Ukrayna, Koreya, yoxsa Qəzza? - ANALİZ

20 Oktyabr 2023 15:08 (UTC+04:00)

Nüvə düyməsi hansı regionun dağılması üçün basılacaq?

Dünyada müxtəlif səbəb və bəhanələrdən indiyədək sayı-hesabı bilinməyən müharibələr baş verib. Bu gün də Yer kürəsinin hansısa yerində silahların lüləsindən çıxan güllələr kiminsə həyatına son qoyur, top atışlarından, uzaqmənzilli raketlərdən neçə-neçə tikili bir neçə saniyə içində yerlə yeksan olur. Və bu hal hər gün yeni regionu ağuşuna alır, “qaynar nöqtə” statusunu alır. Amma dərin araşdırma aparmadan belə deyə bilərik ki, bütün bunlar, müharibələr, savaşlar əvvəlkitək torpaq ələ keçirmək, yeni ərazilər qazanmaq niyyəti ilə edilmir. Bu gün siyasət elə qurulub ki, müharibə aparmadan, zor tətbiq etmədən, hansısa dövlətə, onun ərazilərinə nəzarət edə bilərsən. Müasir dünyamızda iri dövlətlərin yeni düzənində, milli doktrinasında bu üsul geniş tətbiq edilir. Bütün bunlar bəllidir, amma başqa yol seçən dövlətlər də var.

Dünya insanı nüvə silahının nələrə qadir olması barədə ilk siqnalı 1945-ci ildə aldı. ABŞ guya Kvantun ordusunu durdurmaq üçün Yaponiyanın iki şəhərinə atom bombası atdı. Yüz minlərlə yaponiyalı bir göz qırpımında yanıb külə döndü, hər iki şəhər xarabalığa çevrildi. Ölənlərin əksəriyyəti dinc sakin idi. Sadəcə, Vaşinqton döyüşü mülki vətəndaşların yaşadığı, döyüş bölgələrindən uzaqda yerləşən şəhərlərə daşımaqla Yaponiyaya göz dağı verdi, məsələnin ciddiliyini, nəyə qadir olduğunu və nələri edə biləcəyini anlatdı. Yeri gəlmişkən, bu qeyri-sivil, qeyri-insani yanaşma günümüzdə baş verən müharibə və hərbi toqquşmalarda da tətbiq edilir. Yadınızdadırsa Ermənistanın III prezidenti, bəbək qatili, azərbaycanlılara qarşı soyqırımı, vandalizm aktı törədən Serj Sarkisyan Xocalı faciəsi barədə danışarkən, “bəli, biz bunu etdik, azərbaycanlılara bizim nə qədər ciddi olduğumuzu anlatmaq üçün etdik”, demişdi. Bu gün Ukraynada, Nigerdə, Malidə, Somalidə, Suriyada, Liviyada, Kəşmirdə və Yaxın Şərqdə aparılan müharibələrdə ən çox ziyan çəkən dinc əhalidir. Heç bir müharibə qanunları gözlənilmir. Hədəf də, müdafiə səddi də mülki vətəndaşların yaşadığı binalar və məkanlardır.

Dünya ölkələri ən dağıdıcı silah əldə etmək yarışına çıxıblar. Aparılan araşdırmalara görə, dünyada 14,995 ədəd nüvə silahı var. Hər ölkənin əlində olmayan bu silahlar olduqları ölkənin rəqiblərin ciddi qorxu içində saxlayır. Hazırda əlindəki nüvə silahının az olmasına rəğmən, ətrafına ən çox qorxu saçan ölkə Şimali Koreyadır. Rusiyanın (7000 nüvə bombası), ABŞ-ın (6800), Fransanın (300), Çinin (270), İngiltərənin (215), Pakistanın (140), Hindistanın (130), İsrailin (80), Şimali Koreyanın (60) əlində nüvə bombası olduğu barədə rəqəmlər var. Hazırda dünya üzərində nüvə silahı sınaqlarını uğurlu şəkildə tamamlamış 8 dövlət var.

Nüvə - hücum, yoxsa müdafiə silahı?

