Tağıyev haqqında film gələn il nümayiş ediləcək- FOTO

23 Oktyabr 2023 16:26 (UTC+04:00)

“Uzun illərdir media sektorunda böyük və yaddaqalan layihələrə imza atan Bakı Media Mərkəzi hal-hazırda ölkəmiz üçün əhəmiyyətli bir filmin istehsalı üzərində çalışır. Bu, böyük mesenat və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən “Himayədar” filmidir. Filmdə həmçinin XIX əsrin sonu–XX əsrin əvvəlində Bakı və bölgədə baş verən mühüm tarixi hadisələr öz əksini tapır”.

SİA xəbər verir ki, bu barədə Bakı Media Mərkəzinin məlumatında qeyd olunub.

Bildirilib ki, tariximizin tanıdılmasında böyük əhəmiyyət kəsb edən bu ekran işinin çəkilişləri may ayında başlayıb və 120 çəkiliş gününün artıq 90-ı yekunlaşıb. Film ümumilikdə 8 seriyadan ibarət olacaq. Sözügedən layihənin kütləvi səhnələri üçün 1600 nəfər cəlb edilib, bundan başqa 70-dən çox məkanda çəkiliş aparılıb və 300-dən çox abidə tikilib.

Milli dəyərlərimizin təbliğinə töhfə verəcək bu böyük layihənin rəhbəri və prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır.

Çoxseriyalı filmin gələn il izləyicilərin ixtiyarına verilməsi nəzərdə tutulur. Belə ki, 2024-cü il böyük xeyriyyəçinin vəfatının 100 illiyidir. Ekran işinin tamaşaçılar və kinosevərlər tərəfindən böyük maraqla qarşılanacağına ümid edirik.

Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir. Mərkəzin işləri sırasında “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”, “Əbədi ezamiyyət”, “Miras”, “Multikulturalizm İli”nə həsr olunmuş “Bir günəş altında”, “BİZ”, “Şuşa sən azadsan!” və digər filmlər yer alır.