Müasir ginekologiyada estetik işləmlər son illərdə geniş vüsət almaqdadır. SİA xəbər verir ki, bu sahənin inkişaf etməsi ginekoloji estetikaya olan tələbatın artması ilə bağlıdır. Eyni zamanda reproduktiv və menopauzal dövrdə yaranan xəstəliklərin artıq ənənəvi yolla deyil, daha müasir üsullarla aradan qaldırılmasına dair tendensiyalar meydana gəlməkdədir.
Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsində genital orqanlarda baş verən müxtəlif patologiyalar zamanı estetik müalicə üsulu kimi PRP (Platelet Rich Plasma), botox, dolğular və kök hüceyrələrdən istifadə olunmaqla, eyni zamanda lazer texnologiyasının tətbiqi ilə müxtəlif prosedurlar həyata keçirilir.
Mama-ginekologiya şöbəsinin rəisi, mama-ginekoloq Təranə Bayramova genital sahədə yerli olaraq tətbiq olunan üsullar haqqında məlumat verib. O, qeyd edib ki, genital sahədə PRP-nin tətbiqi - qadının öz qanından hazırlanan plazmanın xarici və daxili genital sahəyə yeridilməsi prosesidir. Uşaqlıq yolunun daxili və xaricinə tətbiq olunmaqdadır. Xarici sahədə səthi hamarlıq, dolğunluq və cavanlaşdırma yarada bilir. Nahamarlığı, dəri tündləşməsini və qırışları aradan qaldırır.
Dr.Təranə Bayramova PRP-yə olan göstərişləri də qeyd edib. Onun sözlərinə görə, genital PRP sidikqaçırma müalicəsinə kömək məqsədilə uşaqlıq yolunun yuxarı divarı ilə sidik kisəsi girəcəyi arasına tətbiq olunur. Normal doğuşdan sonra epiziotomiya çapığının aradan qaldırılması və qeysəriyyə kəsiyinin izinin itirilməsi də bu yolla aradan qaldırılır. PRP, həmçinin, uşaqlıq yolunda quruluğu və ağrılı cinsi əlaqəni aradan qaldırmaq üçün tətbiq edilir. Həkim onu da bildirib ki, genital sahədə aparılan PRP ağrısızdır. PRP müdaxiləsindən sonra pasiyent evə gedə bilər.
PRP tətbiqində məqsəd ginekologiyanın estetik sahəsini inkişaf etdirmək, tətbiq olunacaq müdaxilələri elmi olaraq araşdırmaq və tədqiqat işi kimi təqdim etməkdir.