26-lar bağı haqqında yeni faktlar BƏLLİ OLDU - ŞƏRH EDİLDİ

4 Noyabr 2023 10:50 (UTC+04:00)

"Bu gün Azərbaycan tarixinə Sahil bağı kimi daxil olan ərazi vaxtilə "26-lar bağı" kimi tanınırdı. Məlum olduğu kimi, 1917-ci ilin fevralında Çar Rusiyasında burjua inqilabı baş verdi. Nəticədə 300 ildən çox hakimiyyətdə olan Ramanovlar sülaləsi devrildi və Rusiya respublika elan olundu. Vaxtilə Rusiya tərkibinə daxil olan xalqlar, o cümlədən, Azərbaycan xalqı Rusiyadan ayrılıb müstəqil dövlət kimi yaşamaq istəyirdi. Təəssüf ki, 1917-ci ilin oktyabrında Rusiyada bolşeviklər hakimiyyətə gəldi. Bolşeviklər Çar Rusiyasının işğal etdiyi əraziləri Sovet Rusiyası adı altında bərpa etmək istəyirdilər. Ona görə də bolşeviklərin Daşnaksütyun partiyası ilə müttəfiqlik etməsi Azərbaycanda, o cümlədən, Bakıda ağır vəziyyətin yaranmasına səbəb oldu". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, həm bolşeviklər, həm də daşnaklar Azərbaycana məxsus olan Bakı şəhərində özlərini bu torpaqların sahibi kimi aparırdılar: "Təsadüfi deyil ki, 1918-ci ilin martında Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti qurumu Daşnaksütyun və Erməni Milli Şurası ilə birləşərək Azərbaycan xalqına qarşı soyqırımı törətdilər. Təkcə Bakı şəhərində 11 mindən çox azərbaycanlı qətlə yetirildi, evləri yandırıldı və əmlakları müsadirə edildi. Ona görə də 1918-ci ilin aprelində Bakı Xalq Komissarları Soveti deyilən bir qurum yaradıldı. 26 komissar daxil olan bu qurum Mart soyqırımından sonra azərbaycanlıların cənazəsi üstündə hakimiyyətə gəldi. 1918-ci ilin iyulun sonuna qədər hakimiyyətdə oldular. Lakin sonradan Bakıda hakimiyyət dəyişikliyi oldu. Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti qüvvələri Azərbaycanı tərk etmək istədilər. Amma onlar Türkmənistan ərazisində həbs edildi və bu komissarlar güllələndi. Güllələnmələrinin səbəbi isə o idi ki, Bakı Xalq Komissarları Soveti qurumundan sonra hakimiyyətə gələn Sentrokaspi diktaturası onların xalqın əmlakını taladığını elan etmişdi".

Deputat sözlərinə davam edərək bildirib ki, 1920-ci ilin aprelində XI rus ordusu Azərbaycan Xalq Cümhuriyyətinin varlığına son qoydu: "Daha sonra Azərbaycan Sosialist Respublikası elan edildi. 1920-ci ilin sentyabrında şərq xalqlarının qurultayı keçirildi. Bu qurultay dövründə Ağcaqun çölündə güllələnən həmin komissarların sümükləri Bakıya gətirildi və təntənəli surətdə indi Sahil bağı adlandırılan ərazidə dəfn olundu. Bu ərazi "26-lar bağı" adlandırılmağa başlandı. SSRİ dağılan ərəfədə artıq bütün Azərbaycan bu bağın adının dəyişdirilməsini və xalqımıza düşmən olan komissarların sümüklərinin başqa yerdə dəfn edilməsini istədi. Nəticədə bu ərazinin adı dəyişdirilərək Sahil bağı adlandırıldı. Yəni, illər keçsə də tarixi həqiqət öz yerini tapdı".

Ləman Sərraf