Gözəl və baxımlı görünmək hər bir qadının arzusudur. Lakin bu gözəllik bizim sağlamlığımız bahasına başa gəlməməlidir. Bu gün bir çox qadınlar baxımlı görünmək üçün qalıcı dırnaq boyaları və süni uzun dırnaqlara üz tutur. Üstəlik, varlı-kasıb fərq etməz, kimə baxırsan hamının dırnaqları standart olaraq belədir. Bunun üçün hər ay və demək olar ki, hər təbəqədən olan ailədə xüsusi bir büdcə ayrılır. Bəziləri də bunu tənbəllikdən etdirir. Çünki normal dırnaq boyalarından fərqli olaraq qalıcı dırnaq boyaları 1-2-3 ay və hətta daha çox dırnaqda qalır. Bu da qadınların işini asanlaşdırır.
Təsəvvür edin, bu sahəyə o qədər tələbat var ki, hətta əvvəl salonların içərisində bir masa icarəyə götürən dırnaq ustaları artıq bununla kifayətlənmir. Bu da müştərilərin həddindən artıq çox olması ilə əlaqədardır. Bu gün şəhərin bir çox küçələrində sırf dırnaq üçün xüsusi salonlar açılır.
Bəs, bu qalıcı dırnaq boyaları və süni dırnaqların insan həyatı üçün hansı zərərləri var?
SİA mövzu ilə bağlı araşdırma aparıb.
İlk olaraq qeyd edək ki, çox sadə görünən bu kosmetik tətbiqlər allergiya, göbələk xəstəlikləri və qalıcı dırnaq pozğunluqları ilə yanaşı dəri xərçəngi riskini də artıra bilir.
Nümunə:
2019-cu ildə 21 yaşlı ABŞ-lı model Karolina Jasko barmağında kiçik qara ləkə görmüş və bu an onun həyatında dönüş nöqtəsi olmuşdu.. Belə ki, Karolina Jasko barmağındakı ləkənin qaşınma olduğunu düşünərək onu qoparıb. Lakin sonra həyatının ən böyük sarsıntılarından birini yaşayıb.
Karolina Jasko 2018-ci ildə yaşadığı ştatı təmsil edərək, bütün dünyada tanınaraq ölkənin ən gözəl qadını seçilmək üçün yarışmaya qatılıb. Gənc qadın baxım üçün ayda iki-üç dəfə süni dırnaq taxdırıb və bu proses zamanı UV (Ultrabənövşəyi) şüalarına məruz qalıb. Lakin son ana qədər baş verənlərdən xəbərdar olmayıb.
O, əvvəlcə dırnağında qançır görüb, ancaq bunun qaşınma olduğunu düşünüb və onu soyub. Lakin bir həftə sonra həmin barmaq şişməyə başlayıb və gənc model həkimə üz tutub. Dermatoloqa müraciət etdikdən və biopsiyadan sonra Jasko dırnaqlarındakı tünd xəttlərin əslində dəri xərçənginin bir növü olan melanoma olduğunu öyrənib. Melanoma melanositlərdən əmələ gələn dəri xərçəngidir. Ultrabənövşəyi şüalar bu xərçəng növü riskini artıran amillərdəndir. 21 yaşlı Jasko bunun qarşısını almaq üçün şişin yerləşdiyi öz dırnaqlarını bütünlükdə çıxartdırıb. Bu halda o 1 il barmağının həmin hissəsini lentlə örtməyə çalışıb.
Gənc model çətin bir prosesdən sonra xərçəngdən xilas olmaqdan çox xoşbəxt olduğunu bildirib. Karolina Jasko, uzun müddət sonra yaşadığı bu hadisəni onunla eyni vəziyyəti yaşayan insanları məlumatlandırmaq üçün paylaşdığını söyləyib. Jasko bildirib ki, nə olursa olsun, insanlar özləri ilə barışıq olmalı və xəstəliyə heç vaxt təslim olmamalıdırlar.
