Yusif Qoca: “İnan mənə” tamaşası Qazax teatrına yeni nəfəs gətirdi. Aktyorlar, texniki və digər yaradıcı heyyət bu tamaşa ilə sanki yenidən özlərinə qayıtdılar”
Bu gün Azərbaycanın bölgə teatrlarında ali təhsili olan istedadlı gənclər çox azdır. Bunun da səbəbləri az deyil. Çünki Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirənlərin çoxu var qüvvəllərəni sərf edirlər ki, Bakıda qalıb, paytaxt teatrlarında işləsin ya da heç teatra getməyib, gedib başqa yerlərdə işləsinlər. Bəzi gənclərin isə aktyorluğa həvəsi yoxdur. Sadəcə test imtahanları zamanı əldə etdikləri balları bu ali məktəbə çatıb. Onlar da ali təhsil almaq xatirinə burada oxuyurlar. Səbəblərdən biri də, bölgə teatrlarında işləməyə gedən aktyorlara, aktrisalara, rejissorlara rayon rəhbərləri tərəfindən heç bir şərait yaradılmır. Hətta onların yaşaması üçün mənzil, yataqxana da verilmir. Onlar da məcbur qalıb Bakıya qayıdırlar. Sovetlər dönəmində isə belə deyildi.
Bu gün cavanlarımızın bölgələrdə gedib işləmələrinə lazımi şəraiti yarada bilmirik. Ona görə də bu gün rayonlarımızda cavan həkimlərə, müəllimlərə, incəsənət, mədəniyyət işçilərinə, idman mütəxəssislərinə çox böyük ehtiyac var. Bu işdə əsasən rayon rəhbərləri köməklik göstərməlidirlər. Gənc kadrları işlədikləri rayonlara dəvət edib, onlara lazım olan şərait yaratmalıdırlar. Əks təqdirdə, cavan kadrlarımızın kənara axını sürətlənəcək. Necə ki, ötən əsrin 90-cı illərində cavanlarımızın çoxu pul qazanmaq, ailəsini dolandırmaq üçün xarici ölklərə köçüb getdilər, indi də geri qayıtmaq istəmirlər.
Artıq biz qalib xalq kimi dünyada tanınırıq. Qarabağ torpaqlarımızı Ali Baş Komandanımızın və rəşadətli ordumuzun sayəsində yağı düşməndən təmizləmişik. İndi orada işləmək üçün bizə çoxlu gənc mütəxəssislər lazımdır. Bir millət olaraq, bunun qarşısını hökmən almalıyıq.
Qazax Dövlət Dram Teatrınında da ali təhsilli mütəxəssislər azdır. Bu da teatrda rejissorların peşəkar tamaşalar hazırlamasına çox çətinlik yaradır. Başqa bölgə teatrlarının çoxunda olduğu kimi Qazax Dövlət Dram Teatrında da cəmi bir neçə ali təhsilli cavan aktyor var. Onlardan biri də çox istedadlı aktyor Yusif Qocadır. Mən onu çoxminli oxucularımızla daha yaxından tanış etmək istəyirəm.
Qısa arayış: Yusif Qoca 1989-cu ildə Qazax rayonunda dünyaya göz açıb. Hərbçi ailəsində böyüməsimə baxmayaraq, uşaqlıdan hərbə yox, incəsənətə, jurnalistikaya marağı çox olub. Elə bu istək də onu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə aparıb. 2007-2011-ci illərdə bu universitetin teatr və kino aktyorluğu fakültəsində əvvəlcə Əməkdar artist Gülşad Baxşıyevadan, sonra Xalq artisti Afaq Bəşirqızından aktyorluq sənətinin sirlərini mükəmməl öyrənib. Səhnə danışığı müəllimi isə çox təcrübəli mütəxəssis olan dosent Nadir Hüseynov olub. Universitet illərində Yusif Qoca Azad Azərbaycan Teleradio şirkətində, İctimai Televiziyada təcrübə keçib. Hərbi xidmətdən sonra 2012-ci ildə Qazax Dövlət Dram Teatrında aktyor, paralel olaraq Tovuzda yerləşən “Türkel” Televiziyasında müxbir, aparıcı, redaktor, layihə rəhbəri, departament direktoru kimi fəaliyyət göstərib. Bununla yanaşı ARB:24, ARB və ARB Kəpəz Televiziya kanallarında müəllif verilişlərinin aparıcısı olub. Hal-hazırda fəaliyyətini Qazax Dövlət Dram Teatrında və Qazaxda yerləşən Radio Qərbdə təşkilatında davam etdirir.
