ABŞ qitələrarası ballistik raketi sınaqdan keçirəcək

1 Noyabr 2023 17:11 (UTC+04:00)

ABŞ bu gün - noyabrın 1-də “Minuteman III” qitələrarası ballistik raketini (ICBM) sınaqdan keçirəcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder brifinqdə bildirib.

“Minuteman III” raketi Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından buraxılacaq. Bu, cari ildə ICBM-in dördüncü sınaq buraxılışı olacaq. Əvvəllər testlər fevral, aprel və sentyabr aylarında aparılırdı.

“Noyabrın 1-də döyüş başlığı olmadan “Minuteman III” ICBM-in əvvəlcədən planlaşdırılmış sınaq buraxılışı olacaq”, - deyə Rayder bildirib.

O, buraxılışın strateji çəkindirmə sisteminin etibarlılığını nümayiş etdirmək üçün nəzərdə tutulduğunu və eyni zamanda Vaşinqton tərəfindən müttəfiqlərinə zəmanətə dair siqnal rolu oynadığını vurğulayıb.