“Müstəqil Azərbaycanın tarixində ilk dəfə ən yüksək bal toplayan tələbələrə təqaüd verilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev təhsilə yüksək qiymət verir, tələbələrin uğurlarını qiymətləndirirdi. 1969-cu ildə Ulu Öndər hakimiyyətə gəldikdən sonra hər il minlərlə Azərbaycan gəncini SSRİ-nin ən nüfuzlu ali məktəblərinə göndərir və tələbə adını qazananları qəbul edərək, onlara xeyir-dua verirdi. Həmin tələbələr isə həm Azərbaycanın etimadını doğruldur, həm də təhsilini mütəxəssis kimi başa vurduqdan sonra ölkəmizə qayıdır, burada çalışırdılar. Beləliklə də Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra da Ümummilli Lider bu ənənəni davam etdirdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, hazırda da Azərbaycan dövlət başçısının sərəncamı ilə 102 tələbəyə prezident təqüdünün verilməsi mühüm bir addımdır: “Bu ilk növbədə dövlətin təhsilə olan münasibətini göstərir. Eyni zamanda ali məktəbə hazırlaşan abitruyentlər üçün də stimul olur.
Azərbaycan dövləti Qarabağda böyük quruculuq işlərinin aparılmasına baxmayaraq, gəncini, tələbəsini unutmur, hər zaman gəncliyin yanındadır. Hansı ki, 44 günlük müharibə göstərdi ki, bu gün əlində qələm olan gənc, lazım gəldikdə də əlinə silah alıb, cəbhədə Vətənin azadlığı uğrunda vuruşa bilir”.