“Əmək bazarının tələbləri kifayət qədər dəyişkəndir“ - EKSPERT FİKRİ

18 Oktyabr 2023 14:30 (UTC+04:00)

“Peşə ilə bağlı ixtisaslara “ölü ixtisas”lar deməyin düzgün olmadığını düşünürəm. Bunun əksinə təsnifatlaşma apararaq, klassik və müasir peşə ixtisasları deyə bilərik”. Bu sözləri SİA-ya açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov deyib.

Onun sözlərinə görə, peşə bir sənətdir və ölmür: “Amma əmək bazarının nəyi tələb etməsi baxımından yanaşmamızı ortaya qoya bilərik.

Həqiqətən də elə peşələr var ki, ola bilsin gələcəkdə onlara daha az ehtiyac olacaq. Məsələn, dulusçuluq Azərbaycanın qədim peşələrindən biridir. Amma dulusçuluqla məşğul olan insanın əmək bazarında özünə yer tapa bilməsi sual doğurur. Eynilə bu kimi bir çox klassik peşələr var. İstənilən halda klassik peşələrin tamamilə sıradan çıxmasına imkan vermək düzgün deyil. Əmək bazarının tələbləri kifayət qədər dəyişkəndir. Bu da müasir peşələrin nə olacağını konkret deməyə imkan vermir. Müasir ixtisaslar sırasında İT xüsusi diqqəti çəkir. Lakin bu tip ixtisaslarda müvafiq peşə sənədinin olması da tələb edilir. Maraqlısı odur ki, bu cür peşə sahibləri ömür boyu özlərini təkmilləşdirməli, yenilikləri öyrənməlidirlər”.