Etiraf: "İndi bütün ölkələrdən gələn mesaj eynidir, Sünikdə (Zəngəzurda) təmsil olunmaq"
Zəngəzur dəhlizi məsələsinin daha sonrakı vaxta qədər yubadılması prosesinə demək olar ki, son qoyulmaq üzrədir. Məsələ ondadır ki, "iki ayağını bir başmağa dirəyən" rəsmi İrəvan dəhliz məsələsinin həll olunmayacağı halda daha pis nəticələrə gəlib-çıxacağını necə deyərlər, qanmağa başlayıb.
Ermənistan XİN-in müavini Paruyr Ovannisyan: "Düşünürəm ki, digər ölkələrdən də diqqət artacaq"
Belə ki, Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Ovannisyan Rusiyanın Zəngəzurda konsulluq açmaq qərarı ilə bağlı danışarkən deyib ki, ölkələr icma, iqtisadi və siyasi maraqları və sairi nəzərə alaraq konsulluqlar açır: "Vəziyyət İrandakı kimidir, Fransa bunu açıqlayıb. Düşünürəm ki, digər ölkələrdən də diqqət artacaq", - Ermənistan iqtidarının rəsmisi etiraf edib.
Digər tərəfdən, İran və Fransa məsələsində "Ermənistanın ərazi bütövlüyünün qorunması" ilə bağlı bəyanatların səsləndirilməsi və Rusiya tərəfinin siyasi mesajının nədən ibarət olması ilə bağlı məqamlara gəlincə, Ovannisyan söyləyib ki, konsulluğun açılması həm də siyasi komponenti ehtiva edir: "Amma burada söhbət mərkəzləşdirilməmiş əməkdaşlıqdan, iqtisadi maraqlardan, mümkün uyğun enerji nəqliyyatı layihələrindən gedir. Siyasi komponent ondan ibarətdir ki, bu regiona bütün nəticələri ilə maraq var".
XİN rəsmisi baş nazir Nikol Paşinyanın deyə bilmədiyi ifadələri məhz Paşinyanın göstərişi ilə ictimailəşdirib
Fakt isə budur ki, Ermənistan rəsmisi Zəngəzura artan marağın dəhlizlə bağlı olduğunu gizlətməyib və yaxın zamanlarda, hətta çox (!) yaxın vaxtlarda Zəngəzur dəhlizinin açılacağını istisna etməyib. Daha dəqiq desək, XİN rəsmisi baş nazir Nikol Paşinyanın deyə bilmədiyi ifadələri məhz Paşinyanın göstərişi ilə ictimailəşdirib.
Terrorçu "ASALA"nın məhvi gündəmdədir - səbəblər...

Yeri gəlmişkən, zaman-zaman, ötən əsrin 70-ci illərindən başlayaraq əvvəlcə Türkiyəyə, daha sonra isə Azərbaycana qarşı qanlı terror əməlləri ilə yaddaqalan "ASALA" erməni terror qruplaşmasının Ermənistan hökumətinə müharibə elan etdiyini və ona qarşı terror aktları hazırladığını əks etdirən videosunun yayılması da təsadüfi deyil. Çünki Ermənistanın rəhbərliklərinin Azərbaycanın diktəsinə və şərtlərinə əməl etmək maraqlarının artması da bu amili kifayət qədər ehtiva etməkdədir. Düzdür, "ASALA" elə sanır ki, öz istəyinə nail ola və regiondakı proseslərə təsirini göstərmək imkanına malik olduğunu terror əməlləri ilə təsdiq edə bilər, amma fakt budur ki, nə zaman o zaman, nə də siyasi kataklizmlər həminkilər deyil. Cürət edərək Azərbaycanın və regionun maraqlarına qarşı çıxış etdikləri halda bu terror təşkilatı da bütün heyəti ilə məhv ediləcək.
Afət Tahirqızı