Yusif Qoca hərtərəfli istedadlı, çox mütaliə eləyən insandır. Özünə qarşı çox cavabdehlidir. Belə cavanlar da teatrda çox lazımdır. Belə cavanlarla rejissorlar da işləməyi xoşlayırlar.
Qazax Dövlət Dram Teatrı 85 illik yubileyi ilə və ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr etdikləri, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun “İnan mənə” əsəri ilə Bakıda, Azərbaycan Teatr Xadimləri İttifaqının Abbas Mirzə Şərifzadə adına Aktyor evinin səhnəsində ( rejissor, Əməkdar artist Xəzər Gəncəlinin quruluşunda) tamaşanı çox yüksək səviyyədə oynayandan sonra biz onunla həmsöhbət olduq.
-Yusif bəy, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitettini bitirəndən sonra paytaxt teatrlarını deyil, məhz Qazax Dövlət Dram Teatrını seçdiniz. Bu, nədən belə yarandı?
- Mənim Qazax Dövlət Dram Teatrı ilə tanışlığım uşaqlılq illərimə söykənir. Hələ məktəbliykən teatrda tamaşaları tez-tez izləyirdim. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinində aktyorluğu seçmək qərarına gəldikdə, teatra üz tutdum. O vaxtlar aktyor, indi isə quruluşçu rejissorumuz olan Allahverdi Musayev məni qabiliyyət imtahanına hazırladı. Universiteti uğurla başa vurduqdan sonra, hərbi xidmətə yollandım. Xidmətin ardınca doğma rayonum olan Qazağa qayıtdım. Həmin illərdə rayonda yaşamaq daha əlverişli idi. Düşündüm ki, fəaliyyətimi müvəqqəti olaraq bölgədə davam etdirim. Həm teatra, həm də bölgədə yerləşən televiziyaya üz tutdum. O gün, bu gün 11 ildir ki, rayonda fəaliyyət göstərirəm. Amma hələ də içimdə bir hiss var ki, mən rayonda müvəqqətiyəm... Çünki açığı bölgə teatrlarına lazım olan heç bir şərait yaradılmır. Sanki bölgə teatrları yaddan çıxıb. Bu da təkcə məni yox, hamını həvəsdən salır. Fikirləşirik ki, biz heç kimə lazım deyilik. Amma cənab Adil Kərimli mədəniyyət naziri təyin olunandan sonra ürəyimizdə bir qığılcım yaranıb ki, tezliklə hər şey yaxşı olcaq. Çünki aprel ayının 11və 12-si tarixlərində Heydər Əliyev Fondunda keçirilən Teatr forumu bunu deməyə bizə əsas verir.
- Qazax Teatrının kollektivi sizə nə öyrətdi? Teatrdakı rollarınız haqqında nə deyə bilərsiniz?
-Teatrla əməkdaşlığa başladığım ilk gündən həm sabiq direktorumuz Saqif İskəndərovdan, həm baş rejissorumuz Musa Eyyubovdan, həm yaradıcı heyyətdən, həm də texniki heyyətdən diqqət və qayğı görmüşəm. Öz bilik və təcrübələrini mənimlə bölüşüblər. Təcrübəli aktyor və aktrisalarımızla tezliklə dostlaşdıq və bu gün də münasibətimiz dostluq üzərində davam edir. O ki, qaldı teatrdakı obrazlarıma... İlk rolum Oqtay. Altunbayın “Gecə yarıdan keçəndə” nağıl pyesində əsas qəhrəman olub. Ardınca, Mar Baycıyevin “Ər və arvad” pyesi əsasında hazırlanan “Toy günü ayrılıq” tamaşasında Əziz, Xalq artisti Vidadi Əliyevin quruluşunda Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir”ində Adəm, Nəcəf bəy Vəzirovun “Bəxtsiz Cavan”ında Fərhad, Xalq artisti Zülfüqar Abbasovun quruluşunda Cəfər Cabbarlının “Solğun çiçəklər”ində Bəhram, Əhməd Orucoğlunun “Pul dəlisi”ndə Dəli, “Qulluqçu axtarıram” da Vəkil, Viktor Hüqonun “Edam məhkumunun son günü” İttihamçı, Vaqif Səmədoğlunun “İntihar”ında Cabir, Steinbekin “İnsanlar və Siçanlar”, Nobel mükafatı laureatı Slovomir Mirojikin “Mühacirlər”, İlqar Fəhminin” Son reportaj” və sairə tamaşalarda müxtəlif xarakterli obrazları canlandırmışam.
