"Zəhərlənmə kimi hallar getdikcə artacaq” - QURUM RƏSMİSİ DANIŞDI

20 Noyabr 2023 14:36 (UTC+04:00)

“Qida sektorunda mövcud olan bütün növ subyektlər, o cümlədən istehsalçı, daşıyıcı, paylayıcının hər biri Qida Təhlükəsizliyi Agentliyində qeydiyyatda olmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

E.Hüseynov bildirib ki, AQTA bu cür əhəmiyyətli məsələni tam əhatə edə bilməyib: “Məhəllə, kənd marketlərinin və ya mağazaların AQTA-da heç biri qeydiyyatda deyil və AQTA bu yerlərdə öz planına uyğun şəkildə yoxlamaları həyata keçirə bilmir. Bu səbəbdən ictimai nəzarət məsələsi ortaya çıxır. İnsanlar bu cür kiçik marketlər üzərində ictimai nəzarəti təmin etməlidirlər. Bu cür market və mağazalarda bir çox qida düzgün formada saxlanılmır, işığa qənaət etmək məqsədilə gecələr işığı elektrikdən ayırırlar və soyuducular işləmir. Bu isə qidaların təhlükəli vəziyyətə gəlib çıxmasına səbəb olur. Vətəndaşlar bu cür hallarla rastlaşdıqda AQTA-ya məlumat verməyi tövsiyyə edirəm. Elə bir iş aparılmalıdır ki, qida zəncirində iştirak edən bütün subyektlər AQTA-da qeydiyyatda olsun. Əks təqdirdə zəhərlənmə kimi hallar getdikcə artacaq”.