Gennadi Burbulis Bakını sevirdi, Azərbaycanı sevirdi

12 Noyabr 2023 22:15 (UTC+04:00)

Mən həmişə Gennadi Burbulisin dərin zəkasına, təfəkkürünün böyüklüyünə, onun həyatı fəlsəfi anlamasına valeh olmuşam. O, alicənab, pula-mala tamahı olmayan adam idi. Gennadi Eduardoviç həmişə öz ölkəsinə pərəstiş edir, dünyada baş verənləri izləyir, gördüyü problemləri daxilən yaşayırdı.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiyanın Əməkdar jurnalisti Mixail Qusman bu fikirləri Rusiyanın dövlət və siyasət xadimi Gennadi Burbulisin “Politosofiya” kitabının təqdimat mərasimində deyib. Boris Yeltsin Mərkəzi tərəfindən nəşr edilən kitabın təqdimatı IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçirilib.

Gennadi Eduardoviç ilə şəxsən tanışlığından danışan Mixail Qusman deyib: “Ömrünün son günlərinədək biz onunla təmasda idik. Bunda hansısa faciəli simvolik məna var. Burbulis Bakını sevirdi, Azərbaycanı sevirdi, burada böyük hörməti vardı. Faciəlidir ki, o, məhz Bakıda həyatdan köçdü”.

Rusiya jurnalistikasının ustadının sözlərinə görə, o, Gennadi Burbulisin həyatda nadir hallarda rast gəlinən insani saflığına həmişə valeh olub.

“Mənim anlayışımda o, hər şeyə - həyata, yaranan vəziyyətə, ailəyə münasibətdə misilsiz keyfiyyətlərə sahib insan idi”, - deyə o əlavə edib.

Mixail Qusman əminliyini bildirib ki, Burbulis Rusiya Federasiyası adı altında yeni yaradılmış ölkənin ilk rəhbərlərindən biri kimi tarixin yaddaşında qalıb: “Mən bunu belə ifadə edərdim, biz hələ ovaxtkı Rusiyanın ilk liderlərinin, - onların arasında xüsusi, parlaq, əvəzolunmaz yeri Gennadi Burbulis tuturdu, - həyata keçirdikləri siyasi irsi və siyasi şücaəti hələ dərk etməliyik”.