Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziyası (AzTV) və Azərbaycan Respublikası Kino Agentliyinin birgə təşkilatçılığı 8 noyabr – Qələbə Gününə həsr edilmiş “Döyüşən rəssamlar” adlı tədbir təşkil olunub. SİA xəbər verir ki, tədbirdə 1-ci Qarabağ savaşında və 44 günlük Vətən Müharibəsində iştirak etmiş rəssam qazilərin döyüş təəssüratlarından ibarət “Kətan, Vətən” adlı sənədli filmin nümayiş olunub. “Azərbaycantelefilm” studiyasının istehsalı olan və dörd rəssamın müştərək işini əks etdirən filmdə 1-ci Qarabağ müharibəsində döyüşmüş Tərlan Eyvazov və İntiqam Ağayevin, həmçinin 2020-ci il Vətən Müharibəsində döyüşmüş Cavidan Rəhmətov və Fərid Əhmədovun müharibəyə insani və yarıdıcı yanaşmaları öz əksini tapmışdır.
Detallarla zəngin olan filmin ssenari müəllifi və rejissoru Rövşən Nicat, operatoru Elxan Rüstəmov, layihə rəbəri isə Elçin Musaoğludur.
Film boyu danışılan kövrək xatirələrin, işlənən rənglərin müşayiəti ilə 6 metrlik kətan üzərində çəkilən “Zəfərə gedən yol” adlı rəsm əsəri yaranıb. Filmin sonunda göstərilən dörd rəssamın 6 metrlik kətan üzərində birgə çəkdikləri "Zəfərə gedən yol" adlı panno sərgidə nümayiş olunacaq.
Tədbir çərçivəsində həmçinin Muzey Mərkəzinin 3 sərgi zalında Zəfər yoluna və bu yolda önəmli pay sahibi olan şəxslərə həsr olunan ümumilikdə 6 rəssamın 55 işi təqdim edilib. Tərlan Eyvazov, İntiqam Ağayev, Cavidan Rəhmətov, Fərid Məmmədovla yanaşı Pəri Əsgərova və Fəxri Musazadənin də əsərləri nümayiş olunub.