Maraqlı sualdır, bu dövlətlər nüvə silahı yaradanda hansı məqsəd güdüblər, düşmənləri bəlli edə biliblərmi, yoxsa..? Məsələ hələ də qaranlıqdır. Nüvə dövlətləri bir neçə dəfə nüvə düyməsinə basmaq fürsəti əldə etsələr də, ən son anda bu faciədən qaça biliblər. 1945-ci ildən bəri nüvə silahlarının sayı artsa da, nüvə sınaqları müntəzəm keçirilsə də, heç bir müharibədə tətbiq olunmayıb. Karib böhranı zamanı əllər tətikdə idi, Həm SSRİ, həm də ABŞ birinci kimin düyməyə basacağı anını gözləyirdilər. Bu gün Rusiyanın Ukraynada apardığı müharibədə taktiki nüvə silahından, hətta istifadə edildiyi barədə təsdiq olunmamış məlumatlar dolaşırdı. Amma 7 mindən artıq nüvə başlığına sahib Rusiya “qırmızı xətt”lərdən danışsa da, qarşı tərəfi hədələsə də qırmızı düyməyə basmayıb.

Bu gün ən çox nüvə hədəsini eşitdiyimiz ölkə Şimali Koreyadır. Şimali Koreya ABŞ-ı qabaqlayıcı nüvə zərbəsi ilə hədələyir. KXDR Mərkəzi Teleqraf Agentliyinin (KCNA) materialında deyilir ki, ABŞ nüvə müharibəsi törətmək istəyir və bu məqsədlə özünün strateji bombardmançı təyyarələrini Koreya yarımadasına köçürür. Şimali Koreya buna cavab olaraq qabaqlayıcı nüvə zərbəsi endirməklə hədələyib. KCNA ABŞ-ın B-52 strateji bombardmançı təyyarəsinin Koreya yarımadasının cənubuna göndərilməsini, həmçinin ABŞ, Cənubi Koreya və Yaponiyanın hərbi hava qüvvələrinin planlaşdırılan birgə təlimlərini xatırladır. Məqalədə deyilir ki, bu, ABŞ-ın həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə bir küncə sıxışdırılmış, nüvə müharibəsini qızışdırmaq üçün qəsdən etdiyi manevrdir. KCNA yazır ki, “ABŞ-ın hegemon strategiyasını həyata keçirmək üçün avantürist siyasəti” Avropa və Yaxın Şərqdəki münaqişə və onun nəticələri səbəbindən iflasa uğrayır və ABŞ administrasiyasının xarici təsiri və statusu yeni ziddiyyətlər və münaqişələr səbəbindən böyük dövlətlər və onların müttəfiqləri arasında durmadan azalır”.

Qeyd edilir ki, Birləşmiş Ştatlar Koreya yarımadasının qanuni olaraq müharibə vəziyyətində olduğunu bilir və “düşmən ərazisinə ötürülən strateji aktivlər” ilk məhv hədəfləri olacaq. Qabaqlayıcı tətbiq hüququnun ABŞ-ın monopoliyası olduğu dövr artıq başa çatıb. “ABŞ və Cənubi Koreya quldurları respublikamıza qarşı nüvə müharibəsi törətməklə hədələdikləri üçün bizim cavabımız da məqsədəuyğun olacaq. ABŞ-ın mümkün qədər tez başa düşməsi faydalı olardı ki, səhvlər nə qədər çox təkrarlanarsa, Amerika qitəsi üçün xaricdəki təhlükəli məqam bir o qədər yaxınlaşır. Ehtiyatsız addımın ardınca geri dönməz peşmançılıq gəlir”, - materialda deyilir.
KXDR Xarici İşlər Nazirliyi ABŞ-ı Moskva və Pxenyana qarşı düşmən münasibətinə görə tənqid edib, həmçinin NATO-nu və ABŞ, Yaponiya və Cənubi Koreyanın alyansını xərçəng adlandırıb. Sentyabrın sonunda KXDR parlamenti konstitusiyaya ölkəyə hərbi nüvə proqramını inkişaf etdirmək hüququ verən düzəliş qəbul edib. Şimali Koreya lideri Kim Çen In bunu “güclü siyasi silah” adlandırıb. Keçən həftə Şimali Koreya Cənubi Koreyada ABŞ-ın təyyarədaşıyan gəmisinə hücum etməklə hədələyib.

Gürcüstan da nüvə müharibəsinə hazırlaşır...

