"YAP cəmiyyətin siyasi avanqardına çevrilib" - MÜNASİBƏT BİLDİRİLDİ

20 Noyabr 2023 14:56 (UTC+04:00)

"1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də qarşısında duran ciddi problemlərin həlli görünmürdü. Bir-birini əvəz edən iqtidar komandaları problemləri həll etmək əvəzinə onları daha da çoxaldırdılar. Yeni müstəqil bir dövlət quruculuğu, eyni zamanda Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə ağırlaşırdı. Buna görə də mütləq hakimiyyətdə təcrübəli, cəmiyyəti birləşdirə bilən, ağır problemlərin həllinə konstruktiv həll proqramları qoya bilən bir liderin olması vacib idi. Azərbaycanın demokratik düşüncəli insanları belə lider kimi vaxtilə Sovet Azərbaycanına rəhbərlik etmiş, ondan sonra SSR rəhbərlərindəın biri olmuş dünya şöhrətli siyasətçi Heydər Əliyevi görürdülər". Bu sözləri SİA-ya açıqılamasında deputat Aydın Mirzəzadə deyib.

Deputat sözlərinə belə davam edib: "Heydər Əliyev həmin dövrlərdə artıq Naxçıvan MR rəhbəri kimi Naxçıvanın rəsmi Bakının köməyi olmadan ayaq üstə durmasına və ağır problemlərin həllinə nail ola bilirdi. Bu baxımdan insanlar Heydər Əliyevin adı ilə bağlı olan bir siyasi qüvvənin yaranmasına böyük ehtiyac görürdülər. Baxmayaraq ki, ona qədər Azərbaycanda artıq 30-dan çox yeni yaranmış siyasi partiya var idi. Amma onlar daha çox qrup təəssüratı bağışlayırdı. Onlar Azərbaycanın problemlərini həll edə biləcək bir siyasi qüvvə kimi formalaşmamışdılar.

1992-ci ilin oktyabr ayında 91 nəfər tanınmış Azərbaycan ziyalısı Ulu Öndər Heydər Əliyevə müraciət edərək Azərbaycanın çox ağır problemlər yaşadığı və onun böyük siyasətə qayıdışının vacibliyi, onun özünün rəhbərlik edə biləcəyi bir partiyanın yaranması zərurətini bir daha bildirdilər. Heydər Əliyev ziyalıların müraciətinə cavab olaraq doğurdan da Azərbaycanın ağır günlər yaşadığını göstərdi. Həmin problemlərin hamısını bir-bir sadalayaraq onların həlli yolunu açıqladı. Sonra isə bütün Azərbaycan coğrafiyası üzrə bu partiyanın təşkilatları formalaşmağa başladı. Noyabrın 21-də Naxçıvanda YAP-ın təsis qurultayı keçirilərək Azərbaycan siyasi həyatına artıq mütəşəkkil siyasi qüvvə kimi qədəm qoydu. Bu yeganə partiya idi ki, paytaxtda deyil, regionda keçirilirdi. Eyni zamanda, qısa bir zamanda partiyanın sıralarına yüz minlərlə üzv və tərəfdaşlar toplaşdılar. Heç də təsadüfi deyil ki, insanlar YAP-da Azərbaycanın bu gününü və sabahını, demokratik qüvvələri birləşdirərək milli birlik yarada bilən bir qüvvə görürdülər.

Ulu Öndərin 1995-ci il 15 iyunda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı Heydər Əliyev siyasətinin Azərbaycan üçün vacibliyini bir daha göstərdi. Onun rəhbərliyi və ideyaları ilə yaranıb formalaşn YAP hər bir seçkidən qalib partiya kimi ayrıldı. Bu gün 700 mindən çox vətəndaşını birləşdirən YAP cəmiyyətin siyasi avanqardına çevrilib. Özünü hakim partiya kimi deyil, sıradan bir partiya kimi aparan YAP ilk növbədə cəmiyyətdə demokratiyanın dərinləşməsinə, hüquqi demokratik dövlət quruculuğuna hər bir insanın töhfə verməsinə, azərbaycançılıq ideyasının geniş yayılması üçün daima çalışır, Ulu Öndərin adı ilə yaranan partiya indiki sədr olan cənab İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlar qazandı. Ulu Öndərin də bildirdiyi kimi, cənab İlham Əliyev YAP-ın dünənin, bugünün və sabahın partiyası olduğunu bir daha təsdiq etdi".

Ayşən Vəli