Viktoriyanın cəlbedici görüntüləri yayıldı - FOTOLAR

2 Noyabr 2023 07:15 (UTC+04:00)

Viktoriya Bekhem Fransanın "Vogue" jurnalı üçün poza verib. SİA xəbər verir ki, 49 yaşlı dizayner müsahibəsində öz adını daşıyan geyim və kosmetika markası "Victoria Beckham"ın nəhayət gəlir əldə etdiyini bildirib. Ulduz jurnal üçün tarlada və avtomobildə poza verib. Fotosessiya üçün o, qısa ətək, həmçinin pencək, bol və dəri gödəkçə geyinib.

"Bu, hələ başlanğıcdır. Ambisiyalarım çoxdur və məqsədlərimə çatmaq üçün çox çalışıram. Bu il qazanc əldə etdik! Xüsusilə müstəqil brend üçün vaxt lazımdır. Artıq təməlini qoymuşam. Odur ki, biz real işə başlaya bilərik", -Viktoriya qeyd edib.

Müsahibədə Viktoriya "heç vaxt gülümsəməyən sərt dəmir xanım" obrazını şərh edib.

"Sosial media dövründən əvvəl, daim paparassilərin nəzərləri altında olduğum zaman media mənim "həmişə pis əhval-ruhiyyədə olan və heç vaxt gülümsəməyən" imicini formalaşdırmışdı. İnsanlara belə deyilirdi və inanırdılar. "Spice Girls" qrupundakı günləri və medianın məni keçməyə məcbur etdiyi hər şeyi xatırlayanda, bunun həqiqətən mənə necə təsir etdiyini görürəm. Mən bu obrazdan razı deyiləm, bəzən həmişə pis əhval-ruhiyyədə olan biri olmaq çox zəhlətökəndir”, - dizayner etiraf edib.

Ulduz sevinir ki, insanlar nəhayət onun həqiqətən kim olduğunu görə bildilər. Eyni zamanda Viktoriya heç kimə nəyisə sübut etməyə çalışmadığını irəli sürüb. "İnsanların fikirləri məni çoxdan narahat etmir", - ulduz qeyd edib.

Məlumat üçün bildirək ki, 2021-ci il üçün hesabatlarda auditorlar Viktoriya Bekhemin moda evinin davam edəcəyinə şübhə etdiklərini yazmışdılar. Həmin vaxt onun şirkətinin 46 milyon funt sterlinqdən çox borcu var idi. Ulduzun dostları isə onun işində qərarlı olduğunu bildiriblər.