Gürcüstan hakimiyyəti regionda nüvə silahının mümkün istifadəsinə hazırlıq üçün tədbirlər görür. Bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbəri Qriqol Liluaşvili parlamentdə qapalı dinləmələrdən sonra jurnalistlərə bildirib. “Mövcud çağırışlar regionda nüvə silahının istifadəsini istisna etmir, ona görə də biz ehtiyatlı və ağlabatan siyasət yürütməliyik”, - deyən cənab Liluaşvili açıq şəkildə Gürcüstan və Rusiya arasındakı münasibətlərə, eləcə də Yaxın Şərqdəki vəziyyətə istinad edir.

Dövlət Təhlükəsizliyi Xidməti rəhbərinin sözlərinə görə, Gürcüstan hökuməti “nüvə müharibəsi zamanı xüsusi plan hazırlayıb” və bu plana əsasən, “hər bir idarə üçün cəlb olunacaq ssenari və fəaliyyət planı müəyyən edilib”. Xüsusilə, Səhiyyə Nazirliyi nüvə müharibəsi zamanı əhali arasında paylanacaq "dərmanların siyahısını artıq tərtib edib" və zərərçəkənlərə təcili tibbi yardım alqoritmini də təyin edib. “Xoşbəxtlikdən və ya təəssüf ki, biz bu yaxınlarda baş verən COVID-19 pandemiyası zamanı belə işlərdə geniş təcrübə qazandıq”, - Qriqol Liluaşvili xatırladıb. Eyni zamanda, o, Gürcüstana birbaşa nüvə zərbəsi endiriləcəyi təqdirdə “sığınacaqlar bizə kömək etməyəcək”, buna görə də “həm ölkə daxilində, həm də xaricdə mötədil, praqmatik siyasət yürütmək lazım olduğunu” etiraf edib.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev İsrail ilə Fələstin HƏMAS hərəkatı arasındakı müharibənin qlobal müharibəyə və ya “böyük nüvə güclərinin müdaxiləsi perspektivi ilə regional güclərin nüvə silahından istifadə etməsi ilə qısa bir münaqişəyə çevrilə biləcəyindən ehtiyat edir”. O, Rusiya torpaqlarının bir hissəsi “ələ keçirilərsə” nüvə silahından istifadə edəcəyi ilə hədələyib.

Qəzzada nüvə silahına ehtiyac varmı?

Yaxın Şərqdəki hazırkı durumu qiymətləndirmək olduqca çətindir. Hər kəs İsrailin güclü olduğunu, bütün üstünlüyün onun tərəfində olduğunu düşünə bilər. Amma nəzərə almaq lazımdır ki, həmas təkcə Qərbin elan etdiyi “terror təşkilatı” deyil. Ondan istifadə edən, onu dəstəkləyən, yeri gələndə onun içində olaraq kiminləsə haqq-hesab çürüdən tərəflər, dövlətlər, beynəlxalq çəkidə təşkilatlar var. Hələ silah tüccarlarını demirik. Bütün bu ehtimallarla yanaşı gəlin Fələstin-İsrail, yaxud HƏMAS-İsrail cəbhəsində nə baş verdiyini, son durumu aydınlaşdıraq. Bu savaşın sonu hara aparır? Nüvə silahının düyməsi basıla bilərmi? HƏMAS-ın nüvə silahı yoxdur, İsrailin də bu silaha müraciət etməsi inandırıcı deyil. Bəs kənar qüvvələr?

İsrail təxminən iki həftə əvvəl Fələstinin HƏMAS hərəkatı ilə müharibənin lap əvvəlindən elan etdiyi Qəzza zolağında quru əməliyyatının başlanmasını təxirə salır. İsrail mediası ehtiyatda olan bəzi əsgərlərin hər an öz bölmələrinə qayıtmağa hazır olmaları şərti ilə evlərinə buraxılmağa başladığını yazır. Bundan əlavə, ABŞ prezidenti Co Bayden İsrailə səfərindən sonra gözlənilmədən ABŞ ordusunun israilli həmkarları ilə quru əməliyyatına alternativ variantları müzakirə etdiyini açıqlayıb. Bu arada İsrailin HƏMAS-ı bitirmək vədləri qüvvədə qalır. Mütəxəssislər hesab edirlər ki, quru əməliyyatı olmadan bu, real deyil, ona görə də uzun və bir neçə cəbhədə müharibənin olacağını proqnozlaşdırırlar.

