Həkimlərə baba minnətdarlığı

31 Oktyabr 2023 15:25 (UTC+04:00)

Hər kəs övladının sağlam olmasını istər. Ailədən başlanan prosesin həkim nəzarəti ilə davam etdirilməsi indiki halda məqbul sayılır. Bunun üçün sahə həkimləri, ərazi poliklinikaları ilə mütəmadi əlaqə saxlamaq, burada çalışan həkimlərin məsləhət və tapşırıqlarına əməl etmək lazımdır. Məsələ burasındadır ki, müraciət etdiyimiz həkim və tibb bacılarının məsələyə yanaşmasından da çox şey asılıdır. Gözləntilər özünü doğruldanda isə insan bir rahatlıq tapar, xəstə dərmansız da sağalar…

Bu yaxınlarda Xətai rayon Köhnə Günəşli qəsəbə ərazisindəki 8 saylı şəhər uşaq poliklinikasına müraciət etməli olduq. 48 saylı tam orta məktəbin II sinfində oxuyan nəvəmi - Gülər Məmmədovanı həkim müayinəsindən keçirmək üçün poliklinikaya apardım. Poliklinikanın həyətindəki təmizlik, ərazidəki yaşıllıq insanda xoş ovqat yaradırdı. İlk baxışdan bu mənzərə həkimlərin insanlara münasibətindən də xəbər verirdi. Necə deyərlər, təbiətə münasibət insan sağlamlığına yanaşmadan xəbər verir.

Poliklinikaya daxil olduq, yanılmamışdıq, həkimlərin bizi xoş qarşılamaları sanki problemimizi bizə unutdurdu. Adətən kiçik yaşlı uşaqlar ağ xalatlı həkimləri görəndə təşviş keçirir, narahat olur, bəzən isə ağlamaqla öz etirazlarını bildirirlər. Valideynləri də narahat edən məsələ budur. Amma burada həkimlərin gülər üzü, xoş danışığı, uşaqla “dil tapmaq” bacarığı bizi o narahatlıqdan sovuşdurdu. Kiçik yaşlı nəvəm həkimlərin müayinəsindən heç narahat olmadı, əksinə üzündə yaranan xoş təbəssüm məni xeyli sakitləşdirdi. Ürəyimdə həkimlərə “çox sağ olun” dedim.

Poliklinikanın sahə həkimi İradə Əliyeva və Zümrüd İslamova və baş həkim Nuriyyə Tağıyevaya baba minnətdarlığımı çatdırmaq üçün çalışdığım mediada bu qeydləri etmək qərarına gəldim. Sağ olun, həkimlər, şəfalı əlləriniz ağrımasın, daim var olasınız!

Məmmədhəsən MƏMMƏDOV