“Müasir dövrdə ən başlıca sağlamlıq problemlərindən biri köklükdür”. Bu sözləri SİA-ya açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.

Asim Vəliyev sözlərinə belə davam edib: “Əksəriyyət insanlar qidalardan aldığı enerjini sərf edə bilmədiyi üçün artıq çəkinin qurbanına çevrilir. Son dövrlərdə təbii qida istehlakının azalması, yemək yeməyə düzgün vaxt ayrılmaması, fast-food qidalanmanın artması, fiziki aktivliyin azalması kökəlmənin əsas səbəblərindəndir.
Orqanizmdə yağ miqdarının artması bir çox xroniki sağlamlıq problemləri üçün də zəmin hazırlayır. İnsulin dirənci, ürək-damar xəstəlikləri, tip2 diabet, yüksək təzyiq, öd kisəsi və qaraciyər xəstəlikləri, böyrək xəstəlikləri və bir çox sağlamlıq problemləri yağlanmanın mənfi nəticələrindəndir. Bu baxımdan da çəki ataraq düzgün arıqlamaq çox insanın arzusudur. Düzgün arıqlamaq nədir? Əgər orqanizm ehtiyac duyduğu zülal, karbohidrat, yağ, vitamin və mineralları lazımi və balanslı şəkildə qəbul edərək , fiziki qurluşda heç bir dəyişiklik etmədən çəki atırsa, bu sağlam arıqlamaqdır.
Hər bir fərdin yaşına, cinsinə, sosial-iqtisadi vəziyyətinə və qidalanma vərdişlərinə görə xüsusi olaraq hazırlanan zəifləmə pəhrizləri ilə yanaşı məşq proqramları ən təsirli arıqlama metodudur. Sürətli arıqlamaq üçün tövsiyə olunan pəhrizlər karbohidratı və zülalı çox pəhrizlər orqanizmin balansını pozur, maddələr mübadiləsini zəiflədir, hətta sağalmaz sağlamlıq problemlərinə də gətirib çıxara bilir. Belə metodlar orqanizmin uzun müddət ac qalmasına, mədə, qaraciyərdə ciddi problemlərə gətirib çıxarır.
Gün ərzində sağlam və düzgün qidalanaraq və 1 saatlıq yürüş, üzgüçülük, pilates, aerobika kimi fiziki aktivliklərlə ideal çəkimizə malik ola bilərik. Mütəmadi idmanla məşğul olmaq gözəl bədən qurluşuna da malik olmağa kömək edər. Beləcə artıq yağlanmadan xilas olaraq yuxarıda sadaladığımız bir çox xəstəliklərdən də qorunmuş olarıq”.
Ayşən Vəli