“Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “İraq türkmanları və Türk dünyası: Tarixi yaddaşın bərpası” mövzusunda beynəlxalq konfrans öz işinə başlayır. Tədbir çərçivəsində İraq, Türkiyə, Almaniya, Niderlanddan 40-dan çox mədəniyyət və ictimai xadimlər, alim, QHT nümayəndələri doğma Azərbaycanda toplaşıblar”. SİA xəbər verir ki, bu sözləri bu gün jurnalistlərə açıqlamasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov deyib.
R.Həsənov bildirib ki, tədbir çərçivəsində eyni irsin, dilin, ədəbiyyatın tədqiq olunması, QHT-lər arasında gələcək əməkdaşlıqların qurulması istiqamətində müzakirələr keçiriləcək: “Türkmən soydaşlarımızla bizi tarixi əlaqələr bağlayır. Tədqiqatlar apardıqda görürük ki, biz eyni mədəniyyət və tarixi köklər bağlayır. Bakı Beynəlxalq Multikultiralizm Mərkəzi olaraq da qarşımızda duran əsas məqsədlərdən biri mədəni irsi araşdırmaq, tarixi yaddaşı bərpa etməkdən ibarətdir. Konfrans iki gün davam edəcək və bu müddət ərzində müxtəlif dövlət qurumlarında görüşlər, təqdimatlar keçiriləcək”.