“Nuri-həqq daima yanar, sönməz!...”

16 Oktyabr 2023 14:54 (UTC+04:00)

Naxçıvan şəhərində qədim Əlixan məhəlləsində yerləşən dahi şair-dramaturq Hüseyn Cavidin Ev muzeyinin yaradıcısı, 40 ilə yaxın direktoru olmuş Bəhruz Axundovla müsahibəmiz onun yeni nəşr olunmuş “Nuri-həqq daima yanar, sönməz!...” adlı kitabının nəşrindən sonrakı görüşümüzdə oldu. Kitabı dönə-dönə oxusamda, yenə də əlimdən yerə qoymaq istəmədim. Üz tərtibatı dil açıb danışır, çox mətləbləri çatdırırdı. Səhifələr və albom hissəsindəki şəkillər isə tarixin donmuş anlarını canlandırırdı.

01 oktyabr 2003-cü il. Saat 2345 radələrində Turan xanımla məqbərəyə gəldik. Mən işıqları yandırdım, sərdabəyə düşdük. Saat 2400 tamam oldu, 1-ə bir dəqiqə işləyəndə Azər Turanla mən Turan xanımı təbrik etdik. Turan xanım bizə yaxınlaşıb bir əliylə mənim, bir əliylə Azərin əlindən yapışdı və dedi:

Nə yaxşı ki, altımızda bir yerdəyik. Mən Turan Xanıma fikir verdim, onun sifətini indiyədək belə görməmişdim. Gözlərində sevinc dolu maraqlı bir görüntü var idi. 80 yaşını əzizləri ilə bir yerdə qeyd edirdi. Tez-tez gah atasının, gah anasının, gah da Ərtoğrolun qəbirlərinə baxırdı. Azərlə mən bir neçə dəqiqəliyə Turan xanımı əzizlərinin yanında tək qoyub cıxdıq...” Bəhruz müəllim, kitabdakı 120-ci səhifədə bu sətirləri oxuduqca bir qüdsi duyğular məni ele sardı ki, qeyri-ixtiyari ayağa qalxıb “Cənnətməkan olsunlar”- dedim və göz yaşlarımı tuta bilmədim. Əslində bu çox həssas bir an idi. Turan xanımın bununlada Naxçıvana son səfəri oldu. Yəqin ki, o özü bunu hiss etmişdi və bu dünyada əzizlərinə son borcunu verməyə, anadan olduğu günü onlarla birlikdə olmağa gəlmişdi. Bəhruz müəllim sizlər o duyğulu anı necə yaşadınız? Sizcə Turan xanım əzizləri ilə tək qalanda onlara nə deyəcəkmiş?

Bilirsiniz mən ömrümün 40 ilə yaxınını Cavid muzeyinin yaradılmasına, o yolda axtarışlara, hər bir eksponatın tapılmasına və qorunmasına, repressiyalardan çıxaraq süzülüb gələ bilmiş hər şeyin haqqını almasına həyəcan və arzularla xidmət etmişəm. Cavid ruhunu o məkanda hiss edərək oraya məbəd kimi baxmışam. Turan xanım bu yolda sanki qibləgahım idi. Onun əzmi, çalışmaları, atasının əsərlərini ilmə-ilmə oxuyub təmizlənməsi uğrunda mübarizəsini görmüşəm. Turan xanımla əzmimiz, amalımız bir idi. Mən ondan güc alırdım, onun cəfakeşliyinə, mətinliyinə, zəkasına heyran idim. O, da məni qiymətləndirir, əmanətlərə göz bəbəyim kimi yanaşdığımı bilirdi. Turan xanım ömrünü axıra qədər müqəddəs bildiyi atasının zəngin irsinin toplanmasına, öyrənməsinə, qorunmasına və qüsursuz olaraq xalqa qaytarılmasına nail oldu. Mənə elə gəlir ki, Turan xanım həmin gün, o dəqiqələrdə əzizlərinə bu dünyadakı missiyasının başa çatdığını, onları pərən-pərən salmış qanlı tarixin əlindən alıb bir yerə toplamağa nail olduğunu və şərəflə onlara qoşulmağa hazır olduğunu bildirmək istəyirdi. Bu Turan xanımın ailəsinə sanki son hesabatı idi.

Bəhruz müəllim, necə oldu ki, bu kitabı yazdınız?

Bu kitab yarım əsrlik bir salnamədir. Kitabda müxtəlif ziyalı təbəqələrinə Cavidsevər insanlara, dəqiqliklə göstərilmiş hadisə və görüşlərə rast gəldikcə xalqımızın nə qədər qədirbilən olduğunu görürük. Doğrusu Turan xanım rəhmətə gedəndən sonra böyük bir sima, arxa, dost itirmişdim. Məsuliyyətim isə ikiqat artmışdı. Onun əmanətlərini qorumaq, məsləhətlərini davam etdirmək lazım idi.

