“Məlumdur ki, 70 illik Sovet dövründə dini fəaliyyət, o cümlədən bu istiqamətdə təhsil çox məhdud çərçivədə həyata keçirilirdi. Sovet İttifaqı ərazisində İslam dininin tədrisi üzrə yalnız Özbəkistanda “Mir Ərəb” mədrəsəsi,daha sonra isə Daşkənd İslam İnstitutu fəaliyyət göstərirdi. Bu tədris ocaqlarında Azərbaycandan çox məhdud sayda insan oxumaq imkanı əldə edirdi. Bu səbəbdən, dövlət müstəqillliyimizi əldə etdiyimiz ilk illərdə ölkədə din sahəsində ciddi mütəxəssis qıtlığı mövcud idi və həmin illərdə xaricdə dini təhsil almaq bir ehtiyaca çevrilmişdi”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov deyib.
Prorektor bildirib ki, hazırda isə ölkəmizdə dini təhsil sahəsində mövcud durumu qənaətbəxş hesab etmək olar: “Hər şeydən əvvəl qeyd edilməlidir ki, vətəndaşlarımızın ali dini təhsil almaq üçün digər ölkələrə getmələrinə ehtiyac yoxdur. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) verilən ali dini təhsil bu ehtiyacı tamamilə qarşılayır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradılmışdır. Sərəncamda da qeyd olunur kimi, İnstitutun yaradılmasında əsas məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub-saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etməkdir. Bu sərəncamla ölkəmizdəki ali din təhsili yeni mərhələyə qədəm qoymuşdur. Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsi İnstitutun tərkibinə daxil edilmiş, bununla da güclü bazaya malik olan bir ali təhsil müəssisəsi fəaliyyətə başlamışdır.
Ölkəmiz, artıq öz milli kadrlarını hazırlamaq üçün kifayət qədər bazaya malikdir. Ödənişsiz təhsil həyata keçirən Azərbaycan İlahiyyat İnstitutu yüksək elmi təfəkkürə malik olan kadrların rəhbərliyi ilə milli-mədəni irsi anlayıb-dəyərləndirən, mövcud problemlərə dair həll yolları irəli sürən, ilahiyyat sahəsində möhkəmbiliklərə yiyələnmiş kadrlar hazırlamağı qarşısına məqsəd qoyub. İnstitut məzunlarının bir qismi müxtəlif məscidlərdə din xadimi kimi fəaliyyət göstərir, bəziləri isə təhsillərini magistratura səviyyəsində davam etdirirlər.
Yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üçün savadlı gənclərin İnstituta cəlb edilməsi, İnstitutu seçən tələbələrin müəyyən baza təhsilinin olması da vacibdir.Orta məktəblərdə bəzi fənlər daxilində dini bilgilər tədris edilsə də, bu, kəmiyyət və keyfiyyət baxımından kifayət etmir. Yaxşı olardı ki, orta məktəblərdə dini bilgilər daha geniş tədris edilsin. Dünyanın bir çox ölkəsində din təhsili verən tədris müəssisələri mövcud olmaqla yanaşı, ümumtəhsil məktəblərində, eləcə də ali təhsil müəssisələrində də dinlərə dair fənlər tədris olunur. Türkiyə, Rusiya, Almaniya, Böyük Britaniya, Yunanıstan, Avstriya və digər dünyəvi təhsil sisteminə malik dövlətlərdə dinlər və ya müəyyən bir din haqqında məlumatları ehtiva edən müxtəlif fənlər tədris olunur. Tədris zamanı bütün dinlər haqqında məlumatın verilməsi daha məqsədəuyğundur. Belə fənlərin keçirilməsində məqsəd dinlərin ümumbəşəri əxlaqi dəyərlərinin şagirdlərin mənəvi dünyalarına töhfə verməsidir. Burada şagirdlərə din haqqında məlumat verilməklə yanaşı onların mənəvi-əxlaqi dəyərləri mənimsəmələrinə də diqqət ayılır. Şagird və tələbələr dinlə əlaqəli dərslərdə təkcə öz mənsub olduqları din haqqında deyil, digər dinlər haqqında da obyektiv və qərəzsiz məlumat əldə etdikdə tolerant yanaşmanı mənimsəyirlər”.