- Rejissor teatrın siması və ideyavericisidi. Sizn inkişafınızda xidmətləri olan rejissorlar kimlər olub?
-Mənim inkişafım universitet illərinə söykənir. Şanslı insanam. Qarşıma Afaq Bəşirqızı, Gülşad Baxşıyeva, Nadir Hüseynov, Musa Eyyubov, Allahverdi Musayev, Emin Musəvi, Kənan Musayev, Nadir Şəfiyev kimi işini sevən və öyrətməkdən bezməyən ustadlar çıxıb. Həmçinin Xalq artistləri Vidadi Əliyev və Zülfüqar Abbasovla işləmək də məni çox inkişaf etdirdi. Son tamaşamız Ağalar İdrisoğlunun “İnan mənə” pyesində isə Əməkdar artist Xəzər Gəncəli ilə çalışmaq isə yeni bir inkişafın başlanğıcı oldu. Bu tamaşada iştirak edən bütün yaradıcı heyyət həm pyesi və həm də rejissoru sevdik.
- XXI əsr kompyuter əsridir. Teatra tamaşaçı cəlb etmək üçün siz bilən bu gün hansı işlər görülməlidir?
-Düşünürəm ki, bu gün üçün tamaşaçı cəlb etmək çox da çətin deyil. İnsanlar texnikadan da beziblər, artıq canlı hisslər, ifadələr görmək istəyirlər. Teatr bütün dövrlərdə “undeground”, yəni canlı sənət növü olub. Kütləvi məkan deyil. Şəxsən mən öz teatrmıza kütləvi tamaşaçı arzulamıram. Az olsun, amma anlayan, duyan, zövq alan tamaşaçı olsun. Bu gün yaxşı səhnə işi, fərqli afişa və güclü piarla, reklamla çox rahat formada tamaşaçı cəlb etmək olar. Amma gərək elə peşəkar tamaşa hazırlamalısan ki, sonra yenə də tamaşaçılar teatra gəlsinlər.
- Gənc aktyor kimi tetarlarımızın dünyaya çıxmasına təklifiniz varmı?
-Məncə, o qədər də vacib məsələ deyil. Öz vətəndaşlarımızı maarifləndirsək, düşündürsək kifayət edir. Xarici ölkələrə yollanan teatrlarımız var. Bu mövzuda bölgə teatrları hələ ki, axsayır. Onun da kökündə əsasən maliyə durur. Maliyə çatışmazlığına görə bu gün Qazax Dövlət Dram Teatrı Tovuzdan kənara çıxa bilmir...
- Bir cavan kadr kimi bölgə teatrlarının inkişafı üçün hansı təklifləriniz var?
-Bölgə teatrlarında kadr çatışmazlığı əsas səbəbdir. Normal əməkhaqqı ilə ixtisaslaşmış yaradıcı və texniki heyyət cəlb edilsə vəziyyət ürəkaçan olar. Eyni zamanda tez-tez qastrollar təşkil edilməlidir. Festivallar, paytaxt Bakıya və digər bölgələrə səfərlər və sairə inkişafa təkan verəcək. Təsəvvür edin ki, bizim teatrın binası yoxdur. Zalımız əlverişsiz, kostyumlarımız nimdaş, qrim yox, işıq zəif, aktyor truppasında gənclər az və sairə. Belə olan halda bu günkü günümüzə şükr etməliyik. Əgər belə getsə, gələcəkdə daha pis ola bilər.
-Televiziya verilişlərinə, film və seriallara dəvət alırsınız? Dəvət almırsınızsa, səbəb nədir?
-Hamımız bilirik ki, televiziyalar Bakıda yerləşir. Regional televiziyalar istisnadır. Bakı ilə Qazax arasında təxminən 500 km məsafə var. Ona görə bizim heyyətin televiziyalarda tez-tez görünməsi real deyil. Amma zaman-zaman efirlərdə olmuşuq. Əgər dəvətlər olursa dəyərləndiririk. Qaldı ki, serial və kino məsələsi. Eyni, məsafə problemi burda da özünü göstərir. Şəxsən mən bir neçə dəfə serial təklifi almışam, məsafə və maliyə məsələlərində razılığa gəlməmişik. Amma çox arzulayıram ki, bölgədə yaşayan aktyorlar filmlərdə görünsün. Baxın, Rövşən İsax çəkdiyi seriallarda Gəncə teatrının heyyətinə üstünlük verir. Nəyi pisdir? Hansısa həvəskarı, “yoldan keçəni” ekrana daşımaqdansa, bölgədə olan istedadlı şəxslərə üstünlük vermək daha gözəl olar. Təxminən 12 illik televiziya və radio fəaliyyətim var. Çalışdığım media oraqnlarında mütəmadi olaraq bölgə teatrlarına yer vermişik, tamaşaları lentə almışıq, aktyorlar haqqında portret verilişlər hazırlamışıq. Bu həm bizim üçün, həm də həmin aktyorlar üçün maraqlı olub. Həm də ekranda yeni simalar, yeni sifətlər görünüb. Bütün dünyada bu üsuldan çox istifadə olunur. Amma bizim serialları və filmləri çəkən rejissorlarımız hələ də ya bundan xəbərləri yoxdur, ya da özlərinə əziyyət verib, yeni simalar axtarmaq istəmirlər.
