Elimizi istismar edən “Oba”mız – KÜNCDƏN BAXIŞ

14 Noyabr 2023 13:35 (UTC+04:00)

Elçin Bayramlı

I YAZI

Son vaxtlar mağazalarda işləyən işçilərin istismarı ilə bağlı mediada və sosial şəbəkələrdə saysız hesabsız fkatlar, şikayətlər, tələblər işıqlandırılsa da, bu problemə son qoyulmur. Nə mağaza sahibləri, nə də aidiyyatı orqanlar bununla bağlı hər hansı bir ciddi tədbirlər görmürlər. Həm kiçik məhəllə dükanlarında, həm mağazalar şəbəkələrində işçilər əmək hüquqlarının kobud pozulması şəraitində ən aşağı maaş müqabilində istismar olunur. Bir çoxunda işçilər sutkada 10-12-14 saat işlədilir, üstəlik bir neçə iş bir nəfərə yüklənir. İşçi həm kassaya baxır, həm satıcıdır, həm fəhlədir, həm xidmətçi...

Belə əmək istismarı ilə fəal məşğul olan mağazalar şəbəkələrindən biri də “Oba Market”dir. Ucuz və keyfiyyətsiz məhsullar üzrə ixtisaslaşmış bu mağazalar şəbəkəsi ən çox şikayət olunan müəssisələrdəndir. “Oba” mağazalarında işçi tapmaq problemə çevrilir. Bəzən kassaya xidmətçi baxır, şöbələrdə nəsə soruşmağa işçi yoxdur, kassada işləyən həm fəhləlik edib malları anbara və ya rəflərə daşıyır, həm döşəməni silir, həm qaçıb tərəzidə meyvə-tərəvəz çəkir, kassanın qarşısında gözləyən adamlar şikayətlənəndə isə yüyürüb kassanı işlədir. Bütün bunların müqabilində isə əməkhaqqı nə qədər olsa yaxşıdır? Minimum əməkhaqqı qədər- 350-400 manat.

“Oba”nın işçiləri tualetə belə getməyə imkan tapa bilmir, azı 10 saat ayaqüstə dayanmağa məcbur olur, bir çox hallarda nahar belə edə bilmir, çünki dükanda təkdir. Hər hansı oğurluq və digər zərər olduqda isə bu işçilərin qəpik-quruş maaşından tutulur.
“Oba Market” şəbəkəsi iş tapa bilməyən gənclər kütləsindən necə lazımdı bəhrələnir. İşə dəvət olunanları müxtəlif bəzəkli vədlərlə aldadır ki, bəz burada karyera qıracaqsınız, gələcəkdə daha üstün işlərdə işləyə bilərsiniz. Ona görə də bu mağazalarda ancaq başqa yerdə iş tapa bilməyən əlacsız gənclər işləyir. Onlar qeyri-insani iş şəraitində həm sağlamlıqlarını itirir, həm də sosial həyatdan təcrid olunurlar. Bütün bunların müqabilində şirkət xeyli gəlir əldə edir.

“Oba market”də tez-tez saxta, keyfiyyətsiz, vaxtı keçmiş qida məhsulları aşkar olunsa da, şirkət rəhbərliyi hər dəfə bir bəhanə ilə vəziyyətdən çıxmağa çalışır, materialları mediadan sildirir, lakin vəziyyəti düzəltmək haqda heç fikirləşmir də. Alıcılar isə işçilərlə dalaşır, onları təhqir edirlər. Şirkət rəhbərliyi həmişə sudan quru çıxır.

Şirkətlə bağlı qanunsuzluqları ifşa edəndə gətirdikləri arqumentlərdən biri də budur ki, bəs biz neçə min adamı işlə təmin etmişik. Cənablar, bağışlayacaqsınız, bu işlə təmin etmək deyil ey, bu insanları qul kimi işlədib istismar etməklə xeyli gəlir əldə etməkdir. Hər şeyi öz adı ilə çağıracaqsınız.

Bu yazıda diqqət çəkmək istədiyimiz sırf əmək hüqualarının pozulması məsələsidir. Bu mağzalarda satılan keyfiyyətsiz, vaxtı keçmiş məhsullarla bağlı ayrıca yazımız olacaq.

Qeyd edək ki, “Oba Market” şəbəkəsi “Veysəloğlu” şirkətlər qrupuna daxildir. Şirkətin digər mağazalarında da belə hallar var, lakin ən pis vəziyyət məhz “Oba” mağazalarında olduğu üçünbu yazıda ondan danışmağa çalışdıq.

Bəli, biznesin vicdanı olmur, burada ən ali dəyər puldur, qazancdır, bunu başa düşürük, ona görə də belə şirkətlərdən heç vicdanlı yanaşma da gözləmirik. Gözlədiyimiz vətəndaşların əmək hüquqlarını təmin etməli olan aidiyyatı orqanlardandır. Hansılardan? Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən, Həmkarlar təşkilatından. Hörmətli məsul şəxslər! Məgər siz fasiləsiz olaraq media və sosial şəbəkələrdə ictimailəşdirilən faktları, şikayətləri, tələbləri görmürsünüz? Əlbəttə görürsünüz! Bəs niyə tədbir görmürsünüz? Öz işinizi yerinə yetirmirsinizsə, onda niyə dövlətdən maaş alırsınız? Komfort kabinetlərdə oturub bahalı kofe içməklə deyil ey. Çıxın sahələrə, baxın vəziyyətə, qanunların tələblərini yerinə yetirilməsini təmin edin, qanunları pozanları cəzalandırın. Əgər bunları edə bilmirsinizsə, onda zəhmət olmasa istefa verin, gedin başqa işlə məşğul olun.

O ki, qaldı Qida Təhlükəsizliyi Agentliyinin mağazalarda satılan saxta və keyfiyyətsiz məhsullarla bağlı ciddi tədbirlər görməməsinə, bu barədə növbəti yazımızda.