“Teatr yalnız mədəniyyət sahəsi deyil,..." - DEPUTAT FİKİR BİLDİRDİ

6 Noyabr 2023 14:31 (UTC+04:00)

“I Beynəlxalq TÜRKSOY Teatr Festivalının Azərbaycanda keçirilməsi mühüm hadisədir. Bu il TÜRKSOY-un 30 ili tamam olurdu və belə bir qurumun mədəni tədbirlər keçirməsi türk inteqrasiyasının çox vacib şərtidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov deyib.

Deputat bildirib ki, Astanada Türk Dövlət başçılarının görüşü baş tutdu: “Bu toplantıda da qeyd olundu ki, türk dünyasının mədəniyyətində birləşdirici hadisələr baş verir. Artıq Türk dünyasında mədəni birlik siyasi birliyə çevrilib. Teatr üçün də bu çox vacibdir. Çünki teatr yalnız mədəniyyət sahəsi deyil, həm də siyasi bir hadisədir. Burada mövzular kifayət qədər ümumidir, ideyalar ümumtürk dünyasını birləşdirəcək səviyyədədir.

Ümumtürk teatrında daha çox "Dədə Qorqud", "Koroğlu" obrazları meydana çıxır. Bu bir tərəfdən tarixə müraciət, bir tərəfdən də qəhrəmanlıq motivlərinin güclənməsidir. Mədəniyyətin inkişafı baxımından da idealların xalqları birləşdirməsi vacib məsələdir”.