"Bu qurumun fəaliyyəti daha öncə dayandırılmalı idi" - HƏRBİ EKSPERT DANIŞDI

17 Noyabr 2023 14:43 (UTC+04:00)

"Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyət Cəmiyyəti zamanında Sovetlər ordusunda sərbəst bir qurum idi. Bu qurum Müdafiə Nazirliyi və başqa güc strukturlarından mütəxəssislər hazırlayırdı. Onun köhnə bazasında çoxlu sayda müxtəlif növ təyyarələr var idi. Eyni zamanda kurslarda paraşütçülər, teleqrafistlər hazırlanırdı". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov deyib.

Onun sözlərinə görə, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yarandıqda bu qurum ləğv olundu və Səfərbərlik üzrə Dövlət Xidmətinə birləşdirildi: "Bilirsiniz ki, biz texnologiya baxımından inkişaf edirik. "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC isə sovet dövründən qalan bir qurum olub. Paraşütçülərin, teleqrafistlərin, teleqramçıların, maşinistlərin, sürücülərin hazırlanması və köhnəlmiş texnikların bərpa edilməsinə böyük bir maliyyə lazımdır".

R.Məhərrəmov sözlərinə davam edərək bildirib ki, dünyada hər şey dəyişir, müasirləşir: "Sovetdən qalmış bazada olan texnikalar isə öz gücünü itirib. Belə böyük bir qurumun saxlanılmasına artıq ehtiyac yoxdur. Çünki ölkə üçün heç bir faydası yoxdur. Düşünürəm ki, bu qurumun fəaliyyəti daha öncə dayandırılmalı idi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində ola bilər ki, hər hansı bir qurum yaradılsın. Məsələn, əvvəllər ordu üçün sürücülər hazırlanırdı. Artıq Azərbaycanda fəaliyyət göstərən çoxlu sayda sürücülük məktəbləri var və bu məktəblər bizim sürücü mütəxəssilərinin yetişdirilməsinə kifayət edir".

Ləman Sərraf