“Dövlət bayrağımız dünyanın hansı yerində yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıların milli qürur mənbəyidir. 9 noyabr günü təqvimimizdə ən gözəl bayramlardan biridir. 1918-ci ildə ucaldılan bu bayraq Sovet dövründə qadağan edilsə də, hələ SSRİ, Sovet sisteminin, Kommunist ideologiyasının mövcud olmasına baxmayaraq, 1990-cı il noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin ağsaqqal deputat olaraq sədrlik etdiyi Naxçıvan Muxtar Respublikasının parlamentində dövlət bayrağı olaraq qəbul edildi”. Bu sözləri SİA-ya millət vəkili Musa Qasımlı deyib.
Deputat bildirib ki, Bakıya Cümhuriyyətimizin bayrağının Azərbaycanın dövlət bayrağı olaraq qəbul edilməsi tövsiyyə edildi: “Bu sadəcə bir bayraq qəbul edilməsi demək deyildi. Sovet dövləti kommunist ideologiyası müstəqilliyimizin rəmzi olan bayrağımızın əleyhinə idi.
Naxçıvanda bu bayrağın qaldırılması ilə müstəqil dövlətçiliyin təməli qoyuldu. 44 günlük Vətən müharibəsində və lokal xarakterli anti-terror tədbirləri zamanı əsgərlərimiz öz üzərlərində Azərbaycan bayrağı daşıdılar. Hər bir qələbədən sonra evlərin balkonlarında, maşınlardan Azərbaycan bayrağı asıldı.
Oktyabrın 15-də cənab Prezident İlham Əliyevin Xankəndində bayraq ucaltması möhtəşəm tarixi hadisə oldu. Bununla dövlət suverenliyi bütün ərazilərdə bərqərar edildi”.