“Ev xanımını kiçiltmək və aşağı səviyyədə görmək düzgün deyil” - MÜNASİBƏT BİLDİRİLDİ

1 Noyabr 2023 13:27 (UTC+04:00)

“​Müasir dövrdə çalışan qadınların sayı gündən-günə artır. Bu da müxtəlif səbəblərlə bağlıdır. Qadınların bir qismi cəmiyyətə inteqrasiya olmaq, karyera qurmaq, öz maddi problemlərini həll etmək və digər səbəblərlə bağlı çalışmaq istəyirlər. Bəzi qadınlar isə əksinə, çalışmaq istəmir, vaxtını yalnız ailəsinə sərf etməyə üstünlük verirlər. Bu baxımdan, evdar qadınlar çalışanların, çalışan qadınlar isə evdar qadınların daha çox xoşbəxt olduğunu düşünürlər”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetin müəllimi, psixoloq, pedaqoq Günel Allahverdiyeva deyib.

Günel Allahverdiyeva sözlərinə belə davam edib: “İngiltərədə aparılan bir araşdırmaya görə, evdar qadınlar çalışan qadınlara nisbətən daha xoşbəxtdirlər. Araşdırma göstərir ki, evdar qadınlar evdə vaxt keçirərkən daha az sıxılır və özlərini daha dəyərli hiss edirlər. Qadınlar evdə uşaqları ilə vaxt keçirərkən özlərini daha xoşbəxt hiss edir və işə dönmək istəmirlər.

​Xoşbəxtlik insanın həyat amalından asılıdır. Əgər insanın niyyəti cəmiyyət həyatına qatılıb bir işlə məşğul olmaqdısa, o öz həyatından şikayət etmir. Yox əgər qadın, sadəcə, qismətilə barışıb özünü evdar qadın kimi görürsə, o öz xoşbəxtliyini məhz evdə, daim ailəsinin, övladlarının yanında tapacaq.

​Hər bir qadın özünü öz evində xoşbəxt hiss edəcək bir rola sahib olmalıdır. Yox əgər qadın işləmək məcburiyyətindədirsə, onda o öz həyat yoldaşı ilə evdəki rolunu paylaşmalı və hər bir işləyən qadın övladlarının yaxşılığını düşünərək ona uyğun hərəkət etməyi bacarmalıdır.

Amma onu da qeyd edək ki, “Yaxşı” uşaq yetişdirmək yaxşı iş qadını olmaqdan daha çətindir. Çünki ev xanımının gördüyü işin nəticəsi tez bir zamanda görünmür. Lakin iş qadınının maaşı, kariyera kimi bir çox nəticələri gözə daha tez çarpır.

​Unutmayaq ki, ev xanımlığının qiyməti illər sonra yetişdirilən yaxşı övladlarla ortaya çıxır. Ev xanımını kiçiltmək, aşağı səviyyədə görmək heç də düzgün deyil. Qadınların bu roluna qiymət, dəyər verilmədikdə qadın bu roldan uzaqlaşa bilər.

​Bəzən isə qadının işləyib, müstəqil olaraq pul qazanması və pul sarıdan korluq çəkməməsi çox kişiləri qane etmir. Qadın karyerası arxasında kölgədə qalmaq isə kişi üçün əsl faciədir. Müasir dövrdə boşanmaların çoxu qadınların karyera sahəsində uğurlarına tab gətirməyən kişilərə görə olur”.

Ayşən Vəli