“Bu məsələ Fransa ədalət sistemi qarşısında qaldırılmalıdır” - Lyuk Frensis Kerol

20 Oktyabr 2023 10:24 (UTC+04:00)

“Mallarımızın 90 faizi Fransa və digər ölkələrə aparılırdı. Orada kənd təsərrüfatı siyasəti elə aparılırdı ki, biz sərbəst hərəkət edə bilməyək. Müstəmləkəçilik siyasəti həm də mədəniyyət sahəsinə mənfi təsir edir. Biz istəyirdik ki, dilimiz fransız dili ilə eyni rəsmi dil olsun. Onlar isə bundan imtina edirdi. Bu məsələ Fransa ədalət sistemi qarşısında qaldırılmalıdır”. SİA xəbər verir ki, bu sözləri “Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfransda çıxışı zamanı Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Lyuk Frensis Kerol deyib.

Lyuk Frensis Kerol sözlərinə belə davam edib: “Biz düşünürük ki, müstəqillik əldə etməliyik. Yalnız bundan sonra müstəmləkəçiliyə tam şəkildə son qoyulduğunu deyə bilərik.

Fransızlar öz ölkələrindən çıxıb gəlib bizim ölkədə işləyirlər. Kimlər ki quldarlığa dəstək olmuşdu onlar bu gün spekulyasiyalar aparırlar.

Son olaraq qeyd edim ki, Afrikada aparılan hərəkata öz həmrəyliyimizi ifadə edirik. Düşünürəm ki, onlar da tam şəkildə müstəqil fəaliyyət göstərməlidirlər. Afrika diasporası da dünyada fəal iştirak etməlidir”.

Ayşən Vəli