“Hər hansı bir mal aldıqda və ya karta vəsait yükləndikdə xidmət haqqı məqsədilə vergi çıxılır. Vergiyə dəyişiklik edildiyi halda bu kimi ödənişlər çıxılmaya bilər”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Rauf Qarayev deyib.
“Düşünmürəm ki, ƏDV-dən böyük məbləğdə alqı-satqı prosesi həyata keçirilsin. Adətən, kiçik ödənişlər üçün bundan istifadə olunur. Gərək geri qaytarılan ƏDV məbləği o qədər yüksək olsun ki, biz onunla yüksək qiymətə ödənişlər həyata keçirək. Bu dəyişikliyin müsbət tərəflərinin cüzi olduğunu hesab edirəm”,- deyə o əlavə edib.
İqtisadçı sözlərinə davam edərək bildirib ki, tibbi xidmətdə ƏDV-nin geri qaytarılması baxımından yüksək qiymətlər ola bilər: “Amma ümumilikdə əksəriyyət bu vəsaiti kommunal xidmətlərə, mobil operatorların və internetin ödənilməsi üçün istifadə edir. Bu da onu göstərir ki, ƏDV-nin geri qaytarılması üçün gəlir bir o qədər yüksək deyil. Yüksək olmadığı üçün əhali bundan hərtərəfli istifadə edə bilmir. Sadaladığım ödənişlərdən isə onsuzda vergi tutulmur. Vergi orqanlarının özü də maraqlıdır ki, bu, nağdsız şəkildə həyata keçirilsin. Nağd ödəniş baxımından məbləğ getdikcə azalır. Əhalini nağdsız ödənişə sövq edirlər. Onlayn ödənişin isə həm üstünlükləri, həm də mənfi cəhətləri var. Çünki son zamanlar fırıldaqçıların sayı artıb. Onlar bankların adından istifadə edərək əhalinin pulunu mənimsəyirlər. Təbii ki, bu da təhlükə yaradır”.
Ləman Sərraf