“Vaksinasiya prosesinə nəzarət gücləndirilməlidir” - İNFEKSİONİST DANIŞDI

2 Noyabr 2023 16:32 (UTC+04:00)

“Dünyanın bütün ölkələrində milli vaksinasiya təqvimi var. Bu proses Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə hazırlanır. Bu təqvimə əsasən uşaqlar anadan olduqdan sonra ayrı-ayrı yaş qruplarında konkret vaksinlərlə təmin olunmalıdırlar”. Bu sözləri SİA-ya açıqlamasında həkim infeksionist Adil Qeybulla deyib.

Həkim bildirib ki, ölkəmizdə də bu proqrama əməl olunur: “Demək olar ki, bütün vaksinlər poliklinikalarda mövcuddur. Sadəcə olaraq son zamanlarda valideynlər vaksinasiya prosesindən yayınır, uşaqları vaxtı-vaxtında vaksin etdirmirlər. Bu məsələ üzərində də ciddi nəzarət yoxdur. Bu baxımdan bəzən uşaqlar vaksinasiya olunmadığından zamanında kütləvi ölümlərə səbəb olan infeksiya və xəstəliklər baş qaldırır. Bu xəstəliklər sırasında qızılca da yer alır. Düzdür, hazırda Azərbaycan səhiyyəsi öz imkanları ilə xəstələyin yayılmasını zamanında lokallaşdıra bilir. Lakin istənilən halda vaksinasiyadan yayınmaq daha acınacaqlı vəziyyətlərə səbəb ola bilər. Ayrı-ayrı imkanlara sahib 12 vaksin mövcuddur. Məhz bu vaksinlər uzun müddətdir ki, uşaqlar arasında tələfatın minimuma endirilməsinə şərait yaradıb. Buna görə də vaksinasiya prosesinə nəzarət gücləndirilməlidir”.