Araşdırmalar göstərir ki, tibbi baxımdan qaynaq dırnaqlardan istifadənin bəzi şərtləri var. Məsələn, dırnaq batması problemi zamanı dırnağın rahatlamasına imkan verir. Anadangəlmə dırnaq itkisi olan insanlar estetik görünüş üçün də buna üstünlük verə bilərlər. Bundan əlavə, dırnaq yemə vərdişi olan insanlar üçün qaynaq dırnaqların istifadəsi faydalı ola bilər. Ancaq protez dırnaq prosedurunun mütəxəssis tərəfindən aparıldığına əmin olmalısınız. Çünki gigiyenik şərtlərin yerinə yetirilmədiyi və ya bacarıqsız insanlar tərəfindən edilən müdaxilələr dərinin və dırnaq quruluşunun qalıcı şəkildə pozulmasına səbəb ola bilər.
Dırnaqların nəfəs almasına mane olur
Qaynaq dırnaqlar və qalıcı dırnaq boyaları uzun müddət dırnaqda qalır. Təəssüf ki, zaman keçdikcə bu səbəbdən dırnaqlar nəfəs ala bilmir. Xüsusilə çatlamış, qırılan və incəlmiş dırnaqlara tətbiq edilən bu tətbiqlər zamanla dırnağın incəlməsinə, deformasiyaya uğramasına və sıradan çıxmasına səbəb olur. Üstəlik, bu göbələk xəstəliyinə də səbəb olur. Xüsusilə məhsulların istehsalında istifadə edilən kimyəvi maddələr dırnaqlarınıza ciddi zərər verə və göbələk infeksiyasının inkişafı üçün uyğun şərait yarada bilər.
Allergik reaksiyalardan ehtiyyatlı olun
Bildiyiniz kimi, akril dırnaqlar hazırlanarkən tərkibində müəyyən kimyəvi maddələr olan yapışdırıcılardan da istifadə olunur. Bəzi insanlar akril dırnağın özünə və ya yapışdırıcılarına qarşı allergik olur. Nəticədə, dırnaq deformasiyası və dırnağın yatağından ayrılması kimi problemlər yaranır. Bu səbəblə həssas dərisi olan insanlar proseduru edərkən çox diqqətli olmalıdırlar.
Son zamanlarda bir çox mütəxəssis ultrabənövşəyi işığın (UV) zərərlərinə diqqət çəkir. Bu xüsusilə də daimi dırnaq boyası tətbiqində istifadə olunur. UV şüaları yayan və qalıcı dırnaq boyasını düzəltmək üçün istifadə edilən lampalar, daimi məruz qalma ilə həyatımıza çox ciddi bir xəstəliyi dəvət edə bilər. Bunun ən əhəmiyyətli səbəbi, dırnaq yatağımızın ultrabənövşəyi şüalara məruz qalması üçün nəzərdə tutulmayan bir sahə olmasıdır. Bu cür tətbiqlərin hər mərhələsində dırnaqlarımız təxminən bir dəqiqə ultrabənövşəyi şüalara məruz qalır. Bu qədər ultrabənövşəyi şüa alan bölgənin gələcəkdə dırnaq yatağı xərçənglərinin artmasına səbəb ola biləcəyi ifadə edilir. Xüsusilə qeyd olunur ki, ildə bir neçə dəfə edilən tətbiqlər deyil, 3-4 həftədən bir nizamlı olaraq həyata keçirilən tətbiqlər bu riskin artmasına səbəb ola bilər. Məsləhət olunur ki, prosedur zamanı dırnaq sahəsinin ətrafına bol günəş kremi istifadə edəsiniz.
Digər nümunələr:
22 yaşlı gənc qız bildirir ki, qalıcı boya və süni uzun dırnaqları yalnız toydan-toya filan etdirir. O, prosesə səbrinin çatmadığını və bunun dırnaqlarına zərər verdiyini söyləyir: "Bir dəfə dırnağımı gellak, şellak, yaxud qaynaq etdirirəmsə, 3-4 ay onun cəzasını çəkirəm. Prosedurun müddəti tamamlandıqdan sonra dırnaqlarım nəfəs alsın deyə onları sökdürürəm. Bu halda da dırnaqlarım öz-özünə başlayır soyulmağa, qırılmağa və çatlamağa. Bərpa olması üçün də uzun zaman sərf edilir".
