Gün ərzində özümüzü niyə yorğun hiss edirik? - TERAPEVT AYDINLIQ GƏTİRDİ

16 Noyabr 2023 11:44 (UTC+04:00)

“Əfsuslar olsun ki, xroniki yorğunluq sindromu dövrümüzün ən çox yayılmış xəstəliklərindən birinə çevrilib və təəssüf ki, artıq yaşlı nəsildən çox gənc nəslimiz bu simptomlarla bizə müraciət edir”. Bu sözləri SİA-ya açıqlamasında həkim-terapevt Sübhan Hacıyev deyib.

Onun sözlərinə görə, şikayətlər arasında daha çox baş ağrısı, baş gicəllənmə, halsızlıq, yorğunluq, depressiv hallar, yuxudan doymamaq hissi, hər hansı bir işə diqqətin azalması və iş görməyə həvəsin olmaması ilə özünü biruzə verir: “Bu cür pasientlərdən anamnez topladıqda məlum olur ki, psixoemosional gərginlikləri aşırı dərəcədə olur. Bir çoxlarının işindəki stresi evinə, yaxud evdə olan hər hansı problemi işə daşıması və beyində daim eyni fikirlərin saxlanılması bu cür vəziyyətlərə gətirib çıxarır”.

Sübhan Hacıyev sözlərinə belə davam edib: “Əsəb-stres psixoemosional gərginlikdən savayı müxtəlif infeksiyaların sağalma dövründə, bir çox makro-mikro elementlərin, bəzi vitaminlərin çatışmazlığında yaşana bilir.

Doğru- düzgün qidalanmaq lazımdır. Burada müntəzəm, xüsusilə bir çox mineral və vitaminləri ehtiva edən qidalarla bəslənmə nəzərdə tutulur. Məsələn, biz bilirik ki, axşam saat 22:00-dan gecə saat 02:00-03:00 arası epifiz vəzimizin iftaz etdiyi melatonin hormonu sonrakı gündə nə qədər gümrah oyanmağımıza səbəb olur. Lakin gec yatmalar melatonin hormonunun ifraz olunmasının qarşısını alır və zaman-zaman insanlar yuxudan doymur. Nəticədə də səhər oyanmaq məcburiyyətində qaldıqda çox aqressiv olurlar.

Bütün bu sadalananlar 2-3 günün problemi deyil. Bunlar həftələr və aylarla yığılıb qalmış bir qeyri-müntəzəmliyin təzahürü olaraq özünü göstərir. Nəticədə xroniki yorğunluq durumu olduqda insanlar həkimə müraciət edir. Bu zaman xəstə dərindən müayinə olunur və düzgün müalicə nəticəsində də sağalırlar.

Pasientlərə bu cür xəstəliklərdən qorunmaq üçün bir çox tövsiyələrimiz olur. Bunlardan birincisi gün ərzində 3-4 dəfə bütün vitaminləri ehtiva edən qidalar, mövsümi meyvələrdən istifadə olunması, bol-bol su içmək, düzgün yuxu rejiminə riayət etmək, gün ərzində ən azı 1 saat idman etmək tövsiyə edilir. Məsələn, kardioidmanlardan olan velosiped və yürüşlər daha yaxşıdır. Həmçinin, günün müxtəlif saatlarında hobbisi ola biləcək işlərlə məşğul olması xoşbəxtlik hormonunun artmasına gətirib çıxaracaq. Bu cür kompleks yanaşma nəticəsində insanlarımız xroniki yorğunluq sindromundan qurtula bilərlər”.

Ayşən Vəli