Peşə və ali təhsilin əmək bazarında əhəmiyyəti barədə müzakirələr aparılıb - FOTOLAR

25 Oktyabr 2023 16:38 (UTC+04:00)

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənən və Dostluq Gənclərin Əlaqələndirmə Mərkəzi tərəfindən icra edilən “Cəmiyyətin uğurlu gələcəyi üçün peşə əsaslı təhsilin təbliği” adlı layihənin təlimləri uğurla həyata keçirilir. SİA xəbər verir ki, təlimlərdə aidiyyəti qurumların nümayəndələri, ali və peşə təhsili üzrə mütəxəssislər, təhsil alan gənclər, özəl, fərdi sektorun nümayəndələri, mərkəzin üzvləri və könüllülər iştirak ediblər.

Təlimlərdə mərkəzin sədri Rayaxanim Ağazadə çıxış edərək qeyd edib ki, ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarix yazaraq 30 illik işğala son qoydu, 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüz təmin edildi.

R.Ağazadə bildirib ki, ölkə Prezidenti İlham Əliyevin irəli sürdüyü “qara qızılın insan kapitalına” çevrilməsi konsepsiyası, icra etdiyimiz layihədə məhz məsələnin aktuallığını aydın şəkildə izah edir: "Azərbaycanın təhsillə bağlı müəyyən etdiyi inkişaf strategiyası bu istiqamətdədir. Davamlı inkişaf strategiyası ölkənin bu gününə, gələcəyinə və dünyanın ədalətli idarəedilməsinə istiqamətlənib. Eyni zamanda layihənin məqsədi barədə qeyd edib ki, cəmiyyətin tələblərinə uyğun səriştə əsaslı ilk peşə və orta ixtisas təhsili standartlarının, əmək bazarının tələbinə uyğunluğunun təmin edilməsi aktualdır, vətəndaş cəmiyyəti olaraq biz də prosesin nəticəyönümlü olmasına çalışmalıyıq".

Təlimlərdə təhsilin idarəedilməsi üzrə ekspert dosent Yusif Ağayev, hüquqşünas professor İsaxan Vəliyev, dövlət irarəçiliyi üzrə ekspertlər dosent Mürtəza Həsənov, dosent Elnur Əliyev, informasiya kommunikasiya texnologiyaları üzrə mütəxəssislər Vüqar Hüseynli, Şəhla Şirinova, layihələrin idarəedilməsi üzrə ekspert Cahangir Cahangirli və digərləri çıxış ediblər. Təlimçilər çıxışlarında qeyd ediblər ki, gənclərin peşə seçimində düzgün qərar verməsi davamlı insan inkişafının əsası olmaqla yanaşı, ölkənin sosial-iqtisadi inkişafına təkan verən aparıcı missiya hesab olunur. Peşə seçiminın düzgün olması fərdin peşəkar sahədə elmi-texnoloji biliklərini genişləndirir. Bununla əlaqədar, dövlət səviyyəsində peşə təhsilinin inkişafına istiqamətlənmiş tədbirlər əhalinin fəal hissəsinin yerli və beynəlxalq əmək bazarındakı dəyişikliklərə müvafiq reaksiya verməsinə imkan yaradır.

Sonda qarşılıqlı fikir mübadiləsi ilə keçən təlimləri uğurla bitirənlərə sertifikatlar təqdim edilib.