prokuror İ.Lazutkin hamını aldadırdı. Onun əzilməsi və sıradan çıxması üçün 3.800 dərəcə istilik lazım idi. Hadisədən bir neçə gün keçəndən sonra həqiqəti bilmək üçün helikopterdəki qara qutunu Rusiyaya göndərdilər. Ancaq sözügedən qara qutudan indinin özündə də heç bir səs-soraq yoxdur. Bütün bunları əlində əsas tutan erməni tərəfi, helikopterin vurulduğunu yox, qəzaya uğradığını iddia etməkdədir.

- Helikopterin pilotu barədə deyilənlər haqqında nə düşünürsünüz?

- Bu gün hadisə barədə yazanda araşdırmaçılar helikopteri sürən Genadi Domov ilə bort texniki Genadi Dolqovu eyni adam kimi yazırlar. Lakin bu şəxslər ayrı ayrı adamlardır. Genadi Dolqov Qazaxıstandan Azərbaycana gəlib və faciədə ölüb, hazırda onun məzarı Ukraynadır. Burda müəmmalı şəxs, əsas şəxslərin olduğu helikopteri sürən Genadi Domovdur. Bu şəxs barədə çox vaxtı araşdırmaçılar ya yuxarıda adını yazdığım şəxslə eyniləşdirirlər, ya da bu adamı sanki görməzdən gəlirlər. Genadi Domov barədə araşdırma aparanda qarşımıza çıxan məlumatda yazılır:

"Kapitan Gennadi Domov adlı pilot 1984- cü il martın 26-da Əfqanıstanın Cəlalabad vilayətində “İslam cəmiyyəti”-nin Mömin Camalxanındəstəsi tərəfindən idarə etdiyi Mİ-8 helikopteri ilə birgə vurularaq öldürülüb".

Burada əsas müəmma da budur. 1984-cü ildə ölümü rəsmən təsdiqlənən bu helikopter sürən 1991-ci ildə Ağdamda necə peyda oldu və əmrə tabe olmadan o, heç bir silahla təmin olmayan helikopteri havaya qaldırdı.

Hadisə gününə nəzər salaq.

1991-ci il noyabrın 20-də saat 12.57-də Ağdam uçuş zolağındakı Mİ-8 tipli iki helikopterdən N69 vertolyotu əsas olmalı, onu iki nəfər- 1981-ci ildə Əfqanıstan döyüşlərində iştirak etmiş kapitan Lantev Mamontov və kapitan Pyotr Babuşkin idarə etməliydi. İkinci helikopter Mİ-8 N72 isə birincini müşaiyət etməli idi. Amma ikinci helikopteri müşayiət olunmadan, yəni təhlükəsizliyi təmin edilmədən 13.48-də birincinin yerinə havaya qalxır.

Müəmma elə burada yaranır... Hadisə yerində tapılan cəsədlər içərisində onunku tapılmır. Sanki yer ayrılır, o içinə girir.. Bundan sonra onun barəsində heç bir məlumat verilmir.

Müəmmalardan biri də heç bir sənədlərdə qeydiyyata düşməyən bu şəxsin Azərbaycana, ordan da Ağdama kimlər gətirib, kimlər onu sükan arxasında oturması əmrini verir və kimlər sonra onu aradan sağ-salamat çıxarır.

- Məhəmməd Əsədov barədə yayılan şayiələrə münasibətiniz necədir?

-1991-ci ildə Azərbaycan tarixinin qanlı faciələrindən biri olan Qarakənd üzərində vurulan helikopterlə bağlı çoxsaylı müəmmalar var, bunlardan biri də Azərbaycanın ilk generallarından biri olan Məhəmməd Əsədov barədədir. O dövrə daxili işlər naziri, general-mayor Məhəmməd Əsədovun Ermənistanla qanlı müharibənin qarşısının alınması və Qarabağın ermənilərdən təmizlənməsi üçün böyük xidməti olub. Çaykənddən ermənilərin çıxarılması, Qarabağda erməni terrorçularının aşkar edilməsi istiqamətində mühüm işlər görən general ermənilərin və rusların qorxduğu adamlardan biri idi. Kreml onun vəzifədə qalmasını istəmirdi, dəfələrlə onun üzərinə təzyiqlər edirdilər. Hətta bir dəfə Moskvadan generallar Məhəmməd Əsədovun yanına gəlirlər, Qarabağ məsələsində ermənilərin müdaifə edən generalları o, necə məlumatlandırırdısa, onlar söz tapıb deyə bilmirdilər və generallar onun kabinetindən çıxıb bunlara deyiblər ki, “siz onu qoruyun. O adam dahidir!" Cəmi 10-14 arası cəsəd olub. Deyirlər ki, kəmərə görə Məhəmməd Əsədovun meyiti müəyyən edilib. Amma meyit yox idi, hamısı parçalanmış ət, sümük parçaları idi. O dövrdə belə danışırdılar ki, Məhəmməd Əsədov və onunla birgə iki nəfər rus generalının da meyiti yoxa çıxmışdı. Ermənilər Məhəmməd Əsədovun başına pul qoymuşdular, ona görə onun cəsədini aparıb pulu alıblar. O dövrdə hətta şayiə yayılmış idi ki, general sağ olub və onu Sevan gölünün yanında həbsxanada saxlayırlar. Bunlar sadəcə yayılan şayiələr idi.

Müəllif: Rəşid Qarayev