42 yaşlı bir qadın isə bildirir ki, müəllimə olduğu və hər gün işə yollandığı üçün dırnaqları daim baxımlı olmalıdır: "İki həftədən bir dırnaqlarımı qaynaq etdirirəm. Buna səbəb dırnaq dibinin tez uzanmağı və eyni dizayndan mənim tez sıxılmağımdır. Lakin təəssüf ki, bu dırnaqlarımda ciddi fəsadlara səbəb olub. Belə ki, dırnağım sanki ət kimi olub çox həssasdır, üzərinə ehmalca toxunduqda belə incinir. Bunlar hamısı etdirdiyim qaynaqların fəsadlarıdır. Halbuki, 50 manatlıq yerdə etdirirəm. Yenə də belə olur".
İngilis dermatoloq Deirdre Buckley bu yaxınlarda BBC-nin "Bu gün" proqramının qonağı olaraq bildirdi ki, bu gel dırnaq boyası tendensiyası dırnaqların boşalmasından tutmuş düşməyə kimi bəzi dəyişikliklərə səbəb ola bilər. O, bunun üz, boyun və döş qəfəsinin yuxarı hissəsində şiddətli səpgilərə, barmaqlarda yaralara və ya şişməyə səbəb ola biləcəyini söyləyib: “Dırnaqlarınızı qolunuza və ya üzünüzə toxundurmaq belə simptomların bu nahiyələrə yayılmasına səbəb ola bilər. Nəfəs almaqda çətinlik yarana və astma tutmaları baş verə bilər. Daha da pisi odur ki, orqanizm akrilatlara qarşı həssas ola bilər ki, bu da stomatologiyada, diabetik və ya ortopedik cərrahiyyədə istifadə edilən bəzi prosedurlara ömürlük həssaslığa səbəb ola bilər”.
Həkim əlavə etdi ki, allergiyası olan insanlar bu kimyəvi maddələrdən istifadə edərək tibbi prosedurlardan keçə bilməzlər. Gel və ya akril dırnaq taxaraq həssaslaşan xəstələrdə inkişaf edən allergiyanın diş müalicəsi sonrası üz şişməsinə səbəb ola biləcəyini söyləyən həkim, insanların istər salonda, istərsə də evdə tətbiq olunan süni dırnaq məhsullarının potensial risklərindən xəbərdar olmasının vacibliyini vurğuladı.
Gel dırnaqların sağlam və təhlükəsiz şəkildə tətbiqi üçün keyfiyyətli materiallardan istifadənin və prosesin peşəkar şəkildə həyata keçirilməsinin vacib olduğunu sözlərinə əlavə edən həkim, dırnaqların mütəmadi olaraq dincəlməsi və təbii şəkildə sağalmasına icazə verilməsinin lazım olduğunu bildirdi.
Əziz xanımlar, unutmayın ki, tənbəlliyin daşını ataraq evdə özünüz də səliqəli və baxımlı dırnaqlara sahib ola bilərsiniz. Bunun üçün heç də özünüzü riskə atıb hər 15 gün, yaxud bir aydan bir gözəllik salonuna getməyə ehtiyac yoxdur. Məsələn, uzun dırnaq sevən qadınlar süni uzun dırnaq əvəzinə dırnağın qırılmadan uzanması üçün dırnaq gücləndirici müalicəvi rəngiz dırnaq boyası formasında maddələrdən istifadə edə bilər. Səliqəli qısa dırnaq sevənlər də dırnaq manikuru üçün olan ləvazimatları alıb ev şəraitində dırnaqlarını formaya salıb ideal görünüş əldə edə bilər. Bunun üçün sağlamlığımızı təhlükəyə atmağa ehtiyac yoxdur.
Ayşən Vəli