PREZİDENT İLHAM ƏLİYEV: «Sumqayıt bu gün Cənubi Qafqazda Bakıdan sonra ikinci böyük sənaye şəhəridir»
Bu gün Azərbaycanın bütün bölgələri, şəhər və kəndləri, qəsəbələri kimi Sumqayıt şəhəri də yeni inkişaf dövrünü yaşayır. Burada aparılan abadlıq-quruculuq işləri şəhərin gözəlliyinə daha bir rəng də əlavə edib. Dövlətimiz tərəfindən inkişafa və quruculuğa verilən töhfələr Sumqayıtın inkişafında da müstəsna əhəmiyyət daşıyır. Azərbaycanın, eləcə də Cənubi Qafqazın mühüm sənaye mərkəzlərindən biri kimi tanınan Sumqayıtın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Şəhərin sosial-iqtisadi, o cümlədən, elminin, təhsilinin, mədəniyyətinin inkişafına Ulu Öndər Heydər Əliyev böyük töhfələr vermişdir.
Bu gün Ulu Öndərin siyasətini uğurla davam etdirən Azərbaycan Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi islahatlar nəticəsində Sumqayıt yeni bir dövrünü yaşayır. Prezident İlham Əliyevin apardığı iqtisadi və sosial siyasəti nəticəsində həyata keçirilən dövlət proqramlarının uğurla icrası Sumqayıt şəhərinin də inkişafında mühüm rol oynadı. Sumqayıt Texnologiyalar Parkının, Sumqayıt Kimya Parkının yaradılması ölkə başçısının şəhərdə sənayenin inkişafına göstərdiyi böyük dəstəyin təzahürüdür. Prezident İlham Əliyevin hər dəfə Sumqayıta səfəri şəhərin inkişaf və yüksəlişinə töhfəsini verir.
Oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sumqayıt şəhərinə səfəri yeni, mühüm hadisələrlə zəngindir. Dövlət başçısı Sumqayıt şəhərinə səfəri zamanı ilk olaraq Ulu Öndər Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, abidəsi önünə gül dəstələri qoyub. Belə ki, Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılıb. Bu, Azərbaycanda yaradılmış ilk, Cənubi Qafqazda isə ən böyük sənaye parkı olmaqla, həm də Sumqayıt Kimya Parkının yaradılması ölkə başçısının şəhərdə sənayenin inkişafına göstərdiyi böyük dəstəyin təzahürüdür.
NÖVBƏTİ SƏFƏR, NÖVBƏTİ TƏMƏLQOYMA VƏ AÇILIŞLAR
Oktyabrın 23-də Prezident İlham Əliyev Sumqayıt şəhərində səfəri, səfər çərçivəsində Sumqayıt Kimya Sənayesi Parkında “Çinar-Servis” İstehsal-kommersiya firmasının Texniki qazların istehsalı müəssisəsinin, “Novus Plastica” MMC-nin Polimer qatqıları istehsalı müəssisəsinin, “Universal Qablaşdırma Sənayesi” QSC-nin Qablaşdırma məhsulları istehsalı müəssisəsinin, “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin Keramik plitələr istehsalı müəssisəsinin açılışında iştirak edib, “Kartaş Kimya” MMC-nin müxtəlif Tikinti kimyəvilərinin istehsalı müəssisələrinin təməlinin qoyulması ölkə başçısının şəhərdə sənayenin inkişafına göstərdiyi böyük dəstəyin təzahürüdür.
SUMQAYIT KİMYA SƏNAYE PARKI AZƏRBAYCANDA YARADILMIŞ İLK, CƏNUBİ QAFQAZDA İSƏ ƏN BÖYÜK SƏNAYE PARKIDIR
Dövlətimizin başçısı əvvəlcə Sumqayıt Kimya Sənaye Parkında yeni istehsal müəssisələrinin açılış və təməlqoyma mərasimlərində iştirak edib.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılıb. Bu, Azərbaycanda yaradılmış ilk, Cənubi Qafqazda isə ən böyük sənaye parkıdır.
Bildirilib ki, hazırda ərazisi 583,5 hektar təşkil edən sənaye parkında neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri fəaliyyət göstərir. Parkda ümumi investisiyaların həcmi təqribən 5,8 milyard manata yaxın olan 38 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. İndiyədək sənaye parkına rezidentlər tərəfindən 5,4 milyard manatdan çox investisiya yatırılıb. Qeydiyyata alınmış 38 rezidentdən artıq 20-si fəaliyyət göstərir. Bu gün “Azərbaycan Vanhong Ceramics Co.” MMC, “Novus Plastica” MMC və “UPI - Universal Packing Industry” QSC-nin açılışı ilə Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən müəssisələrin sayı 23-ə çatır.
İndiyədək Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən ümumilikdə 9,5 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, onun da 3,3 milyard manatdan çox hissəsi - təqribən 35 faizi ixracın payına düşür. Sənaye parkında 2023-cü ilin 9 ayında 2,1 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 674,4 milyon manatlıq hissəsi ixrac olunub.
Qeyd edildi ki, hazırda burada 6600-dən çox insan daimi işlə təmin olunub. Bundan əlavə, mövcud layihələr üzrə sənaye parkına əlavə olaraq 394 milyon manatdan artıq investisiyanın yatırılması, 2000-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Parkda istehsal olunan məhsullar Türkiyə, Rusiya, Ukrayna, Belarus, Çin, Tayvan, Bolqarıstan, Rumıniya, Polşa, Niderland, İtaliya, Makedoniya, Litva, Avstriya, Estoniya, Danimarka, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüstan, Qırğızıstan, Braziliya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Livan, İraq, Yaponiya, Amerika Birləşmiş Ştatları, Kanada və digər ölkələrə ixrac olunub.
Prezident İlham Əliyev “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin Keramik plitələr istehsalı müəssisəsinin açılışını edib, müəssisədə yaradılan şəraitlə tanış olub. Bildirilib ki, “Vanhong Ceramics”in hazırda Çində 5 zavodu var, həmçinin dünyanın 5 ölkəsində müəssisələri fəaliyyət göstərir.
Prezident İlham Əliyev “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin baş direktoru Ciyi Vanq ilə görüşü zamanı bildirib ki, Azərbaycana bu qədər vəsait qoyursunuz, 81 milyon manat investisiya çox böyük rəqəmdir: «Bu investisiyalar şirkətiniz, yəni, Çin şirkəti tərəfindən qoyulur. İndi mən gördüm ki, işçilərin sayı da 500-ə yaxındır. Bu, eyni zamanda, iş yerlərinin yaradılması proqramımıza da növbəti töhfədir. Əlbəttə ki, belə müəssisələr Çin-Azərbaycan dostluğunu daha da gücləndirir. Bu zavod cəmi bir il yarıma inşa edildi. Yəni, ilyarım bundan əvvəl mən onun təməlini qoymuşam».
Prezident İlham Əliyev onu da bildirib ki, əminəm ki, “Vanhong Ceramics”in fəaliyyəti uğurlu olacaq.
Prezident İlham Əliyev, həmçinin yenidən qurulan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yaradılan şəraitlə tanış olub, 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının yeni binasının açılışında iştirak edib. Həmçinin, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-də Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun açılışında iştirak edib.
Bir sözlə, Prezident İlham Əliyevin Sumqayıta növbəti səfəri və səfər zamanı yeni müəssəisəlrin açılışı və təməlqoyma mərasimləri dövlət başçısının həyata keçirdiyi uğurlu siyasətin məntiqi davamı olmaqla Sumqayıt yeniləşən, güclənən inkişaf yolundadır. Dövlət başçımızın söylədiyi kimi: «Sumqayıt bu gün Cənubi Qafqazda Bakıdan sonra ikinci böyük sənaye şəhəridir».
RƏFİQƏ KAMALQIZI