Noyabrın 2-dən 4-dək Bakı Ekspo Mərkəzində III Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi (“Medinex”) keçiriləcək.
SİA-nın məlumatına görə, bununla bağlı keçirilən mətbuat konfransında bildirilib ki, tədbir çərçivəsində gözəllik sektoruna aid şirkətlərin iştirakı "Beauty Azerbaijan" adı altında təşkil olunacaq.
Qeyd olunub ki, sərgilərə, ümumilikdə, 14 ölkədən 100 şirkət qatılacaq.
“Medinex” sərgisi yeniden sənaye mütəxəssislərinə və sahibkarlara işgüzar əlaqələri inkişaf etdirmək və yeni əlaqələr qurmaq, aktual məlumatlar mübadiləsi aparmaq və sərfəli müqavilələr bağlamaq imkanı yaradan səmərəli müstəvi rolunu oynayacaq.
Bu ilki sərgilər əlamətdar bir ilə təsadüf edir. Bu il Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.
Sərginin təqdimat zonasında Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Tibbi İnnovasiyalar Forumu təşkil olunacaq. Bu il həmçinin tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermiş görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümü qeyd olunur. Sərgidə bu əlamətdar hadisəyə həsr olunan oftalmologiya mövzusunda panel müzakirəsi baş tutacaq.
Sərgidə aparıcı yerli və xarici istehsalçılar və distributorlar ölkə klinikalarının təkmilləşdirilməsinə, istehslakçıların tələblərinin ödənməsinə və müalicənin effektivliyinin artırılmasına kömək etmək üçün öz yeni məhsul və xidmətlərini təqdim edəcəklər.
İştirakçı ölkələr arasında Azərbaycan, Almaniya, Belarus, Cənubi Koreya, Çin, Əlcəzair, Rusiya Federasiyası, Fransa, Qazaxıstan, Qətər, Misir, Türkiyə və s. ölkələr yer alır. Sərgi ekspozisiyası “Diamed CO", “Arash Medical Company”, “ASMEDİCAL”, “Labservis LTD”, “IHG” (International Health Group), “Biopharmax AFEZCO” kimi mühüm yerli şirkətlərlə yanaşı, müxtəlif ölkələrin ixtisaslaşmış şirkətlərini bir araya gətirəcək.
Sərgidə xarici şirkətlərlə yanaşı, tibbi avadanlıqların aparıcı yerli distribütorları, qlobal istehsalçıların tərəfdaşları, eləcə də “Made in Azerbaijan” brendi altında məhsulların yerli istehsalçıları da iştirak edəcəklər. Bu il xüsusi olaraq sərgidə Belarus və Qazaxıstan, bundan başqa, Rusiyanın müxtəlif vilayətləri - Yaroslavl, Moskva, Sverdlovsk vilayətləri, eləcə də Tatarıstan Respublikası öz kollektiv stendləri ilə çıxış edəcəklər.
Məlumat üçün bildirək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) “Medinex” 2023 sərgisinin rəsmi dəstəkçisidirlər.