İllər öncə yurd-yuvasından didərgin düşənlər bu gün sönmüş çiraqlarını yandırıb, yeni həyata başlayırlar. Bu həyat acı keçmişi arxada qoyub xoşbəxt bir dünyaya səsləyir insanları. Köç karvanları nisgilli, kədərli bir ömür yaşamış insanları əzəli torpaqlarına çatdırır. Bu karvanlar sanki növbəyə düzülüb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan ərazilərə köçlər davam edir. Yenidən çiçəklənən ərazilərimiz doğma sakinlərini qarşılamağa davam edir. İşğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydışımızla əzəli Qarabağ torpağında insanların rahat, firavan yaşamasına istiqamətlənib. Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərimizə hər bir səfəri tarixi hadisələlərlə yadda qalır. Böyük Qayıdışımız uğurla yerinə yetirilir. Artıq işğaldan azad olunan ərazilərimizin əzəli sakinləri öz dədə-baba yurdlarına qayıdırlar. İnsanların doğma yerlərdən səsləri eşdilir. Təkcə Qarabağ regionuna 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur.
Bu gün işğaldan azad olunan digər ərazilərimiz kimi, Laçın da abadlıq-quruculuq meydanına çevrilib. Yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bildiyimiz kimi, bir neçə gün əvvəl - noyabrın 14-də növbəti köç karvanı ilə Laçına çatan ailələrə evlərinin açarları təqdim olundu. Laçın şəhəri bu dəfə daha 10 ailəyə qucaq açmış oldu. 40 nəfər laçınlının yurd həsrəti bitdi. 31 ildən sonra yenidən Laçına qədəm qoyan ailələr sevinc göz yaşları ilə öz doğma yurduna qovuşdu. Bununla da Laçın şəhərində 325 ailənin, yəni 1245 nəfərin daimi məskunlaşması təmin edilmiş oldu.
Qeyd edək ki, köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
"KEÇMİŞ KÖÇKÜNLƏR ÜÇÜN ŞƏRAİT ƏN YAXŞI OLMALIDIR"
Laçının Zabux kəndi də bu sevinci yaşadı. İlk mərhələdə 88 nəfərdən ibarət 20 ailə Zabuxa köç etdi. Bakıdan, Lökbatandan Zabuxa yol alan karvan məcburi köçkünləri neçə ilin həsrətindən sonra el-obası ilə görüşdürdu. Ailə tərkibinə uyğun olaraq, onlardan 4-ü ikiotaqlı, 4-ü üçotaqlı, 8-i dördotaqlı, 4-ü beşotaqlı mənzillə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar. Qeyd edək ki, ümumi sahəsi 81 hektar olan Zabux kəndinə 245 ailənin köçürülməsi nəzərdə tutulur. Kənddə 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi inşa edilib. Əlbəttə ki, Laçın Azərbaycan dövlətinin və xalqının quruculuq əzminin daha bir nümunəsidir. İşğaldan azad olunduqdan dərhal sonra Prezident İlham Əliyevin göstərişi ilə bütün Qarabağ və Şərqi Zəngəzur kimi, Laçında da nəhəng bərpa və yenidənqurma işlərinə başlanılıb. Baş plana əsasən, şəhərdə ümumilikdə 700 bina bərpa edilir. Onlardan 620-si fərdi ev, 9-u çoxmənzilli yaşayış binasıdır. Eyni zamanda, 71 inzibati bina yenidən qurulur. Laçında indiyədək bir sıra infrastruktur layihələri icra edilib. Şəhər ərazisində 7 park salınır ki, onların da artıq ikisində işlər tamamlanıb. İdman kompleksi və Həkəri çayının ətrafında çimərlik-istirahət mərkəzi salınır. Eyni zamanda, yollar relyefə uyğun olaraq genişləndirilib, işıqlandırma işləri görülüb. Şəhərin işıqlandırılması müasir modelə tam uyğunlaşdırılıb. Yeni yollar salınır, infrastruktur qurulur, kəndlər, qəsəbələr bərpa edilir. Planlı və sistemli şəkildə görülən bütün işlər bilavasitə dövlətimizin başçısı cənab İlham Əliyevin nəzarəti altındadır. Müharibədən ötən müddət ərizində görülən işlər bu ərazilərdə əzəli sakinlərin tam yaşayışının təmin edilməsinin təzahürüdür. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirmişdir: "Əziz laçınlılar, siz uzun illər əzab içində yaşamısınız, həm fiziki, həm mənəvi, ağır şəraitdə, yataqxanalarda, vaqonlarda, çadır şəhərciklərində. Ondan daha ağırı mənəvi əzab idi. Yəni, öz doğma torpağına qayıda bilməmək əzabı dəhşətlidir. Bunu hər kəs başa düşməlidir və başa düşür. Mən dəfələrlə həm Laçından, həm də o vaxt işğal edilmiş digər rayonlardan köçkünlərlə görüşəndə onlara ürək-dirək verirdim deyirdim ki, qayıdacağıq, qayıdacağıq! Görürdüm ki, son vaxtlar ümidlər bir az səngiyir, bu da təbiidir. Yəni, 30 ilə yaxın. Bunu anlamaq olar. Amma deyə bilmirdim ki, nə vaxt qayıdacağıq. Necə deyə bilərdim? …demişdim ki, qayıdacağıq və Laçında daha gözəl evlər tikiləcək. Bax, belə də oldu. Ona görə sizin üçün və sizin kimi keçmiş köçkünlər üçün şərait ən yaxşı olmalıdır, ən gözəl olmalıdır ki, siz uzun əzablı illərdən sonra burada rahat yaşayasınız".
