Noyabrın 3-də Nizami Kino Mərkəzində Milli Məclisin deputatı mərhum Qənirə Paşayevanın sağlığında ikən Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr etdiyi "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin hazırladığı "Addım-addım Türkiyə" sənədli filminin təqdimatı olub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, filmin təqdimatından əvvəl ekran əsərinin rejissoru Elnurə Kazımova çıxış edərək layihə barədə məlumat verib, həmçinin sənədli filmin çəkilişi üçün Türkiyəni qarış-qarış gəzdiklərini bildirib. O, növbəti sənədli filmlərin yaxın müddətdə tamaşaçılara təqdim ediləcəyini deyib.
Qənirə Paşayeva ilə iyirmi ilə yaxın əməkdaşlıq etdiyini deyən Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı bildirib ki, onun haqqında keçmiş zamanda danışmaq çətindir: “Bu gün onun yaradıcılığının varlığında, bizdən fiziki ayrılığının 40-cı günündə Türkiyəni yenidən tanıyacağımız filmin təqdimatıdır. Bu layihə adından da bəlli olduğu kimi, Türkiyəni addım-addım tanıdan layihədir və Qənirə Paşayeva ömrünün son iki ayında ziyarət etmədiyi abidələri öz çəkiliş komandası ilə işıqlandırıb”.
Deputat Arzu Nağıyev vurğulayıb ki, Qənirə Paşayeva Türk dünyası və bütün dünyada tanınan ictimai xadim kimi yaddaşlara həkk olunub. “O, hər zaman siyasi xadim kimi Azərbaycanı, Türk dünyasını tərənnüm edirdi. Bu gün onun ərsəyə gətirdiyi film nümayiş olunur və bu, bir daha onun əziyyətlərinin bariz nümunəsidir”, - deyə deputat diqqətə çatdırıb.