Metod, yoxsa şiddət? - ARAŞDIRMA

14 Noyabr 2023 16:05 (UTC+04:00)

Dil və loqopediya fərdlərin dil və nitq qabiliyyətinə təsir edən bütün pozğunluqlar üçün aparılan işdir. Burada dil və nitqi bir-birindən ayırmaq lazımdır. Çünki kəkələmə, artikulyasiya pozğunluğu və sürətli nitq pozğunluğu kimi problemlər nitqlə bağlı problemlər olduğu halda, afaziya, spesifik dil pozğunluğu və dil gecikməsi kimi problemlər dillə bağlıdır. Nitq və nitq terapiyası prosesinə bütün bu nitq pozğunluqlarına müdaxilələr daxildir.

Xatırladaq ki, ötən gün seans vaxtı sosial şəbəkələrdə canlı yayıma çıxan loqopedin görüntüsü insanları hiddətləndirib. Belə ki, loqoped Aysel Nəbiyeva adlı profildən canlı yayım açan xanım azyaşlı uşaqla kobud rəftar edib. O, uşağa qışqırır, ağladığını gördükdə isə daha da səsini yüksəldir, "ağ elədin", "gördün adamı necə tabe edirlər?!" kimi ifadələr işlədir.

Sosial şəbəkə isifadəçiləri arasında bu cür rəftarın metodika olduğunu deyənlərlə yanaşı, loqopedin azyaşlıya psixoloji şiddət göstərdiyini söyləyənlər də olub. Hətta adı çəkilən xanımı tanıdığını deyən sosial şəbəkə istifadəçilərindən biri onun bu sahə üzrə təhsilinin olmadığını iddia edib. Aysel Nəbiyeva bildirib ki, görüntülər yarımçıq yayılıb: “Bu videonu mənim ailəmlə prinsipi olan xanım pul qarşılığında yayıb. Uşağın ailəsi bu barədə şikayətçi deyil, sadəcə, narahatlıqları videonun yayılmasıdır.

Uşağa qətiyyən şiddət göstərilməyib. Əgər belə bir şey olsaydı, çoxdan haqqımda araşdırma aparılırdı. Atılan şər-böhtandır”.

Bəs, həqiqətən bu müalicə metodudur? Yoxsa açıq-aydın azyaşlıya qarşı şiddətdir?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

İlk olaraq qeyd edək ki, ötən ilin sonuna olan statistik məlumatlara əsasən, görmə qabiliyyəti tam məhdud 720 uşaq qeydiyyatda olub. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən bildirilib. Qeyd edilib ki, ötən ilin sonuna qeydiyyatda olan görmə qabiliyyəti qismən məhdud uşaqların sayı isə 16 800 nəfər olub.

2022-ci ilin sonuna qeydiyyatda olan eşitmə qabiliyyəti tam məhdud uşaqların sayı 1 236, eşitmə qabiliyyəti qismən məhdud olanların sayı isə 2 082 nəfər olub.

Əqli geriliyi olan uşaqların sayı 5 275, nitq pozuntusu olan uşaqların sayı 4 417, poliomielit və serebral iflic qalığı olan uşaqların sayı 3 648, skolioz (onurğa sütunun əyilməsi) xəstəliyi ilə qeydiyyatda olan uşaqların sayı isə 4 812 nəfər olub.

Uşaqda nitq pozğunluqlarını necə müəyyən etmək olar?

Əgər valideyn övladının dil və nitq qabiliyyətinin yaşıdlarından geri qaldığını düşünürsə, vaxt itirmədən terapevtlə məsləhətləşməkdə fayda var.

Danışıq terapiyası necə aparılır?

Danışıq terapiyası fərdin şikayətlərinin mənşəyini və əhatə dairəsini müəyyən etmək üçün qiymətləndirmə prosesi ilə başlayır. Daha sonra fərdin və terapevtin bacarıqlarına ən uyğun olan müdaxilə vasitəsi seçilir və tətbiq edilir. Hər növ dil və nitq pozuntuları üçün müxtəlif müdaxilə vasitələri mövcuddur.