“İndi Qəzzanı uzaqdan görürsən, tezliklə içəridən də görəcəksən. Sifariş gələcək”, - İsrailin müdafiə naziri Yoav Qalant Cənub Hərbi Dairəsinə səfəri zamanı yüksək rütbəli komandirlərə bildirib. İsrailin baş naziri Binyamin Netanyahu da eyni bölgədə olub və cümə axşamı günü hərbçilərin mənəvi durumunu yoxlamaq üçün Qəzza zolağı ilə həmsərhəd bölgələrə gedib. Bütün bunlar ABŞ prezidenti Co Baydenin Amerika və İsrail hərbçilərinin İsrailin təxminən iki həftədir Qəzza zolağında başlamağa vəd etdiyi quru əməliyyatına alternativləri müzakirə etdiyini elan etdikdən bir neçə saat sonra baş verib. Cənab Bayden İsrailə səfərinin sonunda danışıb, burada Benyamin Netanyahu ilə görüşüb, həmçinin müharibə dövrü kabinetinin (İsrailin baş naziri, həmçinin hazırkı və keçmiş müdafiə nazirləri Yoav Qalant və Benni Gantz da daxildir) iclasında iştirak edib.

Prezident Baydenin bəyanatı gözlənilməz olub, çünki bundan əvvəl İsrailin informasiya məkanında Qəzza zolağında quru əməliyyatının tezliklə başlayacağına şübhə yox idi. İsrail hərbçiləri və siyasətçiləri son 13 gün ərzində bir dəfədən çox təkrar ediblər: onlar Fələstin HƏMAS hərəkatının Qəzza zolağında hakimiyyətinə son qoymaq və onun hərbi infrastrukturunu məhv etmək üçün hər şeyi edəcəklər. Mütəxəssislərin fikrincə, bunu yalnız hava zərbələrinin köməyi ilə etmək mümkün deyil. Belə ki, Ordunun Mərkəzi Dairəsinin keçmiş komandanı ehtiyatda olan general-mayor Qadi Şamni Kan REKA radiostansiyasına müsahibəsində deyib ki, lazım olan təkcə Qəzza zolağında quru əməliyyatı deyil, bu ərazinin tam silahsızlaşdırılmasıdır.

Bu məqsədə nail olmaq üçün İsrailin Misirlə Zolaq arasındakı əlaqəyə qayıtması lazımdır. Bu, Qəzza zolağına qaçaqmalçılıq yolu ilə silah və sursatın keçirilməsinin əsas yoludur. İsrail 2005-ci ildə Qəzza zolağından geri çəkilməsinin bir hissəsi olaraq ərazini tərk edib. Eyni zamanda, Haaretz qəzetinin siyasi müxbiri Yonatan Lis həmin verilişdə iddia edib ki, hərbi-siyasi kabinetdə Qəzza əhalisi arasında itkilərin miqyasını minimuma endirmək üçün İsrail hərbçiləri arasında HƏMAS-a hava hücumlarını məhdudlaşdırmağı təklif edən qüvvələr var.

Ukraynaya 90 milyardlıq “yardım”

ABŞ prezidenti Co Bayden Ukraynadakı vəziyyət və Fələstin-İsrail münaqişəsi ilə bağlı xalqa müraciət edib. O, İsrail və Ukraynanın qalib gəlməsinin “Amerikanın milli təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıdığını” söyləyib. Baydenin sözlərinə görə, bu ölkələrə qarşı təcavüzün davam etməsinə icazə verilərsə, o zaman “münaqişə və xaos” dünyanın digər hissələrinə də keçə bilər. “Həmas və Putin fərqli təhlükələr yaradır. Amma onların ortaq cəhətləri var. Onlar qonşu demokratiyalarını tamamilə məhv etmək istəyirlər”, - ABŞ prezidenti əmin olduğunu bildirib. ABŞ prezidenti oktyabrın 20-də Konqresə Ukrayna və İsrailə yardım üçün əlavə maliyyə vəsaitinin ayrılması ilə bağlı sorğu göndərəcəyini bildirib. O, dəqiq məbləğin adını çəkməyib. "Bu, nəsillər boyu Amerika təhlükəsizliyinə dividendlər ödəyəcək ağıllı bir investisiyadır", - Co Bayden deyib.
Qeyd edib ki, ABŞ Amerika ordusunun Rusiya ordusu ilə vuruşmasını istəmir. Lakin Rusiya Vaşinqtonun NATO müttəfiqlərinə hücum edərsə, Birləşmiş Ştatlar “NATO-nun hər qarışını” müdafiə edəcək. Bloomberg xəbər verir ki, Co Bayden Konqresdən Ukrayna, İsrail və Tayvana hərbi dəstək, habelə ABŞ sərhədlərinin qorunması üçün əlavə 100 milyard dollar istəyəcək. Oktyabrın 19-da Bayden Ukrayna prezidenti Vladimir Zelenskiyə zəng edərək Kiyevə gələcək hərbi yardımı müzakirə ediblər. Bu həftə Ukrayna ordusu Vaşinqtondan ATACMS taktiki raketləri alıb.

