Məlumdur ki, son zamanlar blogerlərin əksəriyyəti özlərinə geyim atelyeləri açır. Bəs, heç bir moda təhsili olmayan birilərinin bu addımı atması nə dərəcədə doğrudur? Hər bloger olan moda evi, yaxud atelye aça bilərmi? SİA mövzu ilə bağlı stil məsləhətçisi, geyim psixoloqu Rena Əliyevanın fikirlərini öyrənib.
Onun sözlərinə görə, bu mövzu bir çox insanı narahat edir: “Bu tendensiya əvvəldən belə olub. Belə ki, maddi vəziyyəti yüksək olan bəylər xanımları, yaxud sevgililəri üçün moda evləri açırdılar. Bu işdə ömrü boyu savadlı insanlar az olub. Savadlı olanlar da önə gedərək öz markasını qlobala çıxarır. Azərbaycanın bir çox markasının qlobala çıxmamağının səbəbi də elə sırf bu savadsızlıqdır. Çünki heç kəs özü işi ilə məşğul ola bilmir. Savadı olanda pul, pulu olanda da savad yoxdur”.
Rena Əliyeva sözlərinə belə davam edib: “Mən başa düşürəm ki, blogerlər yaxşı qazanır və qazanıqlarını da bir işə həsr etmək istəyirlər. Amma təəssüf ki, onların hamısı asan yola qaçır və eynilik etməyə çalışır. Axı, onlar niyə oturub biznes plan çıxarmır, ölkədəki boşluqlara baxmırlar? Məsələn, Azərbaycanda əyləncə sektoru çox zəifdir. Bu sahəni inkişaf etdirmək olar. Azyaşlı uşaqlar üçün məkanlar çox azdır. Uşaqların intellektini artıracaq məktəb tərzində yerlər aça bilərlər. Yaxud geyim yox, parça sata bilərlər. Çünki bizdə parça sferası da çox zəifdir. Hamı elə geyimə yönəlir. Bu sonu olan birşeydir. Bir çox bloger artıq bu işdən çəkilir. Çünki insanlar ad-sana görə bir-iki dəfə gəlir və sonda hər kəs keyfiyyət axtarır. Bloger olmayıb bu işi kifayət qədər yaxşı görən xanım və bəylərimiz var ki, müştərilər onlara yönəlir. İnternetdən hazır model tapıb onun eynisini tikdirməklə moda evi işlətmək olmur. Yaradıcılıq və düşünən beyin yoxdursa, o yer çox da işləmir. Bəzilərinin bu işə çox həvəsi var. Amma ən azından qazandığınız puldan bu sahədə inkişaf etmək üçün özünüzə ayırın. Heç olmasa iki onlayn dərs alıb özünüzü təkmilləşdirin. Ən narahatedici məqam da elə budur.
Azərbaycanda ümumi cəmiyyətin ən böyük problemi odur ki, hər kəs hər şeyi bildiyini düşünür. Bu səbəbdən də özünün üzərində işləməyə, təhsilə pul qoymağa ehtiyac görmür. Yaxşı olar ki, moda evlərini bu sahə üzrə savadı olanlar açsın. Yalnız bu yolla yaxşı inkişaf mümkündür. Hətta mən özüm bu sahənin içində ola-ola moda evi açmağı düşünmürəm. Çünki dizayner, yaxud dərzi deyiləm. Mən bədənləri və parçaları yaxşı tanıyıram. Bu sahədə gördüyüm başqa boşluqlar var və ona yönəlirəm”.
Ayşən Vəli