Danışıq terapiyasına neçə yaşdan başlayır?

Danışıq və dil terapiyasına qatılanlar üçün aşağı yaş məhdudiyyəti yoxdur. Danışıq terapevtinin işini davam etdirə biləcəyi hər yaşda olan uşaqlarla təcrübə aparıla bilər. Gənc uşaqlarda terapevtik məqsədlər çox vaxt onları oyuna daxil etməklə hazırlanır.

Dil və nitq pozğunluqlarına nə qədər tez müdaxilə edilsə, bir o qədər yaxşıdır. 2,5 yaşından sonra uşaqların söz ehtiyatı sürətlə inkişaf edir. Buna görə də erkən müdaxilə sayəsində 3 yaşından əvvəl başlayan müalicə ilə uşağın inkişaf problemini dəyişdirmək mümkündür.

Danışıq terapiyası nə qədər davam edir?

Terapiyanın müddəti pozğunluqdan pozğunluğa və insandan insana çox dəyişir. Tək seansda həll edilə bilən dil və nitq problemləri ola bilsə də, aylarla, hətta illərlə davam edən loqopedik proseslər də var.

İnsanlar çox mürəkkəb və çoxşaxəli varlıq olduğundan, dil və nitq pozğunluqları təəssüf ki, zamanla müxtəlif sosial və psixoloji problemlərə səbəb ola bilir. Bəyənilmək istəyi, mükəmməllik, qrupa aid olmaq istəyi və s. bir çox insan motivasiyası dil və nitq pozğunluqlarının əslində olduğundan daha mürəkkəb problemə çevrilməsinə yol açır. Ona görə də bu problemləri çox gec olmadan həll etmək və ya qəbul etmək uşağın emosional və sosial dünyası üçün böyük əhəmiyyət kəsb edir.

Bənzər problemləri həll etmək üçün əlbəttə ki, müxtəlif üsullar mövcuddur və terapevtin vəzifəsi vəziyyətə ən uyğun olanı seçməkdir. Bunu edərkən təbii ki, elmi araşdırmalarla effektivliyi sübut edilmiş üsullardan istifadə edilməlidir.

Sürətli texnika nədir?

Sürətli texnika bir çox dil və nitq problemləri üçün istifadə edilə bilən toxunma işarələrinə əsaslanan nitq terapiyası üsuludur. Bu Artikulyasiya pozğunluqlarından qazanılmış dil pozuntularına qədər bir çox sahədə istifadə edilə bilər.

Artikulyasiya terapiyası nədir?

Tələffüz terapiyası nitq səslərinin səhv istehsalına yönəlmiş tədqiqatlara aiddir. Kiçik uşaqlardan tutmuş böyüklərə qədər müxtəlif yaş qruplarına tətbiq oluna bilər.

Ev şəraitində loqopedik fəaliyyət tətbiq etmək olarmı?

Bəli, tətbiq olunur. Xüsusilə yerimə qabiliyyətini qismən və ya tamamilə itirmiş xəstələr üçün terapevtlər evdə loqopedik fəaliyyət göstərirlər.

Xatırladaq ki, evdə danışıq terapiyasında terapevtin valideynlərə evdə işləmək üçün verdiyi məşqlərə əməl etməklə də yaxşı irəliləyiş əldə edilə bilər.

Onlayn danışıq terapiyası faydalıdırmı?

Bu tip terapiya loqopedlərə çıxışı olmayan bölgələrdə davam etdirilə bilər. Hesab edilir ki, bu məsələ seçim yox, zərurətdir.

Nitq və dil terapiyasının çətinlikləri hansılardır?