ABŞ İsrailə əvvəllər Ukraynaya göndərilməsi nəzərdə tutulan on minlərlə 155 mm-lik artilleriya mərmisi verməyi planlaşdırır. Söhbət ABŞ-ın ehtiyatlarından olan mərmilərdən gedir ki, onlar İsraildə ölkələr arasında razılaşma çərçivəsində saxlanılır. Bu barədə Amerikanın Axios nəşrinə İsrail rəsmiləri məlumat verib. Politico mənbələrə istinadən xəbər verir ki, Pentaqon əməkdaşlarına İsrailə təchizat yaratmaq üçün Amerikanın sursat ehtiyatlarını “daramaq” tapşırılıb.

Mənbənin sözlərinə görə, İsrail hərbçiləri Qəzza zolağında quru əməliyyatına, eləcə də Livanla sərhəddə “Hizbullah” qruplaşması ilə mümkün münaqişəyə hazırlaşmaq üçün Vaşinqtondan artilleriya mərmiləri istəyib. Axios həmçinin yazır ki, İsrailə tədarüklər Ukrayna hərbçilərinin Rusiyanın xüsusi əməliyyatı çərçivəsində döyüş əməliyyatları aparmaq qabiliyyətinə təsir etməyəcək. Oktyabrın 19-da İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, tezliklə bu ölkə ordusunun (IDF) Qəzza zolağında quru əməliyyatına başlaması barədə əmr veriləcək. Ölkənin Milli Təhlükəsizlik Şurasının üzvü olan İsrailin İqtisadiyyat naziri Nir Barkat ABC News-a deyib ki, İsrail ordusuna ordu “hazır olduqda” Qəzza zolağına daxil olmaq əmri verilib. İki gün öncə Bloomberg agentliyi bildirib ki, ABŞ prezidenti Co Bayden tezliklə ABŞ Konqresindən Ukrayna, İsrail və Tayvana hərbi dəstək, habelə ABŞ sərhədinin qorunması üçün əlavə 100 milyard dollar istəmək niyyətindədir. Oktyabrın 15-də Co Bayden CBS telekanalına müsahibəsində deyib ki, Vaşinqtonun həm İsrailə, həm də Ukraynaya hərbi yardım göstərmək imkanı var.

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen bildirib ki, Avropa İttifaqı 2022-ci ilin fevralından Ukraynaya 90 milyard dollar yardım ayırıb. Bu məbləğin üçdə biri, yəni təxminən 27 milyard dolları hərbi yardımdır. “Biz artıq Ukraynaya təxminən 90 milyard dollar yardım köçürdük ki, bunun da 27 milyard dolları silah təchizatıdır. Beynəlxalq dəstək tarixində heç vaxt olmadığı qədər, biz Ukraynanın bütün ehtiyaclarını ödəmək üçün ABŞ və G7 tərəfdaşları ilə köməyimizi koordinasiya etməyə davam edirik”, - deyə Hudson İnstitutunda çıxış edən Avropa Komissiyasının rəhbəri bildirib.

Eyni zamanda, Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Avropa İttifaqı Ukraynanın ABŞ-dan aldığı maliyyə yardımının itkisini qısa müddətdə kompensasiya edə bilməyəcək. Sentyabrda ABŞ Konqresi Ukraynaya yardımı nəzərdə tutmayan müvəqqəti büdcə qəbul edib. ABŞ hakimiyyəti Ukraynaya dəstək məsələsinə daha sonra baxacaqlarına söz verib.

Beləliklə, Qərb dünyası müharibələrin körüyünü basmaqda davam edir. İndiyədək müharibə tərəfdaşlarına göndərdiyi silahların effektsizliyindən bezən Avropa və ABŞ nüvə silahına əl ata bilərmi? Hər şeyə hazır olmalıyıq...

V.VƏLİYEV