ZABUX KƏNDİNDƏ 46 AİLƏNİN DAİMİ MƏSKUNLAŞMASI TƏMİN EDİLİB
Onu da qeyd edək ki, noyabrın 16-da Laçın rayonunun Zabux kəndinə yola düşən növbəti köç karvanı da ünvanına çatdı. Laçının Zabux kəndi bu gün 25 ailəyə qucaq açıb və daha 94 nəfərin yurd həsrəti bitmiş oldu.
31 ildən sonra yenidən doğma kəndinə qədəm qoyan ailələr həsrətini çəkdikləri kəndin gözəl mənzərəsi ilə tanış olublar. Bununla da Zabux kəndində 46 ailənin, yəni 188 nəfərin daimi məskunlaşması təmin edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın rayonunun Zabux kəndinə növbəti köçü reallaşıb.
Vətən müharibəsində qazandığımız Zəfərdən üç il zaman ötməsinə baxmayaraq, işğaldan azad olunan ərazilərimizdə abadlıq və quruculuq işləri uğurla və davamlı şəkildə həyata keçirilir. Keçmiş məcburi köçkünlər öz əzəli torpaqlarına, doğma diyarlarına qayıdırlar. Ağalı, Talış kəndələrinə, daha sonra Laçın və Füzuliyə qayıdış…Məlumdur ki, dekabrın 1-i 2020-ci il tarixində Laçın rayonu Azərbaycan Respublikasına qaytarıldı. Bu, Azərbaycan Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatında öz əksini tapmış oldu.
"2025-Cİ İLİN ƏVVƏLLƏRİNDƏ HAVA LİMANI İSTİSMARA VERİLƏCƏK"
Artıq Laçın yenidən qurulur. Laçın rayonunun yenidən bərpası ilə bağlı işlər aparılır, bir çox işlər görülüb. "O bölgədə heç vaxt hava limanı olmamışdır və hava limanının yerini müəyyən edərkən böyük çətinliklərlə üzləşmişdik. Çünki orada uçuş-enmə zolağının inşası üçün düz yer tapmaq mümkün olmadı. Biz dağları kəsərək və böyük torpaq işlərini həyata keçirərək bütün dağlıq ərazilərdə, dağlarla əhatə olunan ərazilərdə beynəlxalq hava limanı inşa edirik. Yəqin ki, gələn ilin sonunda, ya da 2025-ci ilin əvvəllərində hava limanı istismara veriləcək", - deyə Prezident bildirmişdir.
Görülən və görüləcək işlər böyük quruculuq, abadlıq işləridir. Təbii ki, Azərbaycanın iqtisadi gücü, dinamik inkişafı layihələrin reallaşlmasına imkan verir. 30 ilə yaxın işğalda olan torpaqların bərpası, yenidən qurulması vaxt və maliyyə imkanları tələb edir.
Bu gün işğaldan azad olunan ərazilərimiz abadlıq-quruculuq meydanına çevrilib. Ən əsası isə onu qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydışımızla əzəli Qarabağ torpağında insanların rahat, firavan yaşamasına istiqamətlənib.
Onu da bildirək ki, işğaldan azad olunan ərazilərə Böyük Qayıdış proqramı üzrə köçürülən sakinlərin məşğulluğuna dəstək tədbirləri davam etdirilir. Belə ki, Qarabağda ilk əmək yarmarkası keçirilib. Füzuli şəhərində, Mirzə Uluqbəy adına 1 saylı tam orta məktəbdə keçirilən aktiv məşğulluq tədbiri şəhərə köçürülən sakinlər üçün təşkil olunub və işəgötürənin iştirak etdiyi tədbirdə müxtəlif istiqamətlər üzrə 200-ə yaxın vakansiya təqdim edilib.
Yarmarkaya qatılan sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
Artıq şəhərə köçürülən 258 ailənin üzvlərinin məlumatları təhlil olunub, uyğun şəxslərin məşğulluq imkanları qiymətləndirilib və məşğulluq tədbirlərinə cəlb edilmələrinə başlanılıb. Görülən işlərin nəticəsi olaraq artıq 73 nəfər münasib işlərlə təmin edilib, 20 nəfər müxtəlif istiqamətlər üzrə özünüməşğulluq proqramına cəlb olunub. Hazırda daha 150-dək sakinin məşğulluğunun təmin olunması istiqamətində iş aparılır.
Azərbaycanın iqtisadi gücü, dinamik inkişafı işğaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işlərini sürətləndirir. Əlbəttə ki, 30 ilə yaxın işğalda olan torpaqların bərpası, yenidən qurulması vaxt və maliyyə imkanları tələb edir. Bu gün işğaldan azad olunan və üçrəngli bayrağımız dalğalanan ərazilərimizdə müasir infrasturuktur yaradılır.
Zümrüd BAYRAMOVA