Problemi qəbul etmək və həlli istiqamətində birgə hərəkət etmək ailələr üçün ciddi problemdir. Bəzi ailələr uşaqlarında belə problemə dözə bilmir və vəziyyəti inkar edirlər. Bəziləri bunu qəbul edir, lakin həllini yalnız loqopedlərin öhdəsinə buraxaraq öz vəzifələrini yerinə yetirməkdə çətinlik çəkirlər. Bəzi insanlar bu yola başlasalar da qısa müddətdən sonra imtina edirlər.

Prosesi sona qədər səbirlə keçən ailələr istənilən nəticəni əldə edə bilərlər. Uşaqlar üçün bu, məktəbdən və məktəbdə verilən ev tapşırıqlarından çox da fərqlənmir. Ümumilikdə isə ailələrin prosesə cəlb olunması çox vacibdir.

Loqoped - kəkələmə üzrə mütəxəssis, Dioloji Nitq Psixoligiya Mərkəzinin direktoru Tural Hasani: “Bəli, görmüşəm o metodu. Öncə qeyd etmək istərdim ki, bizim işlədiyimiz uşaqlar xüsusi qayğıya ehtiyacı olan uşaqlardır və bu cür uşaqlarla bəzən xüsusi metodla, yəni yüksək səs tonu, sərt nitqi buyruqlar işlənməlidir.

Biz adi məktəbəqədər uşaqlarla işləmirik. O səbəbdən də asta səs tonu ilə yanaşma etsək effekt əldə etməyəcəyik. Çünki bəzi diaqnozlar var ki, hansı ki, diqqət yayğınlığı, autizm spektor pozğunluğu, əqli potologiyalarda yüksək səs tonu bilavasitə fikrin pasientə çatdırılması üçün əsas amildir. Lakin əllə sərt təmas, uşağa fiziki şiddət istənilən halda yolverilməzdir.

O xanım loqoped yalnız və yalnız yüksəs səs tonu ilə seans keçsə idi, bunu tam normal qəbul edərdim. Lakin əllə sərt şəkildə təması xanımın lehinə danışmamağa məni vadar edir. Biz müəllimik, pedoqoquq. Pedoqoqun isə əsas metodu səs tonu və sözləri olmalıdır”.


Psixoloq Fərqanə Mehmanqızı: “Bizim mərkəzdə loqopedlər var. Amma uşaqla belə davranış düzgün deyil. Bəli, uşaqla komandalarla işləmək var. Amma bu zaman uşağın şəxsinə yönələn tənqid, psixoloji təcavüz etmək olmaz. Bu zaman uşaqda travmalar əmələ gələ bilər. Bu da onu analiz etdikdən sonra müəyyən olunur.

Qaydalar müxtəlifdir. Amma belə metod yoxdur. Məsələn, “Al”, “Ver”, “Götür” və “Qoy” deyilməsi normaldır. Amma “Ağ elədin", "gördün adamı necə tabe edirlər?!" kimi ifadələr normal deyil”.

Bacısı həssas uşaqlar qrupuna aid olan şəhər sakini Aytac Şahin: “Həssas uşaqlarla işləmək özlüyündə müəyyən səbir tələb edir. Əgər səbirin yoxdursa, bu işi sevmirsənsə, nə üçün həmin peşədə çalışmağa davam edirsən?

Valideynlər “bu mənim müalicə üsulumdur” deyən belə ucuz dırnaqarası loqopedlərə inanmamalıdır. Seansı 20 manatdan aşağı olub, bütün vaxtlarını “Tiktok”-da canlıya sərf edən şəxslərdən effektiv nəticə gözləmək yanlışdır. Xüsusi uşaqları mütəxəssislərə etibar etmək daha uyğun və təhlükəsizdir.

Mənim bacım da həssas uşaqdır. Sudurğası olduğu üçün loqoped yanına qoymamışıq. Bu cür videoları görəndən sonra doğru qərar aldığımızı düşünürəm.

Ancaq işinin peşəkarı olan loqopedlər var. Onların haqqına girmək düzgün deyil”.

Ayşən Vəli