“Musiqi tarixinin inkişafı strateji məsələdir” - KÖNÜL NƏSİROVA

31 Oktyabr 2023 12:18 (UTC+04:00)

“Musiqi tarixinin inkişafı strateji məsələdir. Çünki milli musiqi tarixi ümumi tarixlə bağlı olan bir anlayışdır. Biz özümüzün musiqi tarixi konsepsiyamızı formalaşdırmalıyıq. Hansı ki, bu konsepsiyanın əsası Üzeyir Hacıbəyov tərəfindən qoyulub”. SİA xəbər verir ki, bu sözləri Musiqi Forumu çərçivəsində baş tutan panel müzakirələri zamanı musiqişünas, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi nəzəriyyəsi” kafedrasının müdiri, professor Könül Nəsirova deyib.

Professor bildirib ki, vaxtilə Üzeyir bəy konsepsiyanın proqramını alimlər, tarixçilər, musiqişünaslarla söhbət əsnasında qurmuşdu:

“Musiqişünaslıq açıq bir sistemdir. Nə qədər ki, elmi üfüqlər genişlənəcək, bir o qədər də onun yeni istiqamətləri meydana çıxacaq. İnanıram ki, bu istiqamətlər də lazımi qədər inkişaf edəcək.
Musiqişünaslıq humanitar fəndir və hər kəsin maraq dairəsində olmalıdır”.