Uşaqlar üçün hazırlanan tamaşalar izləyicisiz qalmır - FOTOLAR

20 Noyabr 2023 11:59 (UTC+04:00)

Uşaqların formalaşmasında teatr tamaşaları mühüm rol oynayır. Balacalara təqdim olunan hər bir tamaşa tərbiyəvi xarakter daşımalı, cəlbedici olmalıdır. Belə ki, məktəblilərin payız tətilində Şuşa Dövlət Musiqili Dram teatrında balacalar üçün Abdulla Şaiqin eyniadlı əsəri əsasında hazırlanan “Danışan gəlincik” tamaşası nümayiş olundu.

Görəsən teatrlara maraq varmı? SİA-nın müxbiri payız tətilində Şuşa Dövlət Musiqili Dram teatına balaca tamaşaçıların axınını müşahidə edib. İbtidai sinif şagirdləri böyük həvəslə teatra üz tutub. Qeyd edək ki, uşaqlarda tamaşalara marağın yaranmasında müəllimlərin əməyi böyükdür. Müəllim ziyalı, ən başlıcası mədəni zümrənin yetişməsində mühüm rol oynayır. Tamaşanın rejissoru, Loğman Kərimovdur. Tamaşanın yaradıcı heyətindən Rəhimə Abdinova-Şahzadə Bənövşə, Ayşən Mirzəyeva - danışan gəlincik, Hamlet Qənbərov -ata şah, Aybəniz Cahangirova-ana, Mətanət Eres- dayə, Mobil Qurbanov -xidmətçi rollarını ifa edib.

Qeyd edək ki, tamaşanın əsas süjet xəttini padşah qızı olan şahzadə xanımın ərkəsöyünlüyü təşkil edir. Bu da balaca şahzadənin digər həmyaşıdları ilə ünsiyyət qurmasında ona mane olur.

Nağılın səhnələşdirilməsində rəqs nömrəsinin, mahnının, oyunların əlavə olunması tamaşanı cəlbedici edir. Ona görə də teatrın uşaqlar üçün hazırladığı əyləncəli tamaşa da bu baxımdan maraqlı idi.