Xərçəngə qalib gələn PEYVƏND? - ARAŞDIRMA

2 Noyabr 2023 13:30 (UTC+04:00)

Düşməni məğlub etməyin ən yaxşı yolu onu tanımaq və ona qarşı düzgün strategiya hazırlamaqdır. Xərçəng də bir çox insan üçün qapıda gözləyən düşməndir. Ancaq bilmək lazımdır ki, bu o qədər də güclü düşmən deyil. İnkişaf etməkdə olan tibb sayəsində xərçəng artıq erkən diaqnoz qoyulduğu təqdirdə müalicəsi mümkün olan bir xəstəlikdir. Bəs, hansı xərçəng növlərində erkən diaqnoz mümkündür? Artıq hər kəs xərçəng xəstəliyində erkən diaqnozun əhəmiyyətini bilir. Xərçənglərin hamısını müayinə etmək mümkün olmasa da, ən son texnoloji cihazlarla skrininq vasitəsilə erkən mərhələdə aşkar edilən xərçənglər xəstələrin ömrünü uzadır. Müntəzəm müayinələr və yoxlamalar bəzi xərçəng növləri üçün həyati əhəmiyyət kəsb edir.

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Süd vəzi xərçəngi

Dünyada qadınlar arasında ən çox rast gəlinən xərçəng olan süd vəzi xərçənginin erkən mərhələdə aşkar edilməsi üçün müayinə çox vacibdir. 20 yaşından başlayaraq ayda bir dəfə döş müayinəsi edərək sinənizi tanımaq və ən kiçik qeyri-adi dəyişiklikdə həkiminizə müraciət etmək lazımdır. Adətən 20-40 yaş arası 2-3 ildən bir həkim müayinəsindən keçməyi məsləhət görülür. 40 və 50 yaşından sonra ildə bir dəfə mamoqrafiya müayinəsi lazımdır.

Uşaqlıq boynu xərçəngi

İlk cinsi təcrübədən sonra müayinə və yaxma testi hər il qiymətləndirilməlidir. Ardıcıl 3 il ərzində normal olarsa, testlər 2-3 ildən bir təkrarlana bilər. Ancaq immunitet sistemini zəiflədən xəstəliklər və ya dərman istifadəsi varsa (məsələn, QİÇS xəstəliyi, uzun müddətli kortizon istifadəsi) hər il check-up aparılmalıdır.

Prostat xərçəngi

Ailəsində prostat xərçəngi olanların 45 yaşından, prostat xərçəngi olmayanların isə 50 yaşından başlayaraq prostat müayinəsi və PSA testlərinin olması vacibdir. Onu da bilmək lazımdır ki, prostat xərçəngi kişilərdə ağciyər xərçəngindən sonra ən çox rast gəlinən xərçəng növüdür.

Unutmayın ki, iş yükü və narahatlıqlar müayinəyə mane olmamalıdır. Müayinə zamanı aşkar edilən infeksiyalar erkən aşkarlandıqda sadə müalicə üsulları ilə aradan qaldırıla bilər. Lakin xəstələrin müayinə olunmaq qorxusu və sıx iş qrafiki diaqnoz və müalicə imkanlarını gecikdirir. Proqressiv infeksiyalar daha intensiv müalicə tələb edir. Çünki yumurtalıq kistaları, miomaları olan, siqaret çəkən, ailəsində xərçəng xəstəliyi olan, erkən yaşda cinsi əlaqədə olan, birdən çox partnyoru olan, aybaşı pozğunluğu olan qadınlar üçün mütəmadi müayinələr son dərəcə vacibdir.

Ötən ay bir fransız biotexnologiya şirkəti təkmilləşdirdiyi xərçəng peyvəndinin bəzi ağciyər xərçəngi olan insanlarda ölüm riskini yarıya qədər azaltmaqda təsirli olduğunu açıqlayıb. Belə ki, biotexnologiya şirkəti "Ose Immunotherapeutics" tərəfindən istehsal edilən yeni peyvəndin ağciyər xərçənginin ən ağır növləri olan xəstələrin ölüm riskini 41 faiz azaldtığı açıqlanıb.

"Tedopi" adlı peyvəndin bazara çıxarılmasından əvvəl son addım olan 3-cü faza klinik tədqiqatın nəticələri "Annals of Oncology" jurnalında dərc olunub. Terapevtik faydalarının qiymətləndirildiyi bu mərhələdə vaksin ağciyər xərçənginin ən çox görülən növü olan və ümumiyyətlə şüa terapiyasına daha az həssas olan inkişaf etmiş kiçik hüceyrəli ağciyər xərçəngi olan xəstələrə verilmişdir.

Tədqiqatda doqquz Avropa ölkəsi və ABŞ-dan cəmi 219 xəstə iştirak edib, onların hamısı digər müalicələrə müqavimət göstərib. Bu xəstələrin 139-u "Tedopi" peyvəndi, qalan 80-i isə kimyaterapiya müalicəsi alıb.

"Tedopi" qəbul edən xəstələrin həyat keyfiyyətinin və sağ qalma nisbətlərinin kimyaterapiya alanlara nisbətən artdığı müşahidə edilmişdir. Tədqiqatın aparıcı müəllifi, "Gustave Roussy" İnstitutundan professor Benjamin Besse, "Ölüm riskində danılmaz 41 faiz azalma müşahidə edildi” dedi.

"Ose Immunotherapeutics" peyvəndi bu tədqiqatda üçüncü sıra müalicə kimi istifadə edilmişdir, yəni xəstələr bundan iki başqa müalicə almışlar.

Bununla yanaşı türkiyəli alim döş xərçənginin erkən aşkarlanması üçün geyilə bilən ultrasəs cihazı hazırlayıb.

İmmunitet sistemini alışdıran peyvəndlər

Terapevtik xərçəng peyvəndləri şiş hüceyrələrini xüsusi olaraq tanımaq və məhv etmək üçün immunitet sistemini buna öyrətmək məqsədi daşıyır. Başqa sözlə, xərçənglə mübarizə aparmaq üçün xəstənin öz müdafiə sistemindən istifadə edilir.

İmmunoterapiya sahəsi 2010-cu illərdən bəri ciddi irəliləyişlər əldə edib və Xərçəng Araşdırmaları Böyük Britaniyaya görə pandemiya zamanı "peyvəndlərin, xüsusən də "mRNA" vaksinlərinin istehsalını sürətləndirən" tədqiqatlardan faydalandı. O vaxtdan bəri bir neçə immunoterapevtik müalicə təsdiqlənib və tədqiqatlar hələ də davam edir.

Araşdırmalar göstərir ki, süni intellektin köməyi ilə döş vəzilərinin skan edilməsi xərçəng diaqnozunu 20 faiz artırır. Britaniya hökuməti "BioNTech" ilə xərçəng peyvəndi sınaqlarına başlamaq və 2030-cu ilə qədər 10 000 xəstəni müalicə etmək üçün müqavilə imzalayıb. Mənbələrə görə, qlobal xərçəng peyvəndi bazarının 2033-cü ildə 22 milyard avro dəyərində olacağı gözlənilir.

"Ose Immunotherapeutics" şirkətinin səhmlərinin dəyəri sınaq nəticələrinin açıqlanmasından bir gün sonra Paris Birjasında 60 faiz artıb.

Bildirək ki, ötən ay İspaniyanın paytaxtı Madriddə keçirilən Avropa Tibbi Onkologiya Cəmiyyətinin (ESMO) Konqresində biotexnologiya şirkəti "Biontech"in qurucuları Uğur Şahin və Özlem Türeci 15 ildir üzərində çalışdıqları xərçəng peyvəndinin ilk nəticələrini açıqlayıblar. "Biontech" tərəfindən hazırlanmış xərçəng peyvəndi "CARVac"dan əldə edilən ilk nəticələrdə şişlərin böyüməsini dayandıra biləcəyi və hətta onların kiçildilə biləcəyi açıqlandı.

Peyvəndin 44 xəstəyə dörd dozada tətbiq edildiyi və xəstələrin yüzdə 59-da şişlərin ən azı 30 faiz kiçildiyi bildirilib. Deyilənlərin 95 faizində peyvənddən sonra xərçəngin stabilləşdiyi və böyüməsinin dayandığı bildirilib.

Qeyd olunub ki, peyvəndin tətbiqi zamanı subyektlərdən 23-də dozadan asılı olaraq iltihab reaksiyalarında artım müşahidə olunub, xəstələrdə aşağı təzyiq və qızdırma kimi əlavə təsirlər müşahidə edilib. Bildirək ki, "Biontech" 2030-cu ilə qədər təxminən 10 min xərçəng xəstəsini müalicə etməyi hədəfləyir”.

Ayşən Vəli