Azərbaycanın daha çox hansı peşə sahiblərinə ehtiyacı var? - EKSPERT AÇIQLADI

7 Noyabr 2023 13:57 (UTC+04:00)

“Bu gün peşə seçmini peşə sahibi deyil, əmək bazarı müəyyən edir. Hansı peşə sahiblərinə ehtiyacın olması əmək bazarının ehtiyaclarına cavab verən mütəxəssis hazırlığından asılı vəziyyətə düşüb. Çünki, zəmanəmiz xüsusi ilə rəqəmsal bacarıqların artırılması və programlaşdırma üzrə mütəxəssis hazırlığını prioritet istiqamətə çevirib. Bununla əlaqədar dördüncü sənaye inqilabının mövcudluğu, dünyada gedən rəqəmsallaşma tendensiyaları ilə bağlı müasir texnologiyaların geniş yayılması və tətbiq edilməsi ilə bəzi peşələrin yaxın illərdə ortadan qalxacağı və buna hazırlıqlı olmanın zəruriliyinə diqqət çəkilib”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.



Nadir İsrafilov sözlərinə belə davam edib: “Bəzi tədqiqatlara əsasən qarşıdakı onilliklərdə bir çox iş və xidmət avtomatik olaraq robotlar və kompüter tətbiqləri vasitəsi ilə görüləcək. Nəqliyyat, logistika, ofis və inzibati dəstək kimi işlərin avtomatlaşdırma yolu ilə aparılması nəzərdə tutulur. Bir sözlə bəzi peşələrin avtomatlaşdırılması, bəzilərinin robotlaşdırılması gözlənilir. Belə görünür ki, hansı peşənin seçilməsindən asılı olmayaraq, informasiya texnologiyaları bütün peşələrin əsasını təşkil edəcək və bütün iş proseslərinə təsir edəcək. Ona görə proqramçılar həmişə axtarılan kadr olacaqlar. Başqa sözlə, biliyin özünü deyil, onun öyrənmə metodunu bilən və analitik sintez qabliyyəti olan mütəxəssislərə ehtiyac yaranacaq.

Araşdırmalara görə, gələcəkdə texnologiya və kompüter elmləri ilə birləşməyən bir peşə olmayacaqdır. Buna görə də, artıq yeni vəziyyətlərə uyğunlaşmaq, problemi həll edə bilən, alqoritmik düşüncəya sahib olan, özünə güvənən, birlikdə işləmək, ünsiyyət bacarığı yüksək olan mütəxəssis hazırlanması getdikcə zərurətə çevrilir.

Bir çox peşələrin avtomatlaşdırılması və robotlaşdırılması nəticəsində işsişliyin qaçılmaz olacağı da gözləniləndir. Buna görə də yaxın illərdə məşgulluğun artması istiqamətində aparılan işlər daha da genişləndirilməlidir. Peşə təhsili ilə orta ixtisas təhsilli üzrə müasir tələblərə cavab verən mütəxəssislərin hazırlığına diqqət artırılmalı, ali təhsilli mütəxəssis hazırlığı üçün ali təhsil ocaqlarında rəqəmsal bacarıqların artırılması və programlaşdırma üzrə mütəxəssis hazırlığı prioritet istiqamət olmalıdır”.

Ayşən Vəli