...Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi və təcavüzkara qarşı tətbiq edilən kütləvi sanksiyalar fonunda Rusiya şirkətlərinin top-menecerləri tarixdə rekord sayda kadr çatışmazlığı olduğunu açıqlayıblar.
Əvvəla qeyd edim ki, SİA bu barədə Ukytlarına saytlarına istinad edir.
Məhz bu mənada məlumatın qeyri-dəqiqliyi baxımından tərəddüd etmək istəsək də, bu arada ofisi Moskvada yerləşən “RosExpert”-in bu məsələ ilə bağlı araşdırmaları ilə rastlaşdıq.
Deməli, “RosExpert”-in araşdırmalarına görə, təcavüzkar Rusiyadakı şirkətlərin top-menecerləri bütün müşahidə tarixində rekord sayda işçi çatışmazlığı ilə üzləşib və ən azı 2026-cı ilə qədər kadr çatışmazlığı gözləyirlər.
Belə ki, işçi çatışmazlığı bu il top-menecerlər üçün əsas problemə çevrilib - bunu respondentlərin 46 faizi qeyd edib. Əsas çətinliklər arasında ikinci yerdə geosiyasi vəziyyət, üçüncü yerdə isə bazar rəqabətinin dəyişməsi, təchizat zəncirlərinin restrukturizasiyası və yeni bazar seqmentlərinə məcburi daxil olmaq vəzifəsi dayanır.
“RosExpert”in sorğusunda iştirak edənlərin proqnozuna görə, 2026-cı ildə kadr problemi davam edəcək, eyni zamanda şirkətlərin məqsədləri və müvafiq olaraq top menecmentə tələblər artıq dəyişəcək.
Beləliklə, 2023-cü ildə Rusiya son 30 ildə ən böyük işçi çatışmazlığı ilə üzləşib. Bildirilib ki, Rusiya müəssisələrinin 35 faizində işçi yoxdur. Bu, 1996-cı ildən bəri ən yüksək göstəricidir.
Çatışmazlıq 2022-ci ilin sentyabrında Rusiyanın Ukraynaya müdaxiləsindən sonra başlayan rus əhalisinin səfərbərliyi ilə bağlıdır. Çatışmazlıq ən çox yüngül sənaye və maşınqayırmada özünü göstərir. “McDonalds” və “Starbucks” kimi Qərb brendlərinin ölkədən getməsi yerli sahibkarlar üçün imkanlar açsa da, işçi çatışmazlığı o deməkdir ki, hazırda Rusiya Federasiyasında sadəcə olaraq heç nə istehsal edən yoxdur.
Maraqlıdır ki, 2023-cü ilin mayında Rusiyada kadr çatışmazlığı yeni səviyyəyə çatıb. Hətta bildirilir ki, bu gün nəinki işləyəcək, heç rəhbərlik edəcək də adam yoxdur.
Neft hasilatı, metallar, kimya istehsalı və aqrobizneslə məşğul olan Rusiya şirkətləri üçün top-menecer çatışmazlığı var. Son bir il ərzində şirkətlər top-menecerlər üçün axtarış sorğularının sayını demək olar ki, iki dəfə artırıb. Tələbin artımı tədarük böhranı ilə üst-üstə düşüb, çünki xeyli sayda menecer ölkəni tərk edib.
Ağasəf Babayev