Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində yazıçı Zahirə Cabirin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Azərbaycanlı” kitabının təqdimatı və imza saatı keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, təqdimat mərasimi F.Köçərli adına Respublika Uşaq Kitabxanası və “Everest” Nəşriyyat evinin birgə təşkilatçılığı ilə sərginin Şuşa təqdimat zonasında təşkil olunub.
Əvvəlcə C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin vokal sinfinin şagirdi Beynəlxalq müsabiqələr laureatı Atilla Qərib və “Renesans” uşaq xorunun ifasında Ulu Öndərə həsr olunmuş “Əbədi zirvə” mahnısı səsləndirilib.
Təqdimatda müəllif qeyd etdi ki, kitabı yazmaqda məqsədi Ulu Öndərin uşaqlığını bir nümunə olaraq kiçik yaşlı oxuculara təqdim etməklə, onun milli-mənəvi dəyərlərimizin qoruyucusu kimi yüksək mənəvi keyfiyyətlərini göstərməkdir.
Yazıçının kitabda 13 hekayəsi yer alıb.
Kitabın naşiri Nemət Əliyev, redaktoru Aida Cahangirova, rəssamı Mərziyə Hüseynovadır.
Kitabın redaktoru və naşiri kitabla bağlı fikirlərini bölüşüblər. Qeyd etdilib ki, dahi şəxsiyyət, böyük Azərbaycanlı Heydər Əliyev haqqında yazılan hekayələr real tarixi hadisələrə əsaslanmaqla onun şanlı həyat yolunu oxuculara daha yaxından tanıdacaq.
Bakı Dövlət Universitetinin dosenti Knyaz Aslan çıxışında kitabın yüksək peşəkarlıqla hazırlandığını bildirib: “Kitabda toplanmış hekayələr “Ana laylası” ilə, yəni Ulu Öndərin dünyaya gəlişi ilə başlayıb, “Heydər zirvəsi” hekayəsi ilə bitir. Düşünürəm ki, bu hekayələr gələcək nəsillərə Ümummilli Liderin şəxsiyyəti və ömür yolu nümunəsi əsasında uğurlar əldə etməyə imkan verəcəkdir”.
Tədbir C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin vokal sinfinin şagirdi, beynəlxalq müsabiqələr laureat Atilla Məmmədlinin ifasında “Sən elə bir zirvəsən” mahnısının ifası ilə yekunlaşıb.
Tədbirdən sonra Respublika Uşaq Kitabxanasının stendində yazıçının imza saatı keçirilib.
Qeyd edək ki, noyabrın 15-dək davam edəcək 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində F.Köçərli adına Respublika Uşaq Kitabxanası xüsusi stendlə təmsil olunur.