- “İnan mənə” tamaşası sizə və kollketivinizə nə qazandırdı?
-“İnan mənə” şəxsən mənə və kollektivimizə böyük inam verdi. Mən bir daha inandım ki, teatrmızın gələcəyi çox yaxşı olacaq. Artıq teatrda yaşamaq və yaratmaq üçün işıq yolu aydın görünür. Bu tamaşa məni bir gənc aktyor kimi ruhlandırdı. Tamaşaçılardan gələn fikirlərdən isə, özüm-özümə belə dedi: “Yusif dayanma! Davam elə!” Bu da özümün-özümə əmrini verməyimə səbəb oldu. “İnan mənə” tamaşası Qazax teatrına yeni nəfəs gətirdi. Aktyorlar, texniki və digər yaradıcı heyyət bu tamaşa ilə sanki yenidən özlərinə qayıtdılar. Səhnə işimizin Bakıda nümayişi isə bayram idi. Teatrımız və tamaşamız haqqında mətbuatda çox yazıldı. Bu da teatrımızın kollektivini öz işinə çox həvəsləndirdi və özlərinə böyük inam yaratdı. İnam- insanın söykəndiyi uca dağ və həyatın sərmayəsi deməkdir. Biz də başa düşdük ki, Azərbaycan mətbuatına söykənməklə inanırıq ki, onlar təkcə Qazax teatrını yox, bütün bölgə teatrlarını tez-tez işıqlandırmaq bölgələrdə işləyən insanlarda işləməyə, yeni-yeni obrazlar yaratmağa çox həvəsləndirəcəklər. Axı mətbuat dördünü hakimiyyətdir. Ona görə də mətbuatda çalışanlar qoy bölgələri yaddan çıxarmasınlar. Tarixlər boyu məhz bögələr paytaxta yaxşı kadrlar yetişdirib göndəriblər. İnşallah bu tamaşadan sonrakı “bayram” davam edəcək.
Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi
P.S. Yusif Qoca düz deyir. Məncə, ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “İnan mənə” kimi yüksək peşəkar tamaşa hökmən dövlət səviyyəsində daha geniş tamaşaçı kütləsinə çatmalıdır. Bu işdə rayonlarımızın rəhbərləri, İcra Hakimyyəti başçıları müsbət addım atıb, bu tamaşanı öz rayonlarında təşkil etsələr, rayon camaatı onlardan çox razı qalar. İnsanlarımız həm də bir daha bədii səhnə əsəri vasitəsilə görərlər ki, əgər 1993-cü ildə dahi rəhbər, əbədiyaşar Prezidentimiz xalqın istəyilə hakimiyyətə gəlməsəydi, indi nə Azərbaycan adlı müstəqil respublika olmazdı, nə də torpaqlarımız yağı düşməndən təmizlənməzdi.
Axı, müasir Azərbaycanın ideya müəllifi, meamrı və yaradıcısı əbədiyaşar Heydər Əliyev teatrı çox sevirdi. Cavanlıq illərində teatrda rollar oynamışdı. Dahi rəhbər teatrla nəfəs alırdı. İncəsənət xadimlərinə böyük ehtiramla yanaşırdı və həmişə belə deyirdi: “Mədəniyyət uşaq kimidir. Həmişə tumar və qayğı istəyir. O həssasdır: əlinin tumarı, ürəyinin qayğısı azca azalan kimi o hiss edir, küsür, inciyir. Siyasi rəhbər, dövlət xadimi, ölkə başçısı bunu bilməlidir, bunu bir an belə yadından çıxarmamalıdır”.
Bax, dahi rəhbərin bu qiymətli sözlərini hər bir rayon rəhbəri yazıb, stolunun üstündə qoymalı və əbədi yaddaşında saxlamalıdır. Bu sözlər, onların bir azərbaycanlı kimi müqəddəs borcu olmalıdır.