O, ailənin ab-havasını ev muzeyində yaşatmaq, ruhlarını şad etmək, muzeyin ekspozisiyasını zənginləşdirmək- hər sey buna xidmət edirdi. Bir arzum var idi ki, məndən sonra bütün bunlar mənim duyğularımı yaşaya bilən, Cavidin əsərlərini oxuyaraq onu dərk etməyə çalışan, mənimsəyə bilən, ailəsinin qədir-qiymətini yüksəklərə qaldırıb ruhlarını şad edən insanların əlinə keçsin. Axı heçnə daimi deyil, nəsillər bir-birini əvəz edir. Nəhayət o gün gəldi, mən muzeydən ayrıldım. Nə edəcəyimi bilmirdim. Günlər çox darıxdırıcı, mənasız keçirdi. Yaxın dostların məsləhəti və təkidi ilə muzeyin yaradılmasından son dövrə qədər, yəni sevdiyim işimdən azad olunana qədər gündəliklərimdə qeyd etdiyim xatirələri, hadisələri, tədbirləri və görüşləri xronoloji qaydada qələmə almağı qərara aldım və bunu tez bir zamanda başa çatdırdım. Mənə elə gəlir ki, bu kitab Cavidsevərlər üçün, Cavid yaradıcılığı ilə məşğul olan tədqiqatçılar üçün maraqlı olar. -

Doğrudur, Bəhruz müəllim. Sizin yazılarınız həm oxucu kütləsi üçün, həm də tədqiqatçılar üçün qiymətli materiallardır. Siz bu kitabı xatirə kimi işləsənizdə, oxuduqca hiss olunur ki, yenidən yaşayaraq yazmısınız. Bəzi hadisələri oxuyan zaman mən də özümü elə orada hiss edirdim. Məqbərənin açılışında biz şagirdlərimizlə orada idik. Həyəcanla Ümummilli Liderimiz Heydər Əliyevin gəlişini gözləyirdik. Çox hərarətli, maraqlı bir gün idi. Heydər Əliyev hamı ilə çox səmimi görüşürdü.

Onun özünün sevinci, sizin həyəcanınız, məhəllədəki insanların, məktəblilərin, qonaqların bir-birinə isti münasibəti.Hər şey çox gözəl idi.

Bəli, H.Cavidin adının əbədiləşdirilməsində, cənazəsinin uzaq Sibirdən vətəninə gətirilməsində, Turan xanımın arzularının yerinə yetirilməsində Heydər Əliyevin misilsiz xidmətləri olub. Mən bu haqda kitabda yazmışam. Qeyd edim ki, 1988-ci ildə Moskva şəhərində 1 ay Mədəniyyət İşçilərinin İxtisasartırma İnstitutunda muzey işi üzrə ixtisasartırma kursunda iştirak etdiyim zaman orada Kommunist rejimin tüğyan etdiyi bir vaxtda Heydər Əliyevin Hüseyn Cavidin cənazəsinin uzaq Sibirdən vətəninə gətirilməsindən danışdım. Orada böyük bir sensassiya yarandı və İnstitutun rektorunun məsləhəti və mənim köməyimlə Cavidin cənazəsinin gətirilməsi ilə əlaqədar təqdim etdiyim fotoşəkillər əsasında “Qayıdış” adlı sərgi təşkil olundu və Heydər Əliyevin bu böyük cəsarətindən və şücaətindən söhbətlər oldu. Bütün bunlar haqqında kitabda geniş əks olunmuşdur.

Bəhruz müəllim, sizin təbirinizlə desək, oktyabr ayı Cavidlər ayıdır. Bu haqda nə deməkistəyirsiniz?

Oktyabr ayı həqiqətən bu ailənin taleyində xüsusi izlər buraxmışdır. Oktyabr ayının 2-də Turan xanım, 22-də Ərtoğrol, 24-də isə dahi şair dünyaya gəlmişdir. 26 oktyabr 1982-ci ildə Cavidin nərşi uzaq Sibirdən vətəninə gətirilərək ana torpağa qovuşmuşdur. 29 oktyabr 1996-cı ildə Ümummilli Lider Heydər Əliyevin qayğısı və iştirakı ilə “Cavid” məqbərəsinin təntənəli açılışı olmuşdur. Bu ilin oktyabr ayında Turan xanımın anadan olmasının 100 illiyidir. Mən kitabın həmin vaxt ərsəyə gəlməsinə çalışdım ki, onun yubileyinə bir hədiyyəm olsun.Əslində oktyabr həm də mənim ayımdır. Çünki mən özümü bu insanla bir yerdə tapdım, ömrümü bu muzeydə şərəfli işə sərf etdim və Cavidlər ailəsinin qürurunu yaşadım.

Sizə minnətdarıq, hər şey üçün sağ olun. Mənalı ömür yolunuz davamlı olsun.

Müsahibəni apardı: Bektaşı Etimad