"Savaş böyüyərsə, Yaxın Şərqdə böyük bir yanğına çevrilə bilər" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

23 Oktyabr 2023 13:27 (UTC+04:00)

"Bu, hələlik ümumfələstin müharibəsinə çevrilməyib. Hələ ki İsrail və HƏMAS arasında müharibə gedir. Gələcək nəticə bu müharibənin hansı səviyyədə genişlənməsindən asılı olacaq. İndiki vəziyyətdə İsrail müasir silahlarla, güclü texnikalarla, raket və havadan müdafiə sistemləri, eyni zamanda donanması ilə əhatə olunub. Bu baxımdan İsrail açıq şəkildə HƏMAS-dan güclüdür". Bu sözləri SİA-ya açıqlamasında politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, bu məsələ böyüyərsə, HƏMAS-ın məğlub olduğunu görən iranyönümlü qüvvələr prosesə müdaxilə edə bilər: "Biz bunun artıq işartısını və əlamətlərini görürük. Doğrudur, İsrail də ciddi şəkildə dəstəklənir. Başda ABŞ olmaqla bütövlükdə Qərb dünyası İsraili dəstəkləyir. Ancaq regional səviyyədə bu məsələ genişlənərsə, bu, uzunmüddətli və qanlı bir savaş olacaq".

Politoloq sözlərinə davam edərək bildirib ki, münaqişədən tamamilə uzaq olan Yəmən dövlətindən İsrailə doğru dron və raketlər atılıb: "Bu faktın özü də göstərir ki, müharibə böyüyə bilər. Bu təhlükə realdır. Ona görə də bu gün konkret nəticədən danışmaq mümkün deyil. Savaş böyüyərsə, Yaxın Şərqdə böyük bir yanğına çevrilə bilər. Bunun baş verməməsi üçün qardaş dövlət Türkiyə bütün regional və qlobal güclərlə ciddi müzakirələr aparır. Atəşkəs təmin olunarsa, mütləq mənada prosesi ədalətli sülhə çevirməyə ehtiyac olacaq. Ədalətli sülh olmadıqca bu hadisədən müxtəlif regional və qlobal güclər istifadə edirlər